“Tərtər işi” düyünə düşüb

Həm təqsirləndirilən, həm də zərər çəkən şəxslər yığılan pulların icra başçısının müavini Vidadi Bəylərova çatdırıldığını bildirir

Onun həbsi ilə bağlı verilən vəsatətlə əlaqədar müşavirəyə gedən hakimlər… hələ də geri qayıtmayıb

Hələ 2009-cu ilin avqustunda mütəşəkkil dəstə yaradıb özgə əmlakını mənimsəyən Tərtər rayonunun bir qrup sakininin həbs edildiyi, barələrində cinayət işi açıldığı haqda xəbər yayılmışdı. Olayın geniş ictimai rezonans doğurmasına səbəb dələduzluqda təqsirli bilinərək həbs olunanlardan 5 nəfərinin 4-nün qadın olması idi. Uzun-uzadı aparılan istintaq araşdırmasından sonra ötən ilin mayında iş baxılması üçün məhkəməyə göndərildi. Amma cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, yaxın zamanlaradək mövcud olan Ağır Cinayətlərə Dair Işlər Üzrə Məhkəmənin 9 iyul 2010-cu il tarixli qərarı ilə iş ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldı. Avqustda yeni ittiham aktı tərtib edilərək məhkəmə müstəvisinə çıxarılan “Tərtər işi” yenidən düyünə düşüb. Dələduzluqda ittiham olunaraq mütəhhimlər kürsüsünə çıxarılan şəxslər mənzil alış-verişində vasitəçi olduqlarını, vətəndaşlardan alınan pulların məmurlara çatdırıldığını, lakin nədənsə əsl təqsirkarların məsuliyyətdən kənarda qaldığını bildirir.
Bir daha yada salaq ki, Tərtər rayonunun 18 sakinindən Qarabağ əlilləri, şəhid və gənc ailələr üçün tikiləcək evdən mənzillə təmin olunma adı ilə ümumilikdə 104 450 manat pul alınıb, sonralar həmin vəsaitdən zərərçəkənlərin 2 nəfərinə cəmi 7 min manat qaytarılıb. Həm təqsirləndirilən, həm də zərərçəkən şəxslər toplanılan pulların Tərtər şəhər poliklinikasının müdiri Bəkir Nağıyev vasitəsilə icra başçısının müavini Vidadi Bəylərova çatdırıldığını iddia edir. Məhkəmə araşdırması zamanı zərərçəkənlər hətta istintaq aparıldığı dövrdə müstəntiqin “mən siyahını Vidadi müəllimə vermişəm, pullarınızı ondan alın” dediyini də xatırladıb. Fevralın 21-də keçirilən prosesdə onların hüquqlarını müdafiə edən Şaiq Hüseynov məhkəmə baxışını dayandıraraq adları çəkilən hər iki şəxsə qarşı ittiham irəli sürülməsi üçün işin istintaqa qaytarılmasını istəyib. Vəsatətə münasibət bildirmək üçün müşavirəyə gedən hakimlər… hələ də geri qayıtmayıb. Onu da qeyd edək ki, məlum hadisədən sonra Bəkir Nağıyev poliklinika müdiri vəzifəsindən kənarlaşdırılsa da, Vidadi Bəylərov öz postunu qoruyub saxlaya bilib.

Azər Əli