Bir ölkədə ki:
– Vətənin 20 faizi işğal altında olduğu bir zamanda telekanallar cümlə əhalini səhərdən-axşama çal-çağırla, şoularla, seriallarla feyziyab edir;
– Əli silah tutan kişilər günçıxandan-günbatanadək Heydər parklarında, çayxanalarda çənə vurur, nərd, domino oynamaqla zaman öldürür;
– Bir seçki belə şəffaf və demokratik keçirilmir;
– Deputat mandatı pulla satılır;
– Məzahir Pənahov MSK sədridir;
– Zahid Oruc Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür;
– “Primadonna” Ilhamə Quliyeva kəndini millətin anası sayır;
– Sabir Rüstəmxanlı “ana müxalifət” lideridir;
– Iqtidar Asim Mollazadəni müxalifət hesab edir;
– Dövlətin başını aşağı edənlərin yaxasına “Şöhrət” ordeni taxılır;
– Alimlərin başı mədə problemlərini həll etmək üçün axtarışlara aludədir;
– Saray yazıçıları həndəsi silsilə ilə çoxalır;
– Məmurlar baş əyməyi ikiqat olmaqla əvəzləyib;
– Yüksək vəzifə sahibləri Azərbaycan dilində danışa bilmir;
– Müdafiə nazirliyinin rəhbərliyi qeyri-millətdən olanların nəzarətindədir;
– Rüşvət almayan görəv sahibini tanıyan yoxdur;
– Müəllimin gözü şagirdin əlinə, həkiminki xəstənin cibinə baxır;
– Yol polisi məmur balalarının qarşısında farağat dayanır;
– Dəllək müştəridən qat-qat çoxdur;
– Baş nazir xiyarın, prezident yumurtanın bahalığından danışır;
– “Zabit şərəfi” məfhumu dəyərdən düşüb;
– Qanun tayfa üzvləri, harın məmurlar qarşısında kəllə-mayallaq aşır;
– Kişilər toylarda “Iran təranələri” oynayır;
– Nazirlər oliqarxa çevrilib;
– Dövlət idarələrində rüşvət preyskurantı mövcuddur;
– Aylıq maaş və təqaüd bir həftə adam kimi yaşamağa bəs edir;
– “Azadlıq” hayqıranı azadlıqdan məhrum edirlər;
– Ictimai rəyə sadəcə, tüpürürlər;
– Oğrular rəyasət heyətində əyləşib;
– Müxalifətçilik həyati risq kimi dəyərləndirilir;
– Yaltaqlıq gəlir gətirən peşəyə çevrilib;
– QORXU idarəetmədə ən səmərəli silahdır;
– Yalan ayaq tutub yeriyir;
– Saxtakarlıq həyat norması kimi qəbul olunur;
– Dörd tərəf “ellər atası”nın portretləri, heykəlləri və büstləri ilə bəzənib;
O məmləkətdə bir gün:
– Bıçaq sümüyə dirəndiyindən tufan qopacaq və yer-yerindən oynayacaq;
– Cümlə narazılar – haqqı tapdalananlar, evi dağıdılanlar, işsizlər, aclar ayağa qalxacaq;
– Harınlardan, xalqa zülm edənlərdən, fironlardan, qoçulardan hesab sorulacaq;
– Və qardaş qanı töküləcək.
Misirdə, Tunisdə, Liviyada, Yəməndə, Suriyada olanlar təkrarlanacaq.
BUNA YOL VERMƏK OLMAZ.
Indi DÖVLƏT müdriklik etməlidir.
Hər şey ondan asılıdır.
DÖVLƏT istəsə, töküləcək qanın qarşısını alar.
Azərbaycanda demokratiyanı bərqərar edər.
Iqtisadi-siyasi islahatlara start verər.
Gerçək vətəndaş həmrəyliyinə nail olar.
Hər şey DÖVLƏTdən asılıdır.
O, ya XALQın tərəfinə keçməlidir, ya da harınları, oğruları, cinayətkarları müdafiə etməlidir.
Seçim dövlətindir.
DÖVLƏT birinci yolu seçərsə, XALQ onun arxasında olacaq.
Yox, ikinci yolu tutsa, bütün faciələrin məsuliyyəti onun boynunda qalacaq.
20 faiz ərazisi işğalda olan Azərbaycanın vətəndaş həmrəyliyinə böyük ehtiyacı var.
Hava və su kimi.