YAP-ın qəzeti iri oliqarxları “vurdu”

Mehdiyevin nəzarətində olan «Yeni Azərbaycan» Heydərovla Əyyubovu ifşa etdi

Rəsmi qəzetlər “Xalq”, “Azərbaycan”, həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzeti inhisarçılıqdan yazıb. Və bazarlarda ayrı-ayrı məhsulların monopoliyada olduğunu etiraf edib. “Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində məhsul növləri üzrə qiymətlər də müqayisə edilib. YAP-ın orqanı hətta idxal məhsullarının idxal edildiyi ölkələrdə və yerli bazarlarda qiymət fərqlərini dərc edib. 
Məlum olub ki, kərə yağının idxal qiyməti 2 manat 20 qəpik olduğu halda 6 manata, kartof 15 qəpik olduğu halda 80-90 qəpiyə, soğan 20 qəpik olduğu halda 90 qəpiyə, banan 70 qəpik olduğu halda 2 manat 50 qəpiyə, ananas 1 manat 20 qəpik olduğu halda 5-6 manata, portağal 80 qəpik olduğu halda 2 manat 90 qəpiyə, kivi 80 qəpik olduğu halda 2 manat 50 qəpiyə, pomidor 40 qəpik olduğu halda 1 manat 80 qəpiyə, xiyar 32 qəpik olduğu halda 1 manat 60 qəpiyə, badımcan 1 manat olduğu halda 4 manata, mandarin 50 qəpik olduğu halda 2 manata, bibərin 1 ədədi 5 qəpik olduğu halda, 40 qəpiyə, müxtəlif növ almalar 70-90 qəpik olduğu halda 3-5 manata,        armud 60 qəpik olduğu halda 3 manata, heyva 50 qəpik olduğu halda 2 manat 80 qəpiyə, üzüm 1 manat olduğu halda 4-5 manata, ərik qurusu 80 qəpik olduğu halda 6 manata satılır.
Lakin qəzetlər məhsulların kimlərin inhisarında olduğunu açıqlamayıb. Amma məhsulların növlərinə diqqət etdikdə söhbətin kimlərdən getdiyi aydın olur. Sirr deyil ki, sitrus bitkiləri Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun inhisarındadır. Yerdə qalan məhsulların idxalı ilə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məşğul olur. Əslində “Yeni Azərbaycan”da belə bir müqayisəli cədvəlin dərc olunması təsadüfi deyil. Bu qəzet Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. PA rəhbərinin isə Bəylər Əyyubov və Kəmaləddin Heydərovla münasibətləri qarşıdurma səviyyəsindədir. Adıçəkilən məmurlar hakimiyyətə daha çox nəzarət imkanlarına malik olmaq uğrunda mübarizə aparırlar. Bu baxımdan ehtimal etmək olar ki, “Yeni Azərbaycan”dakı qiymət cədvəli Ramiz Mehdiyevin tapşırığı ilə dərc edilib. Məqsəd isə Bəylər Əyyubovla Kəmaləddin Heydərovu “vurmaqdır”.

İnformasiya şöbəsi