Neçə gündür tayfa telekanalları müxalifət əleyhinə kampaniya aparır.
Dünyada baş verənləri obyektiv təhlil etmək əvəzinə ağıllarına və ağızlarına gələn nə varsa, izhar edirlər.
Əsla utanmırlar.
5-10 xroniki xəstəliyi olan ahılı televiziya ekranına çıxarıb müxalifəti söydürür, özlərini öydürürlər.
Qızıl dişli bir Tükəzban tapıb müxalifətin ünvanına nifrinlər yağdırmaqla feyziyab olurlar.
Işim o Məmmədhəsənlərlə və Tükəzbanlarla deyil.
Nədən ki, bu binəvalar bayramqabağı 5-10 manat qazanıblar, ona da bərəkət.
Heç olmasa, bir-iki gün bağırsaqları gecə fit çalmayacaq.
Dərd saxta parlamentin bəzi üzvlərinin mətbuatda və televiziyada gözünü yumub, ağzını açmağındadır.
Nə yaşlarından utanırlar, nə də ki, başlarından.
Akademik-rektor-deputat Abel Məhərrəmov 11 mart mitinqinə çağırış edənlərin mənşəcə erməni olduğunu bəyan edir.
Deputat Əli Əhmədov da anoloji fikir səsləndirir.
Deputat Mübariz Qurbanlının əlinə bir “Kalaşnikov” avtomatı versələr, müxalifətdə bir adam sağ qalmaz.
Zahid Oruc və Fəzail Ağamalıya şərait yaratsalar, TV-lərdə gecə-gündüz iqtidarın şəninə mədhiyyə deyərlər. Təbii ki, müxalifəti aşağılamaq şərti ilə.
Onlar nədən belə danışırlar?
Tutaq ki, Zahid Oruc gəncdir, hələ yetişməyib.
Fizianomiyasına diqqət edəndə buraxdığı xətaları əvf etmək olar.
Bəs bu yekəlikdə alimlərə, siyasətçilərə nə gəlib ki, öydüklərini öyməyənlərə düşmən münasibəti bəsləyirlər?
Bəlkə bu adamlar daha çox vətənpərvərdirlər?
Bəlkə onlar dövlətçiliyə daha çox bağlıdırlar?
Bu məmləkətdə hamı bilir ki, belə deyil.
Onlar vətənpərvər və ya dövlətçiliyi uca tutan olsaydılar, Azərbaycanda tüğyan edən qanunsuzluqları 15 ildir oturduqları o parlamentin tribunasından çox yox, bircə dəfə dilə gətirərdilər.
Onlar dövlətçiliyin qayğısına qalsaydılar, dövlətin təməlini çökdürən korrupsiya və rüşvətxorluğa, milləti deqradasiyaya sürükləyən məddahlığa, riyakarlığa və yaltaqlığa qarşı çıxardılar.
Onlar və onlar kimiləri danışmağa məcbur edən son 17 ildə əldə etdikləri var-dövlətdir.
Yalnız topladıqları var-dövlətin əldən çıxmaq təhlükəsi bu zatları müxalifət əleyhinə danışmağa vadar edir.
Deputat şadlıq evinə, restorana, yanacaqdoldurma məntəqəsinə, ticarət mərkəzinə necə sahib ola bilər?
Yalnız cinayət yolu ilə.
Bu bir aksiomdur.
Bu gün müxalifəti təhqir edənlər əslində cinayətlərini ört-basdır etmək istəyir.
Bir qapıdan girən haram mütləq iki qapıdan çıxacaq.
Bu da bir aksiomdur.
Silahı sözdən ibarət olanlara müharibə etmək əvəzinə çox ciddi düşünmək gərəkdir.
Yetər düşmənçilik, cənablar.
Haram yolla nail olduğunuz obyektlərinizdən yana bu milləti üz-üzə qoymayın.
Indi fərqində deyilsiniz, sabah gec ola bilər.
Xalqı qana sürükləməyin.
Başınızın üstündə yalnız Allahı görün.
Yalniz və yalnız Allahı, başqa kimsəni yox.
Onları nə danışdırır?
•