Azad sözə qənim kəsilən Əliyev rejiminin növbəti hədəfi Seymur Həziyevlə görüşəndən sonra rayona çıxdım. Yol boyu qısa fasiləylə 42 ildi ölkəyə hakim kəsilən Əliyev kabusunun dəhşətləri haqda düşünürdüm, döyülən, söyülən, həbs edilən, öldürülən jurnalistlər xəyalımdaydı. Bir kövrək musiqinin qulağımı dələn sözləri məni fikirdən ayırdı. Sürücüdən xahiş etdim, geri çevirdi lenti, dinlədim:
Dərdlisən, gülməyirsən,
Göz yaşın silməyirsən
Gətir yazı, gəl, anam!
Deyəsən bilməyirsən,
Baharı gözləyirsən
Zindana yaz gec gəlir?
Üzeyirin şeiriydi, Üzeyir Məhərrəmlinin…
***
Illər öncənin söhbətidi. Nüsrət Kəsəmənli zəng etdi, “özünü təcili bura yetir” dedi.
Narahat olduğumdan anında qalxdım. Iş yerlərimiz yaxınıydı – heç iki dəqiqə keçmədi ki, Yazıçılar Birliyinə bitişik ofisindəydim.
– Yaxşı ki, tez gəldin. Qulaq as…
“Zindana yaz gec gəlir” şeirini oxudu, ağlaya-ağlaya. Şişirtmirəm, Kəsəmənlini tanıyanlar yaxşı bilir ki, o boyda can-cüssənin sahibi uşaq kimi yuxa idi. Amma bəlkə az adama bəllidi ki, onun bir şeirdən hıçqıra-hıçqıra ağladığı da olurdu.
– Indicə bir qadın gəlmişdi. Əri yoxdu, yeganə oğlu türmədədi. Bu şeirlər oğlunun türmədə yazdıqlarıdı, götürüb gəlib yanıma ki, baxım. Qadını yola salandan sonra oxudum şeirlərini – nə kövrək qəlbi varmış bu uşağın!
Xeyli şeir oxuyuruq – mən bir neçəsini götürüb qəzetin sabahkı sayındaca çap etdirmək üçün qalxıram, Şair (onu həmişə belə çağırardıq) kitab bağlamaq fikriylə işçilərinə tapşırıq verir…
***
“Əsgərlikdən dünyalarca sevdiyi anasını görmək üçün qaçıbmış. Iki gündən sonra geri qayıdanda fərari kimi həbs eləyiblər – nə yaşına baxıblar, nə ailənin tək övladı olmağına, nə də düşmənlə illərlə üz-üzə durmağına.
– Müstəntiq üç min dollar istədi. Sağ olsun, pis qiymətləndirməmişdi ömrümü – hər ilə min dollar. Nə qədər çalışdım izah edəm ki, vallah, nəinki üç ilim, heç bütün ömrüm o qiymətdə deyil, inanmadı…
Türmədən çıxandan sonra dostlaşmışdıq – gülə-gülə, zarafatla ömründən oğurlanmış 3 ilindən danışırdı Üzeyir…
***
O qədər mehriban, o qədər şirin qardaş idi ki! Nə vaxtsa kiminsə xətrinə dəydiyini təsəvvür belə eləmirdim.
Bir dəfə ayağını çəkdiyini gördüm. Dizdən aşağı ayağının çox ağrıdığını dedi:
– Türmə yadigarıdı – dabanımdan dəyənəklə o qədər vurublar, tromb” yaranıb.
Pis xəstəlik olduğunu təşvişlə deyəndə yenə zarafata saldı: “Həkimlər sağ olsun, həyatımı yüksək qiymətləndirirlər. Amma mənim o qədər pulum nə gəzir – heç iş tapa bilirəm ki!”.
“Bir ay ötməmişdi bu görüşümüzdən, eşitdim ki, ”tromb” ürəyinə çatıb…
***
Tələbə yoldaşım Ehtiram Cəlilov da beləcə öldü. Universiteti atıb cəbhəyə getmişdi, illərlə ermənilərə qarşı vuruşmuşdu… Döyüşdə, düşmən gülləsindən ölmədi ki! 2003 seçkilərində həbs olundu, buraxıldı və çayxanada, dostlarının yanındaca canını tapşırdı.
Ayağına döyülməkdən yaranan həmən xəstəlik ürəyini dayandırdı…
Rejim elə sistem qurub ki, şikəst etdiyi qardaşlarımızın müalicə almaq imkanı da olmur…
***
“Çoxdandı Azərbaycan özü boyda zindan olub, Üzeyir, daha bura yaz gəlmir ki! Bu hakimiyyət təkcə ölkənin yeraltı, yerüstü sərvətlərini talamır, ömrümüzü də oğurlayr. Bizim baharımız, yayımız hələ anadan olmamışdan əvvəl oğurlanıb. Biz yaşamırıq ki, Üzeyir, ömrümüzün qışını sürürük, çiləsini çıxarırıq!
Üzeyir, çilədən sonra bahar gəlməlidir, axı? Geciksə də, gəlməlidi də bu bahar, hə, qardaş?!.