Qarşıda… yoluna düşən günlər!

Şair demiş: “Gözəl günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır!”. Sevgilimsən, poeziya! Di gəl, indi poeziya yeri deyil; əliyevçi YAP rejimi özünün yırtıcı, korrupsioner xarakteri üzündən Azərbaycanda poeziyaya yer qoymayıb! Estetikanın yerini sintetika tutub: sintetik seçkilər, sintetik qanunlar, nələr.
Lap elə I.Əliyevin sonuncu YUMURTA müşavirəsini götürək. Elə bil yumurta neft quyusundan fontan vurub çıxır: bir göstərişlə qiymət artırasan, azaldasan. Yumurta neft quyusundan çıxmır; yumurtanın olması üçün toyuq olmalıdır. Toyuğun olması üçün arpa, buğda, qarğıdalı. Bunların olması üçün torpaq, peyin, gübrə. Bunların da olması üçün nələr, nələr. Saymaqla qurtaran deyil. Bütün bunlardan sonra… ucuz yumurta! Bütün bunların olması üçün bilirsiz nə gərəkdi? Indki kimi OĞRU yox, DOĞRU hökumət. Hanı o hökumət? Indilikdə beləsi yoxdur! Olsaydı, ən azı bayramqabağı dışdan gətirməklə ölkədə ucuz yumurta bazarı yaratmaq olardı. Indiki GÖMRÜK BAZARIYLA ucuzluq yaratmaq? Adama gülərlər! Hamam hamam içində, xəlbir saman içində. Dəvə dəlləklik eylər köhnə hamam içində. Azərbaycan gündən-günə ŞÖHRƏT ordenli DƏLLƏKLƏR ölkəsinə çevrilməkdədir. Ən yaxşı dəllək yumurtadan yun qırxmaqla (başqa cür desək, xalqın dərisini soymaqla) yuxarıya hamıdan çox pay ötürən dəlləkdir!

Gənclərin aksiyası, Ağamalının reaksiyası

Gənclər əliyevçi rejimə qarşı aksiya keçirdilər. Fəzail nə desə yaxşıdır: “Həmin gənclər öz potensiallarını işğalçılara qarşı mübarizəyə yönəltsələr, bu daha effektli, daha böyük vətənpərvərlik olardı”. Fəzail Ağa malı!- bu əliyevçi rejim əlaltısı düz yolda olan gəncliyi çaşdırmağa çalışır. Faktlara baxaq: yazıq ermənilər Azərbaycanın vur-tut 20 faizini işğal eləyiblər. Özü də neft-qaz olmayan yerləri. Əliyevlər Azərbaycanın 80 faizini işğal eləyiblər. Özü də ölkənin milyardlarla dəyərində yeraltı-yerüstü resursları bu 80 faizin içindədir. Üstəlik, ölkənin başkəndi Bakı bu əliyevçi işğal zonasındadır. Fəzail deyən kimi: işğalçılarla çarpışmaya… Bakıdan başlamalı!

Fəzailin bildirdiyinə görə: “Heç kimə sirr deyil ki, BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100 min, 150 min manatla ölçülür. 700, 800, 1000 tələbənin ali məktəbə qəbulundan alınan pulun miqdarı milyonlara çatır”. “Heç kimə sirr deyil ki”… Deməli, bunlar hamının bildiyi faktlardır. Ilham Əliyev, Ramiz Mehdiyev antikorrupsiya şousunu bir qırağa qoyub, Fəzailə cavab verin: sizin çoxillik hakimiyyətiniz boyunca hər il ali məktəblərə tələbə qəbulundan əldə edilən milyonlar hara gedib? Bunu da müxalifətin, bir illik AXC hakimiyyətinin üzərinə ata bilməzsiz.

Gizli işlədilən yataqlar bir yana, rəsmi statistikaya görə, Azərbaycan təkcə 2010-cu ildə 19 milyard dollar dəyərində neft satıb. Başqa sferalardan gələn pulları da bunun üstünə gəlsək, ölkənin illik gəliri görün gedib hara çıxır. Bütün bunlar azmış kimi xalqı da soyurlar: tələbə, əsgər, xəstə, nə, nə, nə olaraq. Bütün bunlar IŞĞAL faktı, IŞĞALÇI davranışı deyilmi? Ermənilər bu xalqın bir uşağını öldürəndə bunlar yeddisini birdən öldürürlərsə, sonra o yeddini unutdurub, bu biri ilə bağlı televiziyalarda şou düzəldirlərsə, daha qorxulu işğalçı kimdir?

TQDK-dan: “F.Ağamalının əlində faktlar varsa, onları MTN-ə təqdim etsin”. Bunlar Ağamalını ələ salırlar, nədir? Hamının bildiyini MTN “bilmirsə” Fəzailin ağlı çaşıb TQDK-da “miqdarı milyonlara çatan” rüşvətlə bağlı MTN-ə bildiriş göndərsin? Sonra da MTN ona BAŞQA bildiriş göndərsin?! Ay-hay! Işə bax: Fəzail gəncləri aldadıb Qarabağa göndərmək  istədiyi kimi, bunlar da Fəzaili aldadıb MTN-ə göndərmək istəyirlər! Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində…