Novruz gözəlləməsi

Toyuğun yumurta doğması… Azərbaycan hakimiyyətinin korrupsiyaya qarşı “mübarizə”si…

Onda “Mişka”nın gözündən yaş axırdı. Şəkildəki “Mişka” göyə baxanlara əl yellədirdi. Eynən Sumqayıtdakı kimi. Allah bilir Sumqayıtda havaya qalxan o şar uçub-uçub hansı xarabalığa düşəcək. Bəlkə də hansısa yıtıcı quşun dimdiyinə toxunub “Bəxtiyar” filmindəki Yusifin şampanları kimi vaxtsız partlayacaq. Deyirəm, nə yaxşı, bayram azarkeşi, 45-46 metrlik tort həvəskarı Eldar müəllim özüylə Gəncənin Novruz atributlarından olan dəvələri, igid süvariləri Sumqayıta gətirməyib. Yoxsa komsomol şəhəri, sovet törəməsi Sumqayıtda dəvə əcaibdən də əcaib görünərdi. Yeri gəlmişkən, kişi şəhərdən çıxandan Gəncənin zibili dizə çıxır. Milli paytaxtımızı təmiz saxlayan şəhər kommunal xidmətinin işçiləri yox, icra başçısının özü imiş. Yelmar Vəliyev hələ Gəncəyə uyğunlaşa, özünü yuxarılara göstərə, şəhər sakinlərinə tanıda, onların gözünün odunu ala bilməyib. Adam necə çaşıb-ilişib qalıbsa, Novruz ərəfəsi ekranlarda gözə dəymədi. Heç beş-on tonluq Gəncə paxlavasından da xəbər-ətər yoxdur. Ümid bu günədir. Əvəzində Daşkəsən camaatı kefə baxır – təzə başçı rayona kəndirbaz yerinə sirk apartdırıb. Onun da ağlı oracan çatır.

Urus, bu toyuq bu yumurtanı doğub…

Hər kəsin dodağını qaçıran bu ifadə telekanalların Novruz efirinə yaraşıq verən “Dəli Kür” filmindəndir. ITV-də filmlə bağlı maraqlı bir verilişə baxdım. Deyəsən təkrar verirdilər. Verilişdə sovet senzurasının filmdən çıxartdırdığı bəzi epizodlar da yer almışdı. Əslində bu sayaq verilişlər silsilə şəklində hazırlanmalıdır. O ki qaldı toyuğun yumurtanı “doğmasına” – diqqətimi çəkən məhz bu ifadədir. Toyuğun yumurta doğması Azərbaycan hakimiyyətinin korrupsiyaya qarşı “mübarizə”sinə və bu “mübarizə”ni dəstəkləyən “xalqın səsi”nin telekanallarda yenidən eşidilməsinə, avaragor adamların hökuməti tənqid edən müxalifətə qarşı kəskin addımlar atmağa səsləməsinə, AzTV-də Ibrahim Məmmədovun hər axşam “inqilab çağrışları” əleyhinə veriliş hazırlamasına bənzəyir. Bu, yumurtlamaq deyil, yumurta döyüşdürən uşağın dilindən çıxan həmin o söz deməkdir. “Həftə”ni gözləməyə səbri çatmayıb “Xəbərlər”i həftələşdirən, “Əsas məsələ”də, “Günün nəbzi”ndə sosial şəbəkələrdə xalqı zülmdən qurtulmaq üçün inqilaba səsləyən cavanları atəşə tutan aparıcının ilk baxışda səsi, qulaq asanda fikirləri, baxanda seçib göstərdiyi kadrlar adamın mahiyyətini ortaya qoyur. Məqsəd nə yolla, hansı forma və səviyyədə olur-olsun dünyada yaşanan inqilablarla bağlı narahatçılıq keçirən hakimiyyətin qulluğunda durmaq, onu tərifləyib göyə qaldırmaqdır. I.Məmmədovu bunca mənasız, məntiqsiz bilməzdim. Misir, Tunis, Liviya inqilablarından danışarkən belə çevrilişlərin Azərbaycanda baş verə biləcəyini heç bir dəlil, sübut göstərmədən, əsaslandırma aparmadan inkar edən politoloq-jurnalist diktatorların taladığı var-dövlətin onsuz da sonda xalqa çatmayacağını əsas gətirərərk milləti açıq mübarizədən çəkindirməyə çalışır. “Hüsnü Mübarəkin, Bin Əlinin, Müəmmar Qəzzafinin yağmaladığı milyardların tapılmamasının, hesabların xarici banklarda dondurulmasının sadə vətəndaşlara nə xeyri var?”-deyə soruşur hamıdan çox danışmağı sevən aparıcı. Yəni o pul sənə çatmayacaqsa, diktaturaya, diktatora qarşı çıxmağın mənası yoxdur. Məmmədovun fəlsəfəsi belədir. Maddi qazanc yoxdursa, demokratiya, azadlıq, ictimai bərabərlik uğrunda mübarizəyə başlamağa dəyməz. Hər zaman yazıram, bu hakimiyyəti AzTV qədər tərifləyən, təriflədikcə də gözdən salan ikinci kanal yoxdur. Odur ki, nə qədər tənqid edib irad bildirsək də, siyasi çevrilişlər baxımdan AzTV gərəkli kanaldır. Ən azı ora baxan tamaşaçı sarsaq-sarsaq danışmağı sevən vətəndaşını tanıyır, məmurların səviyyəsizliyini görür, Əliyevlərin təvazökarlıqdan nə qədər uzaq, şöhrətpərəst və özünəvurğun olduğunu anlayır. Birinci şərt anlamaqdır, qalanı sonranın işidir. Sağ olsun AzTV, Ibrahim Məmmədov, yaxşı işləyirlər. Heç o biri kanallar da pis deyil. Işin harasıdır ki, 2003-cü ildən səsi batan Sahil Kərimli də mağarasını tərk etməli olub. Bu dəfə onun səsi ATV-dən gəlir. Liderdə isə E.Hüseynovun yeri görünür. Adamın özü olmasa da süjetləri tezliklə efirə çıxacaq. Tapşırıq belədir. Hər televiziyanın bir “kamikadze”si var. Deputat olmaq boyuna biçilmiş missiyadan boyun qaçırmağa icazə vermir. “Nado pit do konsa”!    
Tatlısəs-dadlı, şirin səs ola bilər, amma Qızılsəs deyil

Qədir Qızılsəsin yerini bilən varmı?

Azərbaycanda “inqilab” sözünün tez-tez səslənməsindən qorxan ölkə telekanallarının başı küçədə, tində, dalanda adam danışdırmağa, deputatları söylətməyə, rayonlarda sifarişli Novruz çəkilişləri aparmağa elə qarışıb ki, dünyanı unudublar. Göstəriş belədir. Türkiyə telekanalları isə saatlarca Yaponiyadakı fəlakət, Liviyadakı olaylardan danşdıqları qədər sənətçi Ibrahim Tatlısəsə qarşı silahlı hücuma da yer ayırırlar. Tatlısəsin ekranın o üzündə qalan həyatı o qədər də aydın, anlaşıqlı, təmiz deyil. Fakt budur ki, o, Türkiyə vətəndaşıdır və türk xalqı müğənnisini sevir. Azərbaycanda Manaf Quliyevi də sevirlər, Niyaməddin Musayevi də – buna qarşı çıxmaq doğru deyil. Ibo vurulandan türklərin gözü ekranlardan yığışmasa da ölkənin əsas telekanallarının hər gün olaya geniş yer ayırması Azərbaycanda birmənalı qarşılanmadı. Bəziləri Türkiyə kanallarının olayı, olayla birgə Ibonu da həddən artıq şişirtdiyini söyləyirlər. Əslində belə deyil və türk televiziyalarından öyrənməyə dəyər. Tatlısəsin qatillərinin tapılmasında televiziyaların rolu hökumət adamlarınkından az olmadı. Telekanallardan biri Ibrahimin cavanlıqdan bu yana üzləşdiyi problemləri,  yaşadığı acıları birər-birər tapıb göstərdi. Türk jurnalistləri icazəli informasiyalarla yetərlənmir, hər telekanal özlüyündə araşdırma aparır, ən xırda detallarla tamaşaçısını tanış edir, izləyicinin ən doğru və birinci əldən informasiya almaq hüququnu qoruyur. Professionallıq budur. Tatlısəslə bağlı olayda türk telekanalları vətəndaşına, vətəndaşlarına xidmət etdilər. Hökumətin, hakimiyyətin hər zaman vətəndaşının yanında olduğunu göstərdilər. Türkiyədə səhiyyənin necə yüksək səviyyədə inkişaf etdiyini bütün dünyaya sübut etdilər. Hər bir türk insanı Tatlısəsin başında aparılan cərrahiyə əməliyyatının detallarıyla tanış olmaq imkanı qazandı. Xəstəxanalar ən son tibbi avadanlıqlarla təmin olunub, burda yüksək səviyyədə savadlı həkimlər çalışırlar. Türkiyədə hər kəs sağlamlığını öz həkimlərinə etibar edə, səhiyyəsinə güvənə bilər. Silahlı basqın fonunda telekanallar bunu bir daha təsdiqlətdilər. Yoxsa AzTVsayağı “sürətli iqtisadi inkişaf” deməklə iş bitmir. Azərbaycan səhiyyəsinin səviyyəsi gündəlik ölüm saylarından bəllidir. Təbabətin yüksəlişindən danışarkən ortada inandırıcı fakt olmalıdır. Yoxsa rəngli işıqlarla işıqlandırılmış xəstəxana binalarının gecə görüntülərini, kəsilib zibil qutusuna atılan qırmızı lentli açılışları çəkib videoçarx hazırlamaq insanların sağlamlığına zəmanət vermək deyil. Tatlısəs vuruldu, bir türkiyəli nazir ekrana çıxıb “cinəyətkarı” tutacaqları barədə vəd vermədi. Üç gün çalışdılar, basqınçıları tutdular, sonra ekrana çıxdılar. Tatlısəs olayında telekanallar ölkədə Ədliyyə sisteminin necə çevik və tədbirli işlədiyini bir daha göstərdilər, inandırdılar. Türk vətəndaşı polisindən qorxmur, ona inanır. Heç demə türk sənətçisi baş nazirin cib telefonunun nömrəsini bilirmiş, ona mesaj yazmağa cürət edibmiş. Əcəba, I.Əliyevin cib telefonu varmı, nömrəsi neçədir? Məsələn, Ilhamə Quliyeva, ya Izzət Bağırov ona mesaj yaza bilərmi? Yaza bilməzlər. Yazsalar başlarıyla cavab verməli olarlar. Heç Artur Rəsizadəyə də yaza bilməzlər. Hətta hansısa müğənninin Hacıbala Abutalıbova da mesaj yazması qeyri-mümkündür. Bura bizə Liviya qədər yaxın, doğma Azərbaycandır, qulağımızın dibindəki Türkiyə deyil. Dövlət telekanalı AzTV, ictimai kanalımız ITV-dir. Heç ORT də deyil.
Başın havalanması o qədər də xeyirli əlamət deyil – ən azı soyuqdəymə ola bilər
Telekanalların Novruz verilişlərinin anonslarından gözümə maraqlı bir şey dəymir. Yenilik görmürəm. Hətta H.Əliyevin şəklinin, heykəlinin ekranlardan yığışdırılacağını da gözləmirəm. Qabaqlar fərqli konsert çəkilişləri ITV-də olurdu, daha olmur. Niyə də olsun? Daimi izləyicisi olan bir verilişi olmaya-olmaya, axşamlarını serialla keçirə-keçirə deputatlar Milli Məclisdə ITV-ni tərifləyir, rəhbərlərinə təşəkkür edirlərsə, deməli, yenilik barədə düşünməyə dəyməz. Hər şey əladan əladır, hökumət razıdır. Yenə Nizami Cəfərov, Qənirə Paşayeva, Fazil Mustafa, Fəzail Ağamalıkimilər ITV-nin qapılarından rahat keçib gedə biləcəklər – cümlə-cahan batsa da. Bu yerdə Ictimai dövlət televiziyası adının yeri var. Bu, Ictimai Yayım Şurasıyla ITV-nin gerçək ictimai kanal olması qaldı dünya düzələnə. Adamlar 6 il cürət edib telekanaldakı ayrı-seçkiliyə qarşı çıxmaq nədi, yüngülvari tənqid belə edə bilmədilər, MM onları yenidən şura üzvlüyünə təsdiqlədi. Əcəba köhnə şura üzvü Vaqif müəllim kimin, nəyin güdazına getdi? ITV-ni tərifləməkdən adamın dili qabar olmuşdu. Amma yola saldılar, haqsızlıq oldu. Əslində Ictimai Yayım Şurası elə onun kimilərin yeridir.
ANS-in hava haqqında məlumatlarının təzə təqdimat formasınınsa heç yeri yoxdur. “Havalı” aparıcılar özlərini gülməli günə qoyurlar, informasiya proqramlarının aparıcıları da mənasız atmacalarla gülməli günə düşürlər. Hər yenilik və fərqlilik uğur gətirmir, bəzən biabırçılıqla qurtarır. Əminəm belə də olacaq. Necə ki AzTV-nin “Muğam müsabiqəsi”ndə münsiflərin Qədir Rüstəmova olan nifrəti ümumiləşib Əlibaba Məmmədovun dilində Mustafa Mustafayev adlı gənc yarışmaçıya yönəlik “sən oxumursan, ulayırsan” kimi mədəniyyətsiz (belə lap tərbiyəsiz) ifadəyə çevrildi. Görəsən, altmış il qabaq danışığını bilməyənin birisi gənc Əlibabaya “ulama” desəydi nə olardı? Başı havalanardımı?

A.Türkoğlu