Buz meydançası və Günəşin zəbti

Öncə Qusarda süni qar yağdırmağa girişdilər. Süni buz meydançası tikdilər, padşahımız bir də mübarək ayaqlarına əziyyət verib el basa-basa Soçiyə xizək sürməyə getməsin deyə.
Sonra Bakı bulvarında buz meydançası.

Dünən də Zabitlər parkında yeni buz meydançası, üstünə də bir buz kafesi. Necədi sizin üçün?

***

Lütfən, “nə baş verir?” deməyin. Nə baş verdiyi 18 ildən bəri apaydın ortada deyilmi? 18 ildir bunların istədiyi ölkədə hər kəsi və hər şeyi dondurmaq deyilmi?
Ata Əliyevin qan, qiyam yolu ilə hakimiyyətə gəlişinə üsyan edən Tofiq Qasımovun “mən vəzifəmi dondururam” sözlərini illərdir məzə obyektinə çevirənlər sonda bütün bir ölkəni, bütöv bir milləti dondurdular. Ayaqlarımızı dondurdular – üstlərinə yürüməyək, yürüyə bilməyək deyə. Sərbəst toplaşmaq azadlığımızı dondurdular. Beş-üç donmayan, dirəşən, döyüşən qaldı, onları da “Don Kixot” deyib lağlağıya çevirdilər zatən.
Söz azadlığımızı dondurdular. Əlimiz qələm, dilimiz söz tutmaz oldu. Əli qələm, dili söz tutmağa davam edənləri də soyuq həbsxana divarlarının arxasına atdılar “bəlkə orada dondura bildik” deyə. 
Yaşamaq azadlığımızı dondurdular. Çox uzaq deyil, 2010-un şaxtalı günləri idi. Iki insanımız taksi pulları olmadığından Qaradağda işlədikləri daş karxanasından payi-piyada evlərinə dönmək istəyərkən çölü-biyabanda yolu azmadılarmı, ertəsi gün də donmuş cəsədləri tapılmadımı?
Zamanın axışını dondurdular. Biz özgürlüyümüzə qovuşub dünyanın irəli getmiş, öndə olan ölkələri və millətləri ilə bir sırada dayanacağımızı xəyal edərkən bir də baxaq nə? Hələ də orta çağların qaranlıq, soyuq mağaralarındaca donub qalmışıq.
Bunlar da yetmədi, xəstə anasına dərman ala bilməyən bir qızcığazımız qarın-qışın ortasında evindəki peçi, televizoru, ən sonda da əynindəki paltonu satmaq məcburiyyətində qalarkən kral həzrətlərinin gedib isti, günəşli Dubayda özünə, övladlarına 75 milyonluq mülklər aldığı çıxdı ortaya – damarlarımızda qanımız dondu.
Və indi ölkəni, milləti bu hallara gətirən bir zehniyyətin hər addımbaşı bir buz meydançası tikməsindən təbii nə ola bilər? Onların istədikləri də bu deyilmi zatən – bir zamanlar “Odlar Yurdu” deyə vəsf edilən bir məmləkəti başdan ayağa buz meydançasına çevirmək. Ki, hər kəs rahatca, sürüşə-sürüşə gedib onların qucağına düşə bilsin.
Biz 18 ildir nə buz üstə çıxan qoçaqlar görürük gözəlim Azərbaycanda. Sürüşüb parlamentə düşürlər. Sürüşüb Fəxri Xiyabana – mübarəkin heykəlinin qarşısına düşürlər. Sürüşüb yağ-balın içinə düşürlər.

Zatən bu ölkədə insanları və azadlıqları dondurduğu üçün idi ki, əlahəzrətin özü də 21-ci əsrdə – demokratiya, özgürlük, rifah əsrində kral olmağı qafasına taxacaq qədər irəli sürüşdü, tarixə düşdü…

***

Amma nə qədər dondurmağa çalışırlarsa çalışsınlar bu ölkəni… Nə qədər buz meydançaları tikirlər tiksinlər… Nə qədər süni qar yağdırırlarsa yağdırsınlar… Nə qədər soyuq həbsxana divarlarının arxasına tıxsınlar bizi – Eynulla kimi… Nə qədər soyuq məzara gömməyə çalışsınlar – Elmar kimi, Nazim Hikmətin dilindən, hamımızın ürəyimizdən qopan bu böyük həqiqəti dəyişə bilməzlər:
Akın var güneşe akın!
Güneşi zaaptedeceğiz
güneşin zaptı yakın!
Biz topraktan, ateşten, sudan, demirden doğduk!
Güneşi emziriyor çocuklarımıza karımız,
toprak kokuyor bakır sakallarımız!
Neşemiz sıcak!
Kan kadar sıcak!
delikanlıların rüyalarında yanan
o “an” kadar sıcak!
Merdivenlerimizin çengelini yıldızlara asarak,
ölülerimizin başlarına basarak
yükseliyoruz güneşe doğru!
Və biz o Günəşi zəbt etdiyimizdə, o Günəşi qucaqladığımızda, onun azadlıq saçan şüaları altında necə əriyib suya dönəcəklərini, axıb Tarix adlı çaya gedəcəklərini düşünsünlər indidən.