Susmağı bacarmırıq

Maskalı adamlar tərəfindən oğurlanaraq, sonra da başına torba keçirilərək “cəhənnəmə” gedən və  nəhayət yenidən sıralarımıza dönən həmkarımız Seymur Həziyevlə dünən xeyli zarafat etdik. Rövşən Hacıyev kimi ciddi adam elə lətifələr söylədi ki, gülməkdən Seymurun bədənindəki ağrılar şiddətləndi. Həkim dedi ki, xəstəyə lətifə söyləmək olmaz, güləndə əzilmiş əzələləri ağrıyır. Mənsə yol gedərkən Seymura zarafatla dedim ki, sağ olsunlar, səliqəli döyüblər səni, təkcə gülmək ziyanlıdır.
Ölüm təhlükəsi altında işləyib yaşayanların bu halı kiməsə qəribə görünə bilər. Amma qəribə görünməsin sizə. Reallıq budur, çox amansız sonucları göz altına almadan burada ola bilməzsən. Arada mən Seymur bəyin  çiyinlərini sıxıb dedim: “Bilirəm ki, çox çətindir bunları yaşamaq, amma əzminə, dözümünə görə sənə təşəkkür edirəm, əvəzsiz birisən. Təsəlli üçün söz tapmıram.”

Həmin anda onun “cəhənnəm gecəsi”ndə nə çəkdiklərini sanki gözlərindən oxudum. Elə bu an Seymurun çox səmimi bir cavabını eşitməli olduq:
–    Başqa nə edə bilərik ki?! Biz düz yolumuzla gedirik, getməliyik…

Bu cavabın üzərində düşünmək lazımdır. Azərbaycan hakimiyyəti illərdir jurnalistlərə, siyasi fəallara qarşı cinayətləri həyata keçirərkən məhz bu amili unudur. Adamlar var ki, onlar susmağı bacarmır. Bunu görürsünüz. Onlar üçün həqiqəti deməyin alternativi yoxdur. Onlar üçün həqiqəti söyləmək həyatın özüdür. Baxın, illərdir ağır basqılar görən mətbuatı susdurmaq mümkün olmadı. Ən çətin, ən ümidsiz günlərdə belə bunu etmək mümkün olmadı. Kimisə sıradan çıxarmaq gerçəkləşəndə isə, onu əvəz edən bir başqası hökmən tapıldı. 

Hakimiyyət təkcə üzərinə getdiyi adamları yox, onları əvəz edəcək naməlum adamları da düşünməlidir. Əsl həqiqət həmin naməlum adamlardır. Onlar həqiqəti susdurmağa imkan vermirlər.

Bir sözlə, biz susmağı bacarmırıq. Həm də ona görə ki, biz zorla susdurulsaq belə, bizi əvəz edənlər tapılacaq. Nəticə eyni deyilmi?! Elə bu məqamdaca bir inamımızı da deməliyik. Jurnalistlərə, siyasi fəallara, gənclərə qarşı bütün cinayətlər bir gün açılacaq. Açılmaya bilməz…

***

Biz susmayacağıq! Bu, bir inad, bir höcət deyil. Həqiqətin bir ölkə üçün çörəkdən də qiymətli olduğunu çoxdan anlamaq lazımdır. Biz illərdir deyirik ki, həqiqət olmayan ölkədə çörək də müşkülə dönür. Onda kimsə asanlıqla kiminsə çörəyini əlindən alır, haqsızlıq meydan sulayır. Görürsünüz ki, böyük neft sərvətləri bizim ölkəni uğura apara bilmədi. Çünki yalanla idarə olunur. Həqiqəti bu ölkədə illərdir ən ziyanlı şey kimi sıxışdırırlar. Həqiqəti deyənləri döyürlər, həbs edirlər, öldürürlər.
…Seymur Həziyevin başına keçirilən torba elə həqiqətin başına keçirilib.

***

Ilham Əliyev həqiqətin başına torba keçirməklə, onu gizlətməklə hakimiyyətdə qalmağa çalışır. Amma gecdir. Dünya əvvəlki deyil. O, yeni davranışlar, yeni taktikalar tələb edir. Yenə də polis zoru ilə xalqı yerində oturtmaq olar, cəmiyyətin fəallığını susdurmaq olar.  Bəli, mümkün variantlardan biridir. Rusiya kimi nəhəng bir ölkəni zillətə salan hakimiyyəti də buna ümid edir.  Bəs nə qədər çəkəcək bu? Əbədi olasıdırmı? Axı indi həqiqətlə dost olmadan hakimiyyətə qalxmaq, hakimiyyətdə qalmaq hər gün daha təhlükəli olur. 40 il hakimiyyətdə olanlar bunu bacarmadı. Tutaq ki, bu sürəc 5 il, 10 il də uzandı. Davamı necə olacaq?