Çingiz Şəfiyev barədə cinayət işi başlana bilər

Polkovnik-leytenantın intihara cəhd etməsi ilə bağlı yeni təfərrüatlar

 

Şəmkir hərbi birləşməsində baş verən intihara cəhd hadisəsi ilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, hərbi birləşmənin məsul işçilərindən biri olan polkovnik-leytenant  Azər Hüseynov intihara cəhd edib. O, ağır vəziyyətdə Gəncə hərbi hospitalına çatdırılıb. “Mil.az” saytının yaydığı məlumata görə, Şəmkir hərbi birləşməsinin sabiq komandiri Çingiz Şəfiyevin yaxın adamı hesab edilən Azər Hüseynovun özünü öldürmək istəməsi yoxlamalarla bağlıdır. Hərbi birləşmələrdə yoxlamalar Toğanada 7 əsgərin güllələnməsindən sonra başlayıb.
Əldə etdiyimiz məlumatlara görə, Azər Hüseynov Şəmkir hərbi birləşməsinin komplektləşdirmə və kadrlar bölməsinin rəisi vəzifəsində çalışır. O, Çingiz Şəfiyevlə birgə hərbi xidmət keçib. Səfər Əbiyevin yaxın qohumu olan Çingiz Şəfiyev Şəmkir korpusuna komandir təyin ediləndən sonra Azər Hüseynovu da yanına çağırıb. Məlumatlarda deyilir ki, yoxlamalar nəticəsində Azər Hüseynovun fəaliyyətində ciddi nöqsanlar aşkar edilib və onun məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. Məlumatlarda həmçinin vurğulanır ki, Toğanadakı hərbi hissədə baş verən qanlı olaydan sonra Azər Hüseynovun da rütbəsi bir pillə aşağı salınıb. Əslində indi o, mayor rütbəsi daşıyır.
Məlumatlarda, həmçinin bildirilir ki, yoxlamaların nəticəsi olaraq Çingiz Şəfiyev barəsində də cinayət işi başlana bilər. Artıq bu barədə qərar qəbul edilməsi müzakirə mövzusudur. Güman ki, yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

İnformasiya şöbəsi