«8 ballıq zəlzələ zamanı Tokioda cəmi beş-altı nəfər həlak oldu»
Yaponiyadakı təbii fəlakətdən sonra oradakı əcnəbilər sürətlə ölkəni tərk edirlər. Bugünlərdə Yaponiyada bizneslə məşğul olan həmyerlimiz Vüqar Ramazanov (ad şərtidir – E.H.) da Azərbaycana qayıdıb.
***
Vüqar bir neçə ildir ki, Yaponiyanın paytaxtı Tokioda bizneslə məşğul olurmuş. Martın 11-də baş vermiş zəlzələdən sonra da Vüqar oradakı işini davam etdirirmiş. Lakin radiasiya təhlükəsinin gündən-günə artdığını gördükdən sonra Vüqar da vətənə qayıtmağa qərar verib. Onun geri qayıtması üçün ailəsi də təkid edib. O, Bakıya “Türk Hava Yolları” vasitəsilə qayıdıb. Əvvəlcə Istanbula, oradan da Bakıya uçub. Bakıya qayıtması üçün 2500 manatdan çox xərci çıxıb. Bu da bilet çatışmazlığı ilə əlaqədardır. Aviaşirkətlərə zəng etdikdə bildirirlər ki, bilet yoxdur. Gərək növbədə dayanıb 2-3 gün sonraya bilet alasan. Bilet satılan kassaların qarşısında basabas yaranıb. Hər kəs bir zamanlar dünyanın ən gözəl, ən zəngin və yaşamalı ölkələrindən biri olan Yaponiyanı tərk etməyə tələsir.
“Zəlzələyə dözən binalar məni heyrətə gətirdi”
Vüqar deyir ki, zəlzələ olan vaxt, o, Tokioda olub. Silkələnməni hiss edən kimi çölə qaçmağa cəhd göstərib. Lakin təkanlar o qədər güclü olub ki, çölə çıxmaq mümkün olmayıb. O, birdən xatırlayıb ki, Yaponiyada zəlzələ zamanı çölə çıxmamaq məsləhət görülür. Ona görə ki, evin içində oturmaq bayıra çıxmaqdan təhlükəsizdir. Çünki Yaponiyada binalar elə tikilib ki, zəlzələ zamanı dağılmır.
Bundan əvvəl xırda zəlzələlər gördüyünü deyən Vüqar sonuncu zəlzələdən dəhşətə gəlib: “Elə bildim ki, bina yerlə-yeksan olacaq. Amma binaya heç nə olmadı”.
Zəlzələdən paytaxt Tokioda cəmi bir neçə nəfər ölüb. Bunun sirri, təbii ki, əsas etibarı ilə zəlzələyə davamlı binalardır: “Yaponlar qürurla bildirirlər ki, onların tikdiyi binalar 9 ballıq zəlzələyə davamlıdır. Əslində isə, mən maraqlandım, belə binaların tikilməsi o qədər də mürəkkəb iş deyilmiş. Bunu bütün ölkələrdə edə bilərlər. Amma etmirlər”.
Səfirlik azərbaycanlıları niyə geri göndərmir?
Həmyerlimiz deyir ki, Yaponiyadakı Azərbaycan səfirliyi oradakı azərbayanlılarla maraqlansa da, onların vətənə qayıtması üçün heç nə etməyib: “Şəxsən tanıdığım bir neçə tələbə var. Onlar Azərbaycana qayıtmaq üçün səfirliklə əlaqə saxladılar. Səfirlikdən demişdilər ki, sizin qayıtmağınızı təşkil etmək üçün gərək Azərbaycan prezidentinin göstərişi olsun. Tələbələrdən bəziləri məcbur olub öz hesablarına qayıtdılar ölkəyə. Bildiyim qədərilə səfirlikdən söz veriblər ki, onların yol xərclərini ödəyəcəklər”.
Rusları FHN çıxarır
Yaponiyada olan başqa xarici vətəndaşların çıxarılması üçün ölkələr durmadan çalışır. Bu yolda ən böyük çətinliyi isə Çin yaşayır. Çünki Yaponiyada çinlilərin sayı daha çoxdur. Rusların isə burdan çıxarılması ilə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məşğul olur. Bunu da Vüqardan öyrəndik.
Məğrur yaponlar
Vüqar deyir ki, Tokioda həyat olduğu kimi davam edir. Sanki heç nə baş verməyib. Küçələrdə təlaş hiss olunmur. Lakin marketlərdə qıtlıq yaranıb. Vüqar deyir ki, bəzən çörək növbələri yaranır. Yaponların özləri də ölkələrini tərk edirlər: “Kimin xaricə getmək imkanı varsa, çıxıb gedir. Bəziləri çalışır ki, radiasiyanın güclü olduğu yerdən maksimum uzaqlaşıb, ölkənin başqa əyalətlərinə getsinlər. Buna baxmayaraq yapon xalqı özünü çox soyuqqanlı aparır. Dövlət tərəfindən verilən bütün göstərişlərə əməl edirlər. Yaponlar başa düşürlər ki, bu faciədən xilas olmağın yeganə yolu təmkinli davranmaqdır. Onların üzlərində qorxunu hiss etmək mümkün deyil. Onlar öz güclərinə və dövlətlərinə inanırlar”.
Amma Vüqarın dediyinə görə, öz texnoloji uğurlarına güvənən və onunla qürur duyan yaponların qüruru sarsılmamış deyil: “Atom Elektrik Stansiyalarındakı qəza hətta sıravi yaponu da heyrətə gətirir ki, axı, bu necə ola bilər?! Və faciənin nəticələrinin aradan qaldırılması… Bu faciənin nəticələri obyektiv olaraq çox dəhşətlidir. Amma hər halda, yaponlar bu işlərin ləng getməsini milli faciə sayırlar. Görünür, Atom Elektrik Stansiyalarındakı qəzaların üstünə 100 faizlik ölümlə gedən yapon kamikadzelər də həmin milli qürur hissi ilə silahlanırlar”.
Elmin Həsənli