Ərəb dünyasındakı inqilab dalğasının əhəmiyyətini anlamayanların, bunun ötəri bir proses olduğunu düşünənlərin olduğunu bilirəm. Hətta belələri az da deyil. Əksinə, çoxdurlar, kifayət qədərdirlər. Bəziləri cahilliyindən belə düşünür, bəziləri ümumiyyətlə, ictimai proseslərə ümidini, inamını itirdiyindən.
Əslində isə biz ərəb inqilablarının baş verdiyi bir dünyanın sakini olduğumuza, bu nəhəng, bəşəriyyət üçün əvəzsiz proseslə eyni zamanda yaşadığımıza görə taleyimizə çox minnətdar olacağıq. Zarafat deyil, tarixin Mübarək, Qəzzafi kimi ağır tonnajlı diktatorlarının, qansızlığın və amansızlığın simgəsinə çevrilmiş liderlərinin birbəbir gorbagor olduğu, cəhənnəmə vasil edildiyi günlərdən keçirik. Və bunu kitablardan oxumur, xatirələrdən dinləmir, bizzat yaşayırıq.
Ərəb inqilablarının bəşəriyyətə verəcəyi töhvəyə bu gün şübhəsi olanlar nə qədər yanıldıqlarını əlbəttə, gec-tez anlayacaqlar. Bu inqilab dalğasının dünyanın azadlıq xəritəsinin genişlənməsində nə qədər böyük rol oynayacağını çox keçməz, yenə birlikdə görərik.
Amma indi demək istədiklərim başqadır. Dünən qəzetlərdən hətta özbək diktatoru, gönüqalınlıqda, eşşəkgüdənlikdə tayı-bərabəri olmayan Islam Kərimovun da ərəb inqilabarından altını batırıb, islahatlara başlamaq fikrinə düşdüyünü ləzzət almadan oxumaq mümkün deyildi. Bu, ərəb devrimlərinin ciddiyyətini anlamayan, anlamaq istəməyən hər kəsə əla bir cavabdır. Hətta Islam Kərimov kimi qalın qabırğalının, yekəbaşın biri belə, artıq səksəkə içindədirsə, təlaşlanıbsa, onda görün, bu zalım və zülmkar tiranlar dünyasının vəziyyəti nə qədər ağırdır.
Hə, bu arada Ilham Əliyevin gülməli antikorrupsiya tədbirlərinin belə ərəb inqilabları ilə əlaqəsi olmadığını iddia edənləri də ifşa etmiş oldu Islam Kərimov. Demək istədiyim odur ki, Islam Kərimov kimi birisi bu qədər qorxubsa, görün, kral hansı hallara düşür.
Şans yenə məndən qaçdı
Hay daaaaa… Indi ha bu gün, ha sabah döyülmək, şərlənmək, cibinə nəşə atılmaq, üzünə qız durğuzulmaq, başına armatur endirilmək, ayağının üstündən maşın sürülmək növbəsi mənə çatar deyə xəyallar qurarkən bunlar neylədi? Götürüb Seymur Həzini şillə-təpiyin altına saldılar. Şəxsən buradan Seymura heyranlığımı və qibtə hissimi bəyan edir, gözaydınlığı verirəm. Inşallah, bəyin üzünə gülən bəxt bizə də gülər, canımız bəzi adamların axmaq ittihamlarından qurtular.
Məsələn, mən özüm “bunca kəskin yazılar yazırsan, xeyir ola, səni tutmurlar, döymürlər” janrında qınaqlardan boğaza yığılmışam. Tutulmadığım, döyülmədiyim müddətcə də haqlı ola-ola haqsız duruma düşürəm, qulağıma cürbəcür versiyalar çatır. O versiyaların başında isə guya hakimiyyəti elə hakimiyyətin öz izni, icazəsi ilə tənqid etməyimə dair abdal şübhələr gəlir.
Artıq belə boşboğazlıqlardan bezmişəm. Hər gün yuxudan durub “Ey böyük Tanrım! Bu gün mənə döyüləcəyim, şərlənəcəyim, həbs ediləcəyim bir gün qismət elə!” deyə dua edirəm. Amma bu qədər dua qarşılığında nə oldu? Hakimiyyət getdi başqa bir arxadaşımızı tokatladı. Yəqin bundan sonra Seymur bəy millət arasında alnıaçıq, üzüağ dolaşar, ondan şübhəsi olanların çəpəki baxışlarının ağırlığından xilas olmağın mutluluğunu doya-doya yaşayar.
Mənsə kənardan mənə birtəhər baxanların, “bir halda ki, bu adam rejimin qabırğasına bu qədər döşəyir, hakimiyyətə itin sözünü deyir, ona niyə barmağının ucu ilə toxunmurlar, ona niyə güldən ağır söz demirlər” deyə şübhəli nəzərlərini üzərimdən əskik etməyənlərin tənə və qınağı altında əzilməkdən, bir də “sıradakı şərlənən, döyülən, həbs olunan bəxtəvər inşallah, mən olaram” deyib özümə təsəlli verməkdən başqa bir şey qalmır.
Bəsit sualın ondan da bəsit cavabı
Keçənlərdə bir gənc dostumuz soruşdu:
– Bu qədər Ilham Əliyevdən yazırsan, yorulmursanmı?
Mən də cavab verdim:
– Bəs o xalqı bu qədər əzir, ölkəni bu qədər sümürür, yağmalayır, yorulmurmu?