kiv-df

Şəkinin tarixi qalaları…

Xan Sarayını qoruyan qala divarları

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin unikal tarixi abidələri haqqında saatlarla danışmaq olar. 2500-2600 yaşı olduğu güman edilən bu şəhər bir vaxtlar ticarət yollarının qovşağında yerləşdiyinə görə uzaq diyarlarda da yaxşı tanınırdı. Elə indinin özündə də, bu gözəl şəhər dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini daha çox cəlb edir.
Şəki bu bölgədə strateji önəm daşıyan məntəqələrdən olmuş və bir çox savaşların dağıdıcı təsiri də ondan yan keçməmişdir. Bu ərazidə rast gəlinən tarixi qalalar da deyilənlərə şahidlik edir.
Tarixi mənbələrdə Nuxa qalası adlandırılan Şəkidəki indiki qala bütünlükdə Şəki Xan Sarayını əhatə edir və bəllidir ki, yadelli hücumlarından qorunmaq məqsədilə inşa olunmuşdur. Bu qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də iqlim cəhətdən çox əlverişli yerdə yerləşir. Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilib. Tarixi abidənin divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri var. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdir. Qalanın ətrafındakı 4 böyük bürc ruslar tərəfindən topdan atəş açmaq üçün tikilmişdir. Amma güman etmək olar ki, bu, indi mövcud olan qala, Nuxa qalasının yalnız iç qalasıdır. Yazılı məlumatlara görə, 1765-ci ildə tikilmiş və indi “Şəkixanovların evi” adı ilə tanınan bina da qalanın içində olmuşdur. Bəs nəyə görə qala özü yox, onun yalnız iç qalası qalmışdır?. Çünki iç qalada sovet dövründə rus qoşunu saxlanılırdı, ötən əsrin 60-cı illərınə qədər isə orada türmə fəaliyyət göstərmişdir. Bu səbəbdən də, qala divarları daim təmir edilirdi, uçan, dağılan hissələr dövlət hesabına bərpa edilirdi ki, ona görə qalanın bu hissəsi indiyədək salamat qalmışdır.
Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Kiş kəndi təkcə Azərbaycanın deyil, bəlkə də dünyanın qeyri-adi yaşayış sahələrində sayılır. Kiş Şəkidən bir çay ayırır. Yerli əhali arasında ona Böyük Çay deyirlər. Kəndin ortası ilə kiçikÿdağ çayı axır ki, adına Qurcana deyirlər. Tarixi mənbələrdə Kişin adı tez-tez çəkilir. Tədqiqatçılar deyirlər ki, Kiş adlı yaşayış məntəqəsinə Monqolustandan tutmuş Ön Asiyayadək, hətta Avropada da rast gəlmək mümkündür. Kişin adı Qafqaz Albaniyasından bəhs edən mənbələrdə də çəkilir.

Məşhur Kiş qalaları

Tarixi abidələrlə zəngin olan Kiş bir muzeyi xatırladır. Bu yaşayış məntəqəsində ən böyük abidə Kiş qalası sayılır. Bu qala haqqında yazılı məlumat Kərim Ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” əsərində verilmişdir. Bəlli olur ki, qala 1551-ci ildə yerlə-yeksan edilmişdir. Çox təəssüf ki, qalanın dağıdılma tarixiÿbəlli olsa daÿnə zamandan inşa edildiyiÿhaqqında məlumat yoxdur.
Kişin ikinci abidəsi adıyla belə insanların marağını çəkən  “Gələrsən-Görərsən” qalası Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasında əsas məqsədi o olub ki, qalaya öndən, arxadan və çay tərəfdəki sıldırım qayadan hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Lev Tolstoyun “Hacı Murad” povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarı var. Buraya gələn turistlər həmin məzara böyük maraq göstərirlər.

“Gələrsən-Görərsən” və ya Qız qalası

Bu qalaya xalq arasında Qız qalası, yaxud da Qızlar qalası deyirlər. Qız “alınmazlıq” və “məğlubedilməzlik” anlamını ifadə edir. Qala ilə bağlı məlumat verən mənbələr Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala “Qızlar” adı ilə deyil, “Gələrsən-Görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-Görərsən” adının Qızlar qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qızlar qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir.
Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş, Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış və ona sərt müqavimət göstərmişlər. “Gələrsən-Görərsən” adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: “O necə qaladır ki, onu almaq olmur?”. Ona cavab verirlər: “Gələrsən-Görərsən”. Elə o vaxtdan qala belə adlanır. Hazırda qala dağılmış vəziyyətdədir və ciddi təmir işlərinin aparılması lazımdır. Qalanın müxtəlif hissələri dağılmış vəziyyətdə, bir-birinə yaxın ərazilərdə yerləşir. Indi qalaya ekskursiyalar təşkil olunur və turistlərə açıq şəkildə bura daxil olmağa icazə verilir.ÿÿ
Ümumi araşdırmalara görə Şəki şəhərində 40-dan çox qala xarabalığı var. Ərazidə çoxlu sayda mühüm əhəmiyyətli qalalar var ki, onlardan bir qismi tədqiq olunmuş, bir qismi isə öyrənilmədiyinə görə geniş təbliğ olunmamışdır. Belə abidələrə Baş Kəldək kəndindəki VI aid əsrə aid Gavur qalasını, Baş Küngüt kəndindəki VIII-XIV əsrə Gavur qalasını, Dəhnə kəndindəki Tunc dövrünə aid Dəhnə qalasını və yaşayış yerini, Baş Küngüt kəndindəki Orta əsrlərə aid Küngüt qalasını, Çayqaraqoyunlu kəndindəki Orta əsrlərə aid Qız qalasını, Damarçın çayının yuxarı axarındakı Orta əsrlərə aid Həzrəti Əli qalasını göstərmək olar.
Tarixi-mədəniyyət abidələri ilə zəngin olan, qədim sənətkarlıq mərkəzlərindən biri sayılan Şəki Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən keçən il Azərbaycanın sənətkarlıq paytaxtı elan olunmuşdur. Proqram çərçivəsində 2010-cu ildə Şəki şəhərində xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Proqramın həyata keçirilməsinin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, eyni zamanda paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması olmuşdur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir