Elmar Vəliyev bir müddət əvvəl gənclərin məscidlərə girişinə yasaq qoymuşdu, indi də binaların artırmalarını sökdürür
Bir ay öncə Yevlaxdan Gəncəyə transfer olunan icra başçısı Elmar Vəliyev özünəməxsus addımları ilə gəncəliləri heyran edib. Belə ki, bir müddət əvvəl gənclərin məscidlərdə ibadət etməsinə qoyduğu yasaqdan sonra o, ölkənin ikinci ən böyük şəhərində “ad-san” çıxarmışdı. Dünən isə E.Vəliyev yenidən gəncəlilərin diqqətini özünə cəlb edib.
Ötən gün səhər saatlarından şəhər ərazisindəki binaların artırmalarının sökülməsinə başlanılıb. Sakinlərdən birinin “Azadlıq”a verdiyi bilgidə deyilir ki, yüzlərlə insan icra başçısının bu addımına etiraz ediblər. Bilgi verən şəxsin sözlərinə görə, onlar yerli telekanalları, o cümlədən ANS, ATV-nin yerli şöbələrini hadisə yerinə çağırsalar da gəlməyiblər: “Söküntü aparılarkən kompensasiyanın verilməyəcəyi söylənilir. Niyəsini soruşduqda deyirlər ki, qanunsuz tikili olduğu üçün pul ödənilməyəcək. Əgər qanunsuz tikinti idisə, niyə zamanında qurumlar buna reaksiya vermədilər?”.
Qaynağın dediyinə görə, icra başçısının bu addımına etiraz edən qadınların bir neçəsi saxlanılıb: “10-a yaxın qadın polis bölməsinə aparılıb. Əsasən Nəriman Nərimanov küçəsindəki binaların artırmaları sökülür. Buldozerlərlə evləri dağıdırlar. Hətta bir qadın özünü yandırmaq istəsə də, polislər buna imkan verməyib, ancaq onu bölməyə də aparmağı unutmayıblar”.
“20 ildir mənzilimizdə artırma var. Gəncəyə neçə icra başçısı təyin olunub, ancaq heç biri belə bir addım atmayıb. Elmar Vəliyev gələn kimi özünəməxsus addımlar atır” – bunu da sakinlərdən biri deyir.
Sakinlər “Azadlıq” radiosuna bildiriblər ki, mənzilləri darısqal olduğundan yerli icra strukturlarının razılığı ilə artırma işləri aparıblar. Bu söküntülərə yalnız bir şərtlə razılıq verirlər ki, kompensasiya ödənilsin.
Gəncə polis idarəsinin rəisi Rasim Musayev isə “Azadlıq” radiosuna mənzillərdə artırma işlərinin sökülməsini təkzib edib. O deyib ki, binaların qarşısında səki düzəldilir və heç kim saxlanmayıb.
Ramin DEKO