«Masallı Mamed»ə heykəl qoyacaqlar

«Bratva» qanuni oğrunun məzarı üstündə «Sabirabadlı Hikmət»ə qoyulan abidənin eynisini ucaltmağı qərara alıb

Mərhumun ölümündən 7 gün ötdü

Bu gün azərbaycanlı “qanuni oğru” “Masallı Mamed”in 7 mərasimidir. Əldə etdiyimiz məlumatlara görə, mərasimə xeyli sayda adamın qatılacağı gözlənilir. Bildirilir ki, MDB ölkələrindən “qanuni oğrular”la yanaşı, bir sıra tanınmış simalar da mərasimdə iştirak edəcək.
“Masallı Mamed”in dəfn günü yaşanan izdiham bu gün də təkrar olunacaq. Oxucuların diqqətinə çatdıraq ki, “qanuni oğru”nun dəfn mərasimində 10 mindən artıq insan iştirak edib. Onların arasında tanınmış sənət adamları da olub.
Məlumatlarda həmçinin bildirilir ki, “Masallı Mamed”in məzar daşının hazırlanması ilə bağlı tanınmış heykəltəraşlardan biri ilə aparılan danışıqlardan sonra qərara gəlinib ki, ona  bir neçə il əvvəl qətlə yetirilən “qanuni oğru” “Sabirabadlı Hikmət” kimi heykəl qoyulsun. Heykəlin görünüşünə gəlincə, bu, “Sabirabadlı Hikmət”ə ucaldılan abidənin eynisi olacaq. Mərhumun il mərasiminə kimi bu məsələnin həll edilməsi qərara alınıb.
Xatırladaq ki, “Masallı Mamed” martın 20-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.

İnformasiya şöbəsi