PKK-nın alt qolu Tatlısəsə sui-qəsdi üzərinə götürdü

Müğənnikomadan çıxdı və həkimin əlini sıxaraq «yaxşıyam» dedi

Yaxınları Tatlısəsin səsini itirməsi və bir daha oxuya bilməyəcəyi barədə xəbərləri yalanladı

Bir neçə gün əvvəl silahlı basqına məruz qalaraq başından ağır yaralanan məşhur müğənni Ibrahim Tatlısəsin səhhətində irəliləyiş var. Həkimlər srağagün gecə Tatlısəsi süni nəfəs aparatından ayırdıqlarını və oyandıqdan sonra “necəsən?” sualına “yaxşıyam” deyə cavab verdiyini açıqlayıblar.
Müğənnini sağ qolunu və sağ ayağını sərbəst tərpədə bilib. Ancaq həkimlər onu stressə salmamaq üçün sol tərəfinin reaksiyasını yoxlamadıqlarını deyiblər: “Dünənə nisbətən  daha yaxşı xəbərlər verəcəyik. Tatlısəs daha yaxşı durumdadır. Sağ qol və ayağını qaldırır, əlimizi sıxır, danışır. Hələlik həyati təhlükəsinin keçdiyini demək tezdir. Reanimasiyada qalması təhlükənin hələ davam etməsi deməkdir. Amma müəyyən irəliləyişlər var”.
Onların açıqlamasına görə, Tatlısəs hələ bir müddət reanimasiya şöbəsində qalacaq. Başındakı yaranın ağırlaşma və infeksiya təhlükəsi sovuşandan sonra fizioterapiya müalicəsi başlayacaq və bu bir neçə ay davam edəcək. Həkimlər deyir ki, xəstəxanaya gətirilərkən sənətçinin həyati təhlükəsi 80 faiz olub, indi isə bu, 10 faizə düşüb.
Sənətçinin yaxınları isə I.Tatlısəsin səsini itirməsi və bundan sonra bir daha oxuya bilməyəcəyi barədə yayılan xəbərləri yalanlayıblar. Onlar bəzi media orqanlarını spekulyasiyalara yol açmaqda günahlandıraraq ən doğru məlumatları həkimlərin açıqlamalarından almağı tövsiyə ediblər.

Türkiyə hökumətindən sənətçiyə tam dəstək

Hadisə baş verən gündən bu yana Türkiyə hökumətinin başçıları I.Tatlısəsi tək qoymur, ona tam dəstək nümayiş etdirirlər. Prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla hökumət başçıları və ayrı-ayrı məmurlar sənətçinin ailəsi ilə əlaqə saxlayaraq onun sağlıq durumu ilə maraqlanırlar. Həmçinin lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirirlər. Dünən Türkiyənin dövlət naziri və baş nazirin müavini Bülent Arınc da Tatlısəsi xəstəxanada ziyarət edib. Sənətçini gördüyünü deyən Arınc həkimlərdən onu oyatmamağı xahiş edib: “Ibrahim Tatlısəsi reanimasiyada ziyarət etdim, yatırdı. Həkimlərdən onu oyandırmamağı xahiş etdim”.
Dövlət naziri də Tatlısəsin vəziyyətinin yaxşıya getdiyini bildirib: “Həkimlər sadəcə sizə verilən məlumatı təsdiq etdilər. Görünüş etibarilə tanıdığımız Ibrahim Tatlısəsdir. Gözümlə gördüm ki, nəbzi də, nəfəs alması da yaxşıdır. Həkimlər də vəziyyətinin dünənə nisbətən daha yaxşı olduğunu deyirlər”.
Parlament spikeri olduğu dövrdə Ibrahim Tatlısəsin məclisin həyətində verdiyi konserti xatırladan Arınc bu sui-qəsdi təşkil edənlərin yaxalanacağını deyib: “Ona konsert üçün təklif göndərdiyimiz vaxt çox sevinmiş, ”Allah bizə parlamentin həyətində də “Kara üzüm habbesi” oxumağı nəsib etdi” demişdi. Bu sui-qəsdi törədənlər ən yaxın vaxtda yaxalanacaq”.

Xəstəxanın önündə çadır quruldu

Həkimlər sənətçinin sağlıq durumuyla bağlı sevindirici xəbərlər versə də, xəstəxanın önündəki qələbəlik azalmaq bilmir. Insanlar Türkiyənin dörd bir yanından bura axın edir. Yaxınları, heyranları və jurnalist ordusu binanın önündə gecə-gündüz keşik çəkir. Onların rahatlığı üçün xəstəxananın bağçasında çadır qurulub. Sənətçinin həyat yoldaşı Derya Tuna, oğlanları Ido və Əhməd Tatlı “keçmiş olsun!” diləklərini də bu çadırda qəbul edirlər.
Tibbi heyətin sənətçinin durumu ilə bağlı hər xoş xəbərindən sonra binanın önünə toplaşan insanlar “Allah sizdən razı olsun!” deyərək həkimləri alqışlarla yola salırlar.   
Tatlısəsin Pərihan Savaşdan olan qızı Mələk Zübeydə də hadisə günündən xəstəxanadadır. Keçmişdə Tatlısəslə aralarında müəyyən problemlər yaşayan sənətçilər Mahsun Qırmızıgül, Yıldız Tilbə və Izzət Yıldızhan da ziyarətə gələnlər arasında olub. 
Bu arada Türkiyə polisi müğənniyə atəş açaraq ağır yaralayan iki nəfərin şəxsiyyətini müəyyənləşdirib. Olay yerindəki 11 təhlükəsizlik kamerasını araşdıran polis cinayətkarların qısa müddətdə yaxalanacağını bildirir.
Istanbul valisi Hüseyn Mutlu hüquq-mühafizə orqanlarının çox gərgin və titiz şəraitdə çalışdığını, ən kiçik detalları da dəyərləndirdiyini bildirib: “Bir az da səbirli olub nəticələri gözləyək. Ümid edirəm ki, gözləmə müddəti çox çəkməyəcək”.

Kürd hökumətinin lideri də açıqlama verdi

PKK-çıların açıqlama yayaraq bu hadisəylə heç bir əlaqələrinin olmadığı barədə məlumat vermişdik. Dünən Şimali Iraqda regional kürd hökumətinin lideri Məsud Bərzani də məsələyə münasibət bildirib. Bərzani ofisindən yazılı açıqlama verib ki, hadisənin Kürdüstan bölgəsi ilə əlaqələndirilməsi çox tez verilən bir qərardır: “Əgər belə bir şey varsa, heç kim və heç bir tərəf qanunlardan üstün deyildir və qanun çərçivəsində çəzalandırılacaq”.
Dünən axşam saatlarında I.Tatlısəsə qarşı silahlı basqını terror təşkilatı PKK-nın bir qolu olan TAK-ın üstləndiyi barədə xəbərlər yayıldı. Polis hadisəni araşdırırkən TAK-dan qəfil açıqlama gəldi. PKK-nın alt qanadı olan TAK bugünə qədər terror təşkilatlarının üstlənmədiyi bir çox olayları üzərinə götürməsiylə tanınır. Ötən il Istanbuldakı “Taksim” meydanındakı bombalı basqının arxasında da eyni ad dayanırdı.
Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi Ibrahim Tatlısəs martın 14-də gecə Maslakda silahlı hücuma məruz qalıb. “Kalaşnikov” avtomat silahından vurulan Tatlısəsin kəllə sümüyü çatlayıb. Hazırda müğənni “Acıbadem” xəstəxanasında saxlanılır.

Tatlısəsə sui-qəsd təşkil edənlər yaxalandı

Bu arada tanınmış musiqiçi Ibrahim Tatlısəsə qarşı silahlı basqınla əlaqədar 20 nəfər saxlanılıb. Tutulanlar arasında I.Tatlısəsə hücumda tətiyi çəkən adamın da olduğu bildirilir. Həmin adam Abdulla Uçmaqdır  və məşhur sənətçi ilə onun arasındakı düşmənçiliyin uzun tarixi var. Hələ 1998-ci ildə Uçmaq və iki adamı pnevmatik silahla Ibrahim Tatlısəsə basqın edibmiş, lakin o vaxt sənətçi onları bağışlayaraq həbs olunmalarına imkan verməmişdi. Hətta Ibrahimlə Uçmaq arasında barış yeməyi belə düzənlənmişdi. Polisin hadisəni törədənlərin izinə düşməsi isə bir avtomobildə olan yertəyinetmə cihazı vasitəsilə mümkün olmuşdur. Polis yertəyinetmə cihazındakı qeydiyyatın köməkliyi ilə şübhəli avtomobilin olay gecəsi olduğu yeri qarşılaşdıraraq, Tatlısəsə atəş açan adamların məhz bu avtomobildə hadisə yerində olduqlarını təsbit edib.  Son məlumatlarda isə bildirilirdi ki, Iboya qarşı istifadə edilən “Kalaşnikov” markalı avtomat da polislər tərəfindən ələ keçirilib.

Gültəkin