Bir təzə lətifə, bir akademik gediş, iki nəsnə
YAP özünü itirib.
Başbilənlərinin son açıqlamaları bunu deməyə əsas verir.
Əvvəl sosial şəbəkədə müxalifət əleyhinə kampaniya başlatdılar.
Uğursuz gediş olduğunu anlayıb virtuallıqdan reallığa keçmək barədə qərara gəldilər.
Indi müxalifət əleyhinə mitinq düzənləmək istəyirlər.
YAP büdcədən maaş alanları və muzdurları Bibiheybət stadionuna, ya da ola bilsin ki, daha periferik bir meydana toplayıb gücünü nümayiş etdirmək fikrindədir.
Olsun.
Belə dəstək mitinqlərini iox görmüşük. Mitinq başlayandan yarım saat sonra “ulu öndərin” portretlərini kənara tullayıb mitinqi o qədər adam tərk edəcək ki.
Təkcə bu fakt dəstəyin necəliyinə güzgü tutacaq, inşallah şahid olarsınız.
Harın məmurlar səksəkə içindədirlər.
Özlərini batırıblar.
Bunu yazmağa haqq edirlər.
Narahat günlərinə lətifə də qoşublar.
Neçə ildir stabil bir iş tapa bilməyən dostum Məhəmməd ərz etdi bu lətifəni.
Buyurun, siz də tanış olun:
“Iki yüksək vəzifəli rüşvətxor xəbərləri seyr edirmiş. Yaponiyadakı sunamini göstərəndən sonra biri deyir kaş ki, bu sunami ABŞ-ı darmadağın edərdi. Digəri səbəbini soruşanda qayıdır ki, QARABALA (Obamanı nəzərdə tutur) deyəsən, axırımıza çıxacaq”.
Qarabalanın – Obamanın dünyanı avtoritar rejimlərdən təmizləmə əməliyyatı gerçəkdən bizim rüşvətxorların gününü qara edib.
Yuxusu ərşə çəkilən, rüşvət ala bimədiyi üçün havalanan nə qədər haramzadə var.
Biri etiraf etdi ki, gecə yata bilmir, Bayıl yuxusuna haram qatıb.
Sumqayıtda isə bir vergi məmuru Barak Obamanın nəsil-nəcabətini söyür, iki aydır dilənə bilmədiyinə görə.
Salamımı Obamaya çatdır
Elmlər Akademiyasının Informasiya Texnologiyaları Institutunun direktoru Rasim Əliquliyev maraqlı bir gediş edib.
Görüş iştirakçısı olan bir əməkdaş nəql edib indi oxuyacağınızı.
Deyir, ABŞ prezidenti Barak Obamanın Elm məsələləri üzrə elçisi xanım Elis Qast ilə institutda görüş zamanı Əliquliyev də çıxış edib.
Öncə xanım Elis Qastdan rica edib ki, SALAMINI OBAMAYA ÇATDIRSIN (adam elə bil tələbəlik illərini Obama ilə politexnik institutunun Yasamaldakı yataqxanasında keçirib).
Sonra Obamanın digər ABŞ prezidentlərindən fərqli olaraq, elmə xüsusi qayğısından söhbət açıb (demə prezident Reyqan, Klinton, Buş elmə o qədər də diqqət yetirməyiblər).
Tanış sözlərdir, deyilmi?
Bir vaxtlar mərhum Heydər Əliyevin həyatın bütün sahələrinə atalıq qayğısından dəm vurardılar.
Akademik Əliquliyev bu gedişlə özünü sığortalamaq istəyir, yəqin ki, siz də belə düşünürsünüz.
Obamaya salam göndərmək, onun elmə qayğısından danışmaq sabah işinə yaraya bilər axı.
Dünyanın işini bilmək olmaz.
Qarabala birdən Azərbaycanı da abıra salmaq fikrinə düşə bilər. Salamı indidən göndərmək lazımdır ki, sabah işə yarasın…
Şahidi olduğum və xəcalət çəkdiyim iki nəsnəni də yazım sağollaşaq.
Biri bəzi elm, siyasət və incəsənət xadimlərinin əcnəbilərlə görüşən zaman nə danışdıqlarının fərqində olmamasıdır.
Ikincisi isə əcnəbilərin təşkil etdiyi ziyafətlərdə o xadimlərin acgöz canavar kimi süfrəyə dörd tərəfdən hücum etməsidir.
Qarabala
•