“Azadlıq”ın şərhçisini oğurlayıb vəhşicəsinə döydülər

Seymur Həzi: «Məndən ancaq və ancaq İlham Əliyevdən yazmamaq tələb olunub» (VİDEO)

«İlham Əliyev dəqiq bilməlidir ki, Azərbaycan onun deyil, atası ona yalnız hakimiyyəti verib»

“Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi martın 25-dən 26-na keçən gecə qaçırılaraq vəhşicəsinə döyülüb. Bu hadisə ilə bağlı ötən gün mətbuat nümayəndələrinin və ictimai fəlların iştirakı ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda tədbir keçirildi.

“Bu, qaba və vəhşi cinayətdir”

“Azadlıq”ın baş redaktoru Qənimət Zahid Seymur Həziyə qarşı törədilənləri “vəhşi və qaba bir hadisə” adlandıraraq, olayın hakimiyyətdə təmsil olunanların göstərişilə baş verdiyinə şübhə etmədiyini vurğuladı: “Son zamanlar hakimiyyət əvvəlki qaba ənənələrini bərpa etməyə başlayıb. Biz beynəlxalq aləmin diqqətini bu qabalığa, vəhşiliyə yönəltməli, qarşısının alınmasına nail olmalıyıq”.
Qənimət Zahid bildirdi ki, hakimiyyətin bütün resurslarını jurnalistlərə qarşı işlətməsi şərəfsiz bir davranışdır və bu cür qanunsuzluqlar ciddi müzakirə olunmalıdır: “Bir etirazlara başlamalıyıq. Cəmiyyətin və beynəlxalq birliyin diqqətini Azərbaycan hakimiyyətinin antihumanist mahiyyətinə cəlb etməliyik”.

Qara maskalılar

Hadisənin necə baş verdiyi barədə toplantı iştirakçılarını Seymur Həzi özü məlumatlandırdı. O bildirdi ki, işdən bir qədər gec çıxdığından metronun “20 Yanvar” stansiyasının yaxınlığından evə taksi ilə getməli olub: “Adətən işdən gec çıxanda ”20 Yanvar”da taksiyə 1 manat verib yaşadığım Ceyranbatan qəsəbəsinə gedirəm. Qəsəbənin kənarında düşüb təxminən 200 metrlik məsafəni piyada gedirəm. Dünən də belə etdim. Taksidən düşəndən sonra təxminən 50-60 metr getmişdim ki, yolun üstündə qara rəngli “Mersedes” markalı mikroavtobusun dayandığını gördüm. Qapısı açıq olduğundan şübhələndim. Geri dönmək istədim, gördüm ki, arxadan 2 nəfər idmançı görkəmli şəxs gəlir. Yan küçəyə tərəf getmək istədim, ordan da 2 nəfərin gəldiyini gördüm. Maşından da 2 nəfər düşdü. Altısı da qara maskalı idi. Üstümə gəlib başıma qara torba keçirdilər. Torbanı başıma keçirəndən sonra boynuma “skoç”la bağladılar. Əllərimi də burub “skoç”la bağladılar, döyə-döyə maşının döşəməsinə atdılar. Maşında 20-25 dəqiqə yol gedəndən sonra məni bir otağa apardılar”.
S.Həzi deyir ki, onu döyənlərin bir tələbi olub: “Dəfələrlə deyirdilər ki, ”ağıllı ol”, “özünü yığışdır”, “yazı yazma”. Otaqda başımdan torbanı çıxarıb döyürdülər. Üzümə vurmurdular. Gecə 3-ün yarısı məni başıma torba keçirilmiş, əllərim “skoç”lanmış vəziyyətdə maşından yerə atdılar. Çantamı da yanıma tullayıb getdilər. Təxminən 7-8 dəqiqə sonra əllərimi aça bildim. Başımdan torbanı çıxarıb bir qədər gedəndən sonra bir qarovulçuya rast gəldim. Vəziyyətimi görüb nə baş verdiyini soruşdu. Ona başıma gələnləri danışdım. Üstümdəki telefonların hər ikisini götürdüklərindən heç yerə zəng edə bilmirdim. Qarovulçudan harada olduğumu soruşdum. Dedi ki, kənd Binəqədidə avtobusların dayanacağındayam. Qorxusundan mənə yaxınlarımla danışmağa telefonunu vermədi. Amma yolu göstərdi. Yola çıxıb taksiyə oturdum və evimə gəldim”.

“Bu cür kişiliyə sığmayan hərəkətlərlə bizi yolumuzdan döndərə bilməyəcəklər”

Hadisə zamanı Seymur Həzinin üstündəki kompüteri açaraq, oradakı müəyyən məlumatları, o cümlədən AXCP-nin 2011-ci il üçün fəaliyyət planını götürüblər: “Fəaliyyət planı 2 nüsxədə idi. Birini götürüblər. Bu hadisəyə kimi də məni 3 dəfə vəhşicəsinə döyüblər. Tələbləri də ancaq və ancaq Ilham Əliyevdən yazmamağımla bağlı olub. Bilirsiniz ki, mən yalnız Ilham Əliyevin apardığı siyasətlə bağlı sərt tənqidi yazılar yazıram. Onun heç bir əsabəsinin adını çəkmirəm. Yalnız Ilham Əliyevin özünü tənqid edirəm. Məni 2010-cu il mayın 15-də həbs edib Binəqədidəki inzibati qaydada həbs olunanların saxlanma yerinə aparmışdılar. Mayın 17-də isə 2 saat ayağımdan asılı vəziyyətdə saxlayıb işgəncə vermişdilər. Həmin vaxt da tələbləri bu idi ki, Ilham Əliyevdən yazmayım. Deyirdilər kimdən istəyirsən yaz, Ilham Əliyevdən başqa. Mən onda da demişdim, indi də deyirəm ki, yazacağam. Bu cür hərəkətlərlə bizi qorxuda bilməzsiniz. Biz bu ölkədə yaşamaq, uşaq böyütmək istəyirik. Azad yaşamaq istəyirik. Bu cür hərəkətlər, vəhşiliklər Ilham Əliyevin şəxsiyyətini açıb göstərir.
Mənə qarşı ən ləyaqəsiz hərəkətlər olsa belə, mən bu haqq yoldan dönən deyiləm. Mənə “ağıllı ol” deyənlərin ağsaqqalları ilə açıq diskussiyalara hazıram. Bu cür kişiliyə sığmayan hərəkətlərlə bizi yolumuzdan döndərə bilməyəcəklər. Evimə getdiyim zaman oğurlanarkən düşündüm ki, mən erməni girovluğuna düşmüşəm. Həmin adamlar azərbaycanlı deyillər. Ilham Əliyev dəqiq bilməlidir ki, Azərbaycan onun deyil, atası ona yalnız hakimiyyəti verib”.

“Bu işlərin arxasında Ilham Əliyev dayanır”

AXCP sədri Əli Kərimli baş verənlərə görə məsuliyyətin birmənalı şəkildə hakimiyyətin üzərinə düşdüyünü vurğuladı: “Bu hadisəni Azərbaycan hakimiyyətinin qorxusunu biruzə verməsi kimi qiymətləndirirəm. Bu işlərin arxasında Ilham Əliyev dayanır. Artıq Azərbaycanı xilas etmək vaxtıdır. Azərbaycan hakimiyyəti qorxu, həyəcan içindədir. Ukraynada Qonqadzenin qətlindən sonra baş verənlər göstərdi ki, heç bir cinayət cəzasız qalmır. Mən buradan Azərbaycan hakimiyyətindəkilərə səslənirəm: bataqlığın içindəsiniz, nə qədər çox cinayət törətsəniz, özünüzü bir o qədər batırmış olursunuz. Qonqadzenin işində icraçılar sifarişçilərin üzünə dayanır. Azərbaycanda da həmin gün uzaqda deyil. Buradan icraçılara deyirəm: qanunsuz əmrləri yerinə yetirməyin, çünki qanunsuz əməlləri yerinə yerimək siz məsuliyyətdən azad etmir”.

Törətdiyiniz cinayətlər yetər!

Azərbaycan hakimiyyətinin son vaxtlar gənclərə qarşı qanunsuz addımlarını tənqid edən Əli Kərimli bunu “sabaha qarşı savaş açmaq, odla oynamaq” kimi qiymətləndirib: “Bu od onları yandıracaq. Vaxt vardı siyasi partiyalara qarşı bu cür zorakı hərəkətlərə yol verilirdi. Sonra da jurnalistlərə keçdilər. Eynulla Fətullayev bu gün də qanunsuz olaraq həbsdədir, Qənimət Zahid, Mirzə Sakit qanunsuz həbsə atılıb. Indi də Azərbaycanın perspektivli gənclərini hədəf seçiblər. Bu gün Bəxtiyar Hacıyev, Cabbar Savalanlı həbsə alınıb, ölkədən kənarda Elmar Şahtaxtinski, Həbib Müntəzir təqib olunur. Bir qədər əvvəl Emin Milli, Adnan Hacızadəyə qarşı baş verənlər də bu qəbildən olan təqiblərdir. Hakimiyyət bu cür hərəkətləri ilə öz sonunu labüd edir. Hakimiyyətdəkilərə səslənirəm: törətdiyiniz cinayətlər yetər! Biz bunu istəmirik. Biz bu hadisənin arxasında hansı hüquq-mühafizə orqanının dayandığını bilirik. Onlara çağırış edirəm: bilin ki, Əliyevlər sülaləsi əbədi qalmayacaq və heç kim icraçıları bağışlamayacaq. Bu cür hərəkətlərlə mübariz Azərbaycan gəncliyini qorxutmaq mümkün olmayacaq. Səid Nurinin, Ruslan Bəşirlinin həbsləri göstərdi ki, Azərbaycan gəncliyini haqq yoldan döndərmək mümkün deyil”.

***

Daha sonra çıxış edən “Turan” Informasiya Agentliyini direktoru Mehman Əliyev, tanınmış köşə yazarı Şahvələd Çobanoğlu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı,  Media Hüququ Institutunun direktoru Rəşid Hacılı Seymur Həziyə qarşı törədilən cinayəti pisləyən çıxışlar etdilər. Çıxışlarda bildirildi ki, repressiya ilə cəmiyyətdə qorxu yaratmaq cəhdləri səmərə verməyəcək.
Müzakirələrin sonunda S.Həziyə qarşı törədilənlərə etiraz bəyanatı qəbul olundu. Mediaya qarşı basqıların daha geniş auditoriyada müzakirə olunması üçün növbəti həftə forum keçirilməsi qərara alındı.

Espertizanın rəyi

Dünən günün ikinci yarısında Seymur Həzi Kliniki Tibbi Mərkəzdə ekspertizadan keçib. O, ekspertizadan keçərkən yıxıldığını söyləyib. S.Həzi keçmişin pis təcrübəsini nəzərə alaraq, həkimlərə yıxıldığını deyib: “Dəfələrlə şahidi olmuşuq ki, siyasilərin, jurnalistlərin ekspertizası zamanı düzgün rəy verilmir. Buna görə də mən hüquqşünasların məsləhətinə əməl edərək ”yıxıldığımı” bildirdim və rəy aldım”.
Kliniki Tibbi Mərkəzdən verilən rəydə Seymur Həzinin “döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzildiyi” təsdiqlənib.

Ramil Usubova müraciət

Dünən axşam saatlarında “Azadlıq”ın baş redaktoru ilə əlaqə saxlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov Seymur Həziyə qarşı olayı sərt şəkildə pislədiyini və hadisədən təəssüfləndiyini söyləyib. “Mən Bakıda deyiləm. Buna baxmayaraq, Şuranın əməkdaşlarına tapşırdım ki, təcili olaraq daxili işlər naziri Ramil Usubova Mətbuat Şurasının adından müraciət hazırlasınlar. Biz bu işin istintaqının üzərində ciddi ictimai nəzarət tətbiq etməli, cinayətkarların tapılıb cəzalandırılmasına nail olmalıyıq”, – deyə Mətbuat Şurasının sədri bildirib.

Natiq