Sən demə, hökumətimiz əsl məktəbmiş. Bəli, bunu Milli Məclisdə hökumətin növbəti hesabatı zamanı eşitdim. Hə, ölmədik, bunu da eşitdik! Belə çıxır ki, xərc çəkib okeanın o tayından böyük iqtisadçı-məsləhətçilər dəvət etməyə elə bir ehtiyac yoxmuş. Bizim hökumətin ekspertləri hətta Avropaya böhran adlı çətinlikdən necə çıxmağın ən qısa yolunu göstərə bilərlər! Əcəba, onda niyə bunlara müraciət etmirlər? Yəqin, paxıllıqdandır… Məni həm də gülmək tutdu. Hə, ona görə güldüm ki, bizim hökumətimizin hesabatı hətta ən xırda iş adamının hesabatından belə qat-qat asan, tez başa gəlir. Bəli, bir neçə ədəd deyirsən və bunun böyrünə guya Azərbaycan dilində bir neçə cümlə də qoşursan, bununla da iş bitir. Başa düşən düşür, düşməyənə heç söz də vermirlər – qoy, yerində nə qədər istəyir, qurcalansın… Bir ildə 71 min yeni iş yeri açılıb! Əcəba, onda insanlar niyə belə işsiz-filansız gəzirlər? Bəlkə onlar da elə xarici ölkələrdə olduğu kimi ancaq “öz ixtisasları üzrə işləmək” arzusundadırlar?! Nə isə. Mən hələ yoxsulluğun vur-tut 9 faiz təşkil etməsi haqda susuram! Insanların bəlkə də yarıdan çoxu özlərinin ərzaq tələbatını zorla təmin edir! Bunun özü yoxsulluq göstəricisi deyilmi? Bəli, suallar və yenə də suallar! Ən qəribəsi budur ki, artıq Milli Məclisdə, hökumətin tədbir və toplantılarında sual eşidilmir – ancaq tərif və yenə də tərif! Olsun. Amma mən bir şeyi dəqiq bilirəm: tərif yıxan evi heç fələk də yıxa bilmir!
ATƏT iqtidarla müxalifəti niyə görüşdürür?
Bu tədbirdə çox gülməli bir fikir səsləndi. Özü də cənab ATƏT təmsilçisinin dilindən: “Ötən parlament seçkiləri göstərdi ki, Azərbaycanda inkişaf üçün zəmin var!”. Təsəvvür edirsinizmi? ATƏT hərf birləşməsi belə artıq məndə qıcıq yaradır, mən onları dinləyə bilmirəm. Hansı inkişaf? Hansı tərəqqi? Ötən parlament seçkisində bircə müxalifət adamı parlamentə düşə bilmədi. Budurmu inkişaf? Görəsən, bu minvalla ATƏT təmsilçiləri ölkə parlamentini hansı tərkibdə təsəvvür edirlər? Daha hansı qələbələr və zəfərlər qalıb?
Bir uşağın göz yaşı
Dostoyevski deyirdi ki, dünyanın ən böyük ideyası bir uşağın göz yaşlarına dəyməz. Bəs bir uşağın ölümü necə?.. 9 yaşlı uşağın ölümü hamı kimi mənə də çox ağır təsir etdi. Bəs ATƏT cənablarına necə? Onlara bu, təsir etdimi? Görünüşlərindən qətiyyən oxşamır! Ermənilər bizim milli arealı daraldıb lap ölkənin içərilərinə doğru gətirib çıxarmaq istəyirlər. Təmas xəttinə yaxınlığı ilə seçilən bölgələrin insanlarının bircə gün rahatlığı yoxdur. Görən, ATƏT cənabları bu haqda nə düşünür? Hələ də “tərəflər arasında etimad və inam yaratmağa” cəhd edirlərmi? 9 yaşlı uşaq öldürülür! Bundan sonra hansı bir etimaddan danışmaq olar? Bir vaxt mənə belə gəlirdi ki, rusları, avropalıları və amerikalıları başa düşürəm, onların psixologiyasını anlayıram. Amma indi görürəm ki, yanılmışam. Onlar niyə belə yaranıb? Bəlkə çox ölüm görüblər? Bilmirəm. Gülməli olmasın, getdikcə mənim bildiyim budur ki, heç nə bilmir və heç nə anlamıram bu dünyadan! Bu dünyanın “kartları” o qədər qarışıq düşüb ki, bəşər övladı artıq onu anlamaq iqtidarında deyil! O cümlədən elə mən də!
YAP-ın optimizmi
Çox istərdim, mən də bu optimizmi bölüşüm. Hə, hökumətin hesabatından görüntülərə baxıram. Özüm də çaşıb qalıram. Bəlkə doğrudan da bu siyasət insandan hadisələrə tamam başqa yanaşma tələb edir? Bircə anlığa indiki gerçəklikdə özümü onların yerində təsəvvür etmək istəyirəm. Mən nə edər və nə cür qərar qəbul edərdim? Bir onu bilirəm, bu qədər problemin içində kabinetimin qapısını bağlayıb dərindən fikirləşərdim və güman, parlamentin iclasına da istefa ərizəmlə gedərdim. Başqa bir yol mümkündürmü? Amma bunların davranışından belə məlum olur ki, var. Heç nəyin fikrini çəkmirsən, problemlərə fikir vermirsən, daha çox öz büdcən haqqında düşünürsən. Hə, budur bunların təklif etdiyi böhrandan çıxış yolu! Yaxud da mən yanılıram? Bəlkə böhran insanların psixologiyasını da dəyişir? Kim bilir? Hə, həyat çox qəlizdir. Amma siyasət ondan qəliz ola bilməz axı!