AzTV qazanı qaynayır

Novruz qiymətləri barədə «şok açıqlama»

Bütün dövlət qurumlarında olduğu kimi son çağlar Azərbaycan dövlət televiziyasında da təhlükəsizlik tədbirləri bir neçə qat gücləndirilib. Daha etibarlı, rəhbərliyə sədaqətli işçilərdən könüllü növbətçilər müəyyənləşib. Bayram günləri onlar da öz iş yerlərində olacaqlar.
AzTV-nin yoxlama-buraxılış məntəqəsində yoxlamalar ciddiləşib, xahiş-minnət biryolluq yığışdırılıb. Buraxılış vəsiqələri yalnız sədr müavinlərinin imzası ilə keçərlidir. Bunun üçün baş redaktorlar televiziyaya çağırılan hər kəs barədə ətraflı məlumat verməli, problemli adamlardan uzaq durmalıdırlar. Əlində buraxılış vəsiqəsi olan adamları şəxsiyyəti təsdiq edən sənədlə içəri buraxırlar. Baş redaktorlara televiziyaya mümkün qədər az adam çağırmaq tapşırılıb. Televiziya və radionun Gənclik redaksiyalarına daha ehtiyatlı davranmaq barədə göstəriş verilib.
Tələbə-gənclərə müəyyən qadağalar qoyulub. Əsas qorxuları gənclərdəndir. Görünür, əvvəl-axır bu millətə düşmən televiziyaya nifrətin qəzəbə çevriləcəyindən, zorlanan səbrin aşıb-daşacağından qorxurlar. Əslində haqsız da deyillər. O üzdən teleşirkətin həyətində, əsas və yardımçı binaların hər künc-bucağında gizli, aşkar izləmə kameraları yerləşdirilib, fasiləsiz çəkilişlər aparılır. Kameralar telekanal rəhbərliyinə əməkdaşları təzyiq altında, xof içində saxlamağa imkan verir. Bu arada hətta bəzi demaqoq işçilərin çalışdığı otaqlara dinləmə qurğuları yerləşdirildiyindən şübhələnənlər də var. Redaksiyalarda internetə çıxış biryolluq bağlıdır. Internet çıxışı açıq olan az sayda kompüterdə saytlarda gəzişmək sonda iş yerini itirməyə gətirib çıxarır. Işçilərə aylıq əməkhaqqı verilməsə də iş vaxtı və davranış qaydaları ilə bağlı daimi, gündəlik tələblər qoyulub: işə vaxtında gəlmək-getmək, iş saatlarından səmərəli yararlanmaq, qonorar söhbəti etməmək, səninlə eyni redaksiyada çalışan səndən qat-qat artıq qonorar alan həmkarının nədən özəl münasibətə layiq görülməsi barədə müzakirə açmamaq, kompüter, diktafon, çəkiliş üçün kamera tələb etməmək, bayramlarda hansısa hədiyyələr, yardımlar gözləməmək, həyətdə gəzişməmək, aidiyyəti olmayan otaqlara toplaşmamaq, müxalifət qəzetlərini oxumamaq, oxuduğun material barədə özgələri xəbərdar etməmək, televiziyaya baxmamaq və s. Yəni kommunist rejimində necə idisə, YAP rejimində də elədir. Indiyəcən “xəfiyyəçilik” məsələlərilə sədrin qulbeçələri məşğuldular. Izləmə kameraları onların işini bir qədər asanlaşdıracaq, amma məsuliyyətlərini də artıracaq. Yuxarılara çatdırılan faktlar çəkilişlərlə təsdiqlənməlidir. Beləcə qulbeçələrin-kiçik padşahaların səlahiyyət imkanları da azalmış olacaq.

Hamam hamam içində…

Yenə yaz gəldi, AzTV-də təmir bitmədi ki, bitmədi. Hər yanda vurhavur, dağıthadağıt, sökhasök, daşıhadaşı, oğurlahaoğurladır. Təzədən televiziyanın əsas binasında təmir başlayıb. Burda, ayıb olmasın, tualetlərlə mübarizə tədbirləri davam etdirilir. Bir zamanlar televiziyanın birinci qatındakı ayaqyolunu söküb yerində yeməkxana tikmişdilər, orta yaşlıların biri də ora ayaq basmadı. Indi də o birini söküb yerində studiya tikirlər. Üç studiyanın yerləşdiyi birinci qatda bircə ayaqyolu vardı, onu da dağıtdılar. Saatlarla davam edən çəkilişlərə qatılan, gərginlik yaşananda tələsib-tələsməyən hər kəs özünü ikinci qata çatdırmalı, orda növbəsini gözləməlidir. Əlbəttə, yaraşıqlı studiya şan-şöhrət, ad-san deməkdir. AzTV-yə gələn xarici, yerli qonaqlar tualetlərin yox, studiyaların sayıyla maraqlanırlar. Bir də, ayaqyolu qazanc gətirmir, studiya isə çəkiliş, çəkiliş təbii olaraq qazanc deməkdir. Hələ studiya tikintisində, yeni avadanlıqların alınması məsələlərində nə qədər pul silmək olacaq.
Təzəlikcə Müəllif proqramları redaksiyasının da yurdu yağmalanıb. Söküb-töküblər. Paytaxt Bakının mərkəzində 90-cı illərin sonlarından başlayan söküntü, tikinti işləri bitsə də AzTV-nin on beş ildən bəri davam edən təmiri qurtarmır ki, qurtarmır. Son beş ildə azı onuncu dəfədir dəhlizlərin boyası təzələnir, kafellər, mərmərlər dəyişdirilir. Nə qədər ki, AzTV-də sədr Arif Alışanovdur, belə də davam edəcək. Çünki mühasib-sədr dövlət büdcəsini talamağın ən asan, problemsiz yolunun təmirdə, tikintidə olduğunu hamıdan yaxşı bilir, bildiyini “babasına da vermir”.

Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başında

AzTV sədri Arif Alışanov özünü sədr yox, prezident kürsüsündə gördüyündən ölkə başçısı Ilham Əliyevin kadr siyasətini olduğu kimi təkrarlamağı sevir. Prezident “işində yol verdiyi nöqsanlara görə” bir rayonun icra başçısını o biri rayona başçı təyin etməklə yerli sakinlərin şikayətlərinə adekvat münasibət bildirdiyi kimi, Alışanov da  baş redaktorların yerini dəyişdirməklə özünü işgüzar göstərməyə, problemləri daxili imkanlar hesabına həll etməyə çalışır. Sədrliyə başladığı ilk illərdə on illərlə bir yerdə çalışdığı, tanıdığı aztv-çiləri elliklə telekanaldan uzaqlaşdıran sədr indi əməllərinin acısını çəkir. Haqsız işdən çıxarılanların prezidentə ünvanlanan şikayətləri azalmaq bilmir. Hər şikayət məktubunun ünvanına çatmaması, hər qəzet yazısının qarşısının alınması isə filan qədər xərc deməkdir.
Üstəlik, bir-birinin dalınca məhkəmə çəkişmələri də əlavə söz-söhbət yaradır. Yuxarılarla münasibətlər pozulur. Bu azmış kimi, köhnə, təcrübəli işçilərin yerinə gətirilən təcrübəsiz və istedadsız cavanlar da gözlənilən ümidləri doğrultmadılar. Odur ki, sədr batan gəmini “öz imkanları hesabına” – əlinin altında olanlarla xilas etmək fikrindədir. Beləliklə, prefessor Ilham Rəhimlinin “Mədəniyyət” kanalına sədrlik iddiasından sonra ortaya çıxan birinci müavin cəhdləri də boşa getdi. Alışanov onu yox, televiziyanın Musiqi verilişləri redaksiyasının baş redaktoru, daha arxalı Nadir Axundovu “Mədəniyyət” kanalına birinci müavin təyin etdi. Musiqi redaksiyasını bunacan “Səhər” proqramının baş redaktoru olan Əsəd müəllimə tapşırdı. Azər Cabbarlı Müəllif proqramlarından Proqram direktorluğuna dəyişdirildi, Vüqar Əlisoy isə Müəllif proqramlarına rəhbər təyin olundu. Müəllif proqramları redaksiyası bütün heyəti ilə “Mədəniyyət” kanalına keçib. Təbii ki, verilişlərini də özləriylə aparıblar. “Səhər” proqramı indiyəcən “Xəbərlər”də müavin işləyən Məqsəd Nura tapşırılıb.

“Xəbərlər”də təzə xəbər var

Gözünüz aydın, “Korrupsiya ilə mübarizə”nin özü olmasa da sorağı AzTV-yə də gəlib çatıb. Ölkə telekanalları arasında ən yüksək məbləğdə rüşvətlə çalışan telekanal əməkdaşlarına təzəlikcə bir qədər ehtiyatlı davranmaq haqda göstəriş verilib. Aldığımız məlumata görə, bu günlərdə sədr Arif Alışanov baş redaktorları yanına çağırıb “ölkədə vəziyyətin ağır olduğunu, xalqın etiraz aksiyalarına hazırlaşdığını, çanağın mütləq çatlayacağını, prezidentin bu arada ”gözə kül üfürmək üçün” kimlərisə güdaza verəcəyini” – bildirib. Odur ki, rüşvət yığanda ehtiyatlı tərpənməyi, “xırda-xuruşa” görə özlərini “yandırmamağı” tapşırıb. Xırda-xuruş deyəndə sədr bir veriliş üçün alınan 200-500 manat arası rüşvəti nəzərdə tutur. Bu məbləğdə rüşvəti o, “özünü alçaltmaq” kimi dəyərləndirib. “200 manatdan ötrü adımızı batırmayın” – deyib. AzTV-dəki standart qiymətlərlə müqayisədə bəlkə də 200 manatı doğrudan qəpik-quruş hesab etmək olar. Burda rüşvətin dəyəri “Xəbərlər”lə və Ictimai-siyasi proqramlarla müqayisəli müəyyən edilir. Çünki “Xəbərlər” informasiya proqramında problemli bir qurumdan, problemli mövzuda sanballı mətnlə 30 saniyəlik süjetin minimal dəyəri 1000 manatdır. Adlı günlərdə Fəxri xiyabana gülqoymaların dəyəri bundan da artıqdır. Ağac əkməkdi, yığıncaq keçirməkdi, təşəbbüsə qoşulmaqdı – bunlara ən az 500 manat ödənilməlidir. Icra başçısının, sahibkarın efirə çıxması danışılan məbləğin üstünə əlavə 300-500 gətirir. “Xəbərlər”də ən ucuz süjet 200-300 manatdır. Belə süjetlər orta məktəblərdən, poliklinikalardan, uşaq baxçalarından hazırlanır. Təriflənmək, özünü göstərmək, prezidentə yaltaqlanmaq istəyənlər “tərləməyi” də bacarmalıdırlar. Hər necə olsa da dövlət televiziyasıdır. Dövlətə də layiq olmalıdır. Yəni hakimiyyətin müəyyən etdiyi korrupsiya qiymətlərindən çox aşağı düşmək olmaz.

Doşab alıblar, bal çıxıb

El arasında “mart çıxdı, dərd çıxdı” – deyimi var. AzTV rəhbərliyinin bu məsəldən heç xoşu gəlmir. Çünki mart özüylə Novruz bayramını, Novruzsa özüylə çoxsaylı sifarişlər, pullu çəkilişlər gətirir. Bəzən sifarişlər o qədər çox olur ki, çəkib çatdırmaq, efirdə yerləşdirmək, ucunu-bucağını yığıb-yığışdırmaq belə olmur. O üzdən bayramqabağı “Xəbərlər”də süjetlərin sayı vurub kəllə-çarxa çıxır. Sövdələşəndə aldanmasınlar deyə Novruz günlərində özünü AzTV efirində təbliğ elətdirmək istəyənləri son qiymətlərlə tanış edirik. Ana xəbər proqramında Novruz tədbirlərinin işıqlandırılmasının standart orta qiyməti var – 500 manat.  Obyektdən, efir müddətindən asılı olaraq qiymətlər azca azalıb, xeyli arta da bilər. Gündüz xəbərlərində qiymətlər bir qədər aşağıdır. Bütöv veriliş – 1000-1500 manata çıxır. Konsert proqramlarına çıxmaq istəyən müğənnilərin ödəniş qiymətləri də kateqoriyalarına görə müəyyənləşir. Çox zaman AzTV üzünə həsrət qalan “Toylar kralları, kraliçaları” bir mahnıya 700-1000 manatlarından keçməlidirlər. Tanınmışların qiyməti nisbətən aşağıdır. Məşhurlara hətta birbaşa yaşıl işıq yanır. Yəni efir tam bazar qiymətləriylə idarə olunur. Alıb-aldatmaq, aldadıb qazanmaq, bəzən aldanıb uduzmaq mümkündür. Hər halda Novruz gerçəkdən telekanal əməkdaşlarının süfrəsinə bolluq, rəhbərlərin cibinə var-dövlət gətirir. AzTV-nin birbaşa prezident Administrasiyasının ictimai-siyasi şöbəsi müdirinin kurasiyasında olduğunu xatırlatsaq, Novruz hədiyyələrinin korrupsiya ilə mübarizəyə qalib gələcəyi şübhəsizdir.
Yeri gəlmişkən, qazancı az olan redaksiyalara studiyalarda çəkiliş aparmaq rəsmi olaraq qadağan edilib. Hətta bəziləri çəkilişləri şəxsi kameralarla aparırlar. Dövlət televiziyasında artıq qazanc əldə etməyin daha əlverişli yolunu tapıblar. Təmirdən çıxan Teleteatr başqa televiziya kanallarına, özəl studiyalara icarəyə verilir. Yəni nə olur-olsun, kim gəlir-gəlsin, nə edir-etsin, bayram olmur matəm olsun, “Cümlə-cahan batsa da batsın” – təki pul çıxsın. Təki AZTV qazanı qaynasın.

A.Akifoğlu