Paytaxt sakinləri hakimiyyətin dediklərinin əksini söyləyir
«Müxalifət tez-tez aksiyalar keçirməlidir»
İctimai Palatanın (IP) Koodinasiya Şurası kütləvi aksiya üçün Bakı Şəhər Icra Hakimiyyətindən “Nərimanov” kinoteatrının qarşısındakı meydanı istəyib. Təyin edilən vaxta bir neçə gün qalsa da, meriyadan hələ cavab gəlməyib. Cavab gəlməyəcəyi, yaxud “yox” deyiləcəyi təqdirdə mitinq Fəvvarələr meydanında keçiriləcək.
2 aprel mitinqi səs-küyə səbəb olub. Artıq cəmiyyətin müəyyən qrupları bu mitinqdə iştirak edəcəklərini bildirirlər. Məsələn, “11 mart Böyük Xalq Günü”nün təşkilatçıları 2 aprelə dəstək verdiyini açıqlayıblar. Bundan əlavə, Facebook paylaşım şəbəkəsində gənclər 2 apreldə meydana çıxacaqlarını nümayiş etdirirlər.
Bəs paytaxt sakinləri necə, 2 aprellə bağlı nə düşünür? Hökumətin tez-tez işlətdiyi “müxalifətin icazəsiz aksiyaları insanların rahatlığını pozur” ifadəsində həqiqət yükü nə qədərdir? Ümumiyyətlə, əhalinin 2 aprel mitinqi ilə bağlı məlumatı varmı? Bu və başqa suallara aydınlıq gətirmək üçün metronun “Nəriman Nərimanov” stansiyasının və Fəvvarələr meydanının ətrafında gəzişən sakinlərlə söhbət etdik.
Öncə Nərimanov parkına üz tutduq. Ilk müsahibimiz 61 yaşlı Fəridə Atakişiyeva oldu. Fəridə xala müxalifətin mitinqini dəstəklədiyini söyləyir: “Qoy keçirsinlər. Heç kimin heç kəsə mane olmağa haqqı yoxdur. Əgər insanlar bir yerə toplaşıb öz fikirlərini səsləndirmək istəyirsə, buna normal yanaşmaq lazımdır”.
25 yaşlı Hüseyn Hüseynov 2 aprel mitinqindən xəbərdardır. Deyir ki, paytaxtda olsa, mitinqdə iştirak edəcək: “Nəinki müxalifət, hakimiyyətdən narazı olan hər kəs etiraz aksiyası keçirməlidir. Hər kəsin sərbəst toplaşmaq azadlığı var”.
Hüseyn deyir ki, kiminsə etiraz aksiyası keçirməsi nə ictimai asayişi, nə də əhalinin rahatlığını pozur: “Necə olur ki, YAP özünə gərək olanda başına adam toplayıb aksiya keçirə bilir, amma onlardan narazı olanlar keçirə bilmir. Bu, heç bir məntiqə sığmır”. Müsahibimiz müxalifətdən 2 aprel mitinqində böyük izdiham gözlədiyini də dilə gətirdi.
Fərman dayı da müxalifətin planlaşdırdığı mitinqi dəstəklədiyini deyir. Onun sözlərinə görə, müxalifət tez-tez aksiyalar keçirməlidir: “Kim deyirsə ki, müxalifətsiz meydana çıxmaq lazımdır, yalan söhbətdir. Mən belə söhbətləri heç yaxına buraxmıram. Düşünürəm ki, müxalifət liderləri öndə olmalıdır. Xalq onların arxasınca getməlidir. Müxalifət tez-tez aksiyalar keçirməlidir. Yalnız bu yolla nəsə əldə etmək mümkündür. Bəlkə bundan sonra hakimiyyət hansısa güzəştlərə gedər. Mən bir vətəndaş olaraq 2 aprel mitinqində iştirak edəcəm və hər bir kəsi öz haqları uğrunda savaşa səsləyirəm”. Fərman dayı deyir ki, bu etiraz aksiyaları sadə vətəndaşların rahatlığını heç vaxt poza bilməz, rahatsız olanlar hakimiyyətdəkilərdir.
58 yaşlı Hakimə xala da mitinqə normal baxdığını deyir. Onun fikrincə, hər kəsin “Azadlıq”, “Demokratiya”, “Istefa” şüarlarını səsləndirmək haqqı var.
Reportaj üçün ikinci məkana – Fəvvarələr meydanına üz tutduq. Söhbət etdiyimiz paytaxt sakinlərinin, demək olar, hamısı müxalifətin mitinqinin onların istirahətlərinə mane olmadığını söylədi.
Bakı Dövlət Universitetinin Hikmət adlı tələbəsi deyir ki, müxalifətin mitinq keçirməsinə normal baxır. O da düşünür ki, aksiyalar keçirilməlidir.
Müsavatın 12 mart aksiyasında insanlar “Azadlıq”, “Istefa” hayqıranda YAP-çı deputatlar – Mübariz Qurbanlı, Siyavuş Novruzov “Pizza Inn”ə təşrif buyurub həm pivə içirdilər, həm də mitinqə göz atırdılar. Adı çəkilən kafe qiymət sarıdan bahalı yer olduğu üçün ora da baş çəkdik. Hətta burada da insanlar müxalifətin mitinq keçirməsinə normal baxdığını, heç kəsin onların istirahətinə maneə yaratmadıqlarını bildirdilər”.
Elçin Hüseynov müxalifətin 2 aprel mitinqinə böyük ümidlər bəslədiyini, bunun böyük dəyişikliklərin başlanğıcı olduğunu deyir.
Ramin DEKO