Srağagün Bakıda – Rok Klubunda Azər Cırtdan adlı rok ifaçısının konserti olacaqdı. Mən bunu facebook-dan duymuşdum. Amma konsertə saatlar qala bu dəfə facebook-dan başqa bir bildiri oxudum. Orada konsertin təxirə salındığı yazılmışdı.
Səbəb isə normal bir ölkə üçün utancvericidir. Rəzalətin, geridəqalmışlığın, despotizmin son həddidir. Amma Azərbaycan kimi bir ölkədə bu, utancdan çox norma kimi qəbul olunmalıdır. Söhbət ondan gedir ki, konsertin keçiriləcəyi məkana bizim kral hərzrətlərinin oturduğu binadan bizzat telefon açıblar, deyiblər ki, konsertin keçirilməsi qadağandır.
Bu qadağanın çoxlu səbəbləri ola bilər – rokun mübariz enerjisi… Konsertin sosiallaşmış, ictimailəşmiş, siyasiləşmiş gəncliyin aksiyasına çevrilməsi təhlükəsi… Ifa olunacaq mahnıların müxalif ruhu…
Bəli, Azər bəyi mən ictimai məzmunlu mahnıları ilə uzaqdan-uzağa tanıyıram. Və onun sağlam dəyərlərin müdafiəçisi olduğu zatən ifalarından da bəllidir. Indi düşünün, hakimiyyət hansı məntiqlə belə bir konsertin baş tutmasına icazə verməlidir? Kölgəsindən belə qorxur artıq bunlar. Qalmışdı rok konserti ola. Rok zalımlara qarşıdır. Ifşaedicidir. Və ən əsası, rokda muğamdan, meyxanadan, sazdan fərqli olaraq, tərif oxumaq çox komik, absurd görünərdi. Eeee… bir musiqi ki, yaltaqlanmaq, sabunlanmaq, mədh etmək üçün əl vermir, tam əksinə, bütünlüklə üsyan hayqırır, qiyam bağırır, nə işi var onun Əliyevlərin Azərbaycanında?
Rok konsertinə qadağa qoyulmasına təəccüblənməmək lazımdı. Əslində biz hər şeyin elə belə də olacağını əvvəldən də proqnozlaşdırmalıydıq. Biz bu irtica rejiminə qarşı hələ də çox rəhmli və optimistik. Hələ də ondan əlini tamamilə üzməyənlər var. Hələ də onun bir həddə dayanacağına, ağ eləməyəcəyinə ümid edənlər var.
Oysa bu rok konsertinin yasaqlanmasından təbii, məntiqəuyğun heç nə ola bilməzdi. Ilham Əliyevə yaraşan da bu idi zatən. 21-ci əsrdə monarxiya qurmaq eşqinə, krallıq sevdasına düşən bir adamdan da bu gözlənilirdi.
Bir jurnalisti şəxsi hikkəsi, kini üzündən həbsə tıkan, sonra da bütün dövlət-mövlət işini atıb onu daha çox incitmək, daha çox yaralamaq, daha çox əzab çəkməyə məcbur etmək üçün dürlü-dürlü ssenarilər quraşdıran bir zehniyyətdən taa nə gözləyirdiniz?
Dünya tarixində “bizdə müxalifət yoxdur, amma demokratiya var” deyərək absurd teatrı belə vurub keçən, “demokratiya” sözünü illərcə ağzına belə almayan və bundan zərrəcə əndişə duymayan bir cənab başqa nə etməli idi ki?
Baxın, əziz dostlar, siz indi Azər konsertinin təxirə salınmasına üzülürsünüz, amma inanın, mən bundan çox məmnunam, buna çox sevinirəm. Ilham Əliyevin gerçək mahiyyətini, əsl üzünü dönə-dönə tanımaq, onun gözəl-gözəl sözcüklərinin, şirin-şirin vədlərinin arxasında necə feodal təbiətli birinin dayandığını görmək mənə dəhşətli dərəcədə zövq verir. Onun biz düşündüyümüzdən də qorxunc bir orta əsr padşahı olduğuna əmin olmaq qədər gözəl nə ola bilər ki?
Azər Cırtdanın konsertinin yasaqlanması bir də bu ölkədə nağılların reallıqlara çevrildiyini sübut etdi. Miflərin həqiqiləşdiyini göstərdi. Deməli, hamını yuxuya verib udmaq, həzm-rabedən keçirmək istəyən qarınqulu divlər yaşayır hələ, üstəlik də hakimiyyətdədirlər.
Amma nə yaxşı, tıpkı nağıllardakı kimi, Azər kimi CIRTDANlar yenə oyaqdı və bizi acgöz divlərin yemi olmaqdan xilas edəcəklər.