Seldən zərər çəkənlərin kompensasiyası kəsilib

«Hacıqabulun Ələtli kənd sakinləri dərdini demək üçün Ramil Usubovu gözləyir»

Ötən il Kür çayında baş verən daşqınlardan zərər çəkmiş əhaliyə kompensasiyaların verilməsi hələ də başa çatmayıb. Bu da əkin sahələri su altında qalan kəndlərin sakinlərinə əlavə problemlər yaradır.
Hacıqabul rayonunun seldən əziyyət çəkən Ələtli kənd sakinlərinə su altında qalan hər hektar torpağa görə 250 manat, 5 nəfərə qədər üzvü olan ailələrə 1000 manat, beşdən artıq ailə üzvü olanlara isə 1500 manat kompensasiya veriləcəyi vəd edilib. Lakin kompensasiya paylanmağa başlayanda kənd sakinləri başqa mənzərə ilə üzləşiblər. Kənd sakini Məmmədqulu Məmmədovun qəzetimizə verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin verdiyi pul əvvəl vəd ediləndən xeyli azdır. Belə ki, su altında qalan əkin sahələrinə görə pul verilmir. Ailə üzvlərinin sayından asılı olmayaraq hər bir ailəyə cəmi 1000 manat kompensasiya ödənilir. Dəfələrlə müvafiq qurumlara şikayət edən, hətta problemlərini lazımi instansiyalara çatdırmaq üçün paytaxta gələn kənd sakinlərinin səsini eşidən yoxdur. Rayon icra hakimiyyəti də əkin sahələrini itirən Ələtli kənd sakinlərinin köməyinə gəlmək istəmir. M.Məmmədovun sözlərinə görə, müraciət etdikləri ünvanlarda onlara “dərdinizi kimə deyirsiniz deyin, gələn pul budur. Sizə bundan artıq pul verilməyəcək” deyilib. Dolanışıq şəraiti ağır olan kənd sakinləri bundan sonra hara üz tutacaqlarını da bilmir. Daxili işlər naziri Ramil Usubovun bu günlərdə Şirvan şəhərinə gələcəyini eşidən şikayətçilər ona üz tutmaq niyyətindədir. Lakin onlar üçün bu şəraitin yaradılacağı da hələ şübhə altındadır.

Fizzə