“Yumurta”nın dışındakı korrupsiya əməliyyatları

Bu əməliyyatları durdura biləcək dövlət adamı yoxdur, çünki bütün dövlət adamları bu əməliyyatların sayəsində dövlət adamı olaraq qalırlar

İranın müdafiə nazirinin və azərbaycanlı oliqarxın gərəkli ortağı

Bahalaşma heç kimdə narahatlıq yaratmırdı. Hamı başını aşağı salıb öz işi və işsizliyilə məşğul idi. Azərbaycanda tüğyan edən rüşvət və korrupsiya da heç kimin vecinə deyildi. Rüşvət almaq imkanı olanlar onu alır, rüşvət verməli olanlar onu verir, müflis olanlar da keçib ən arxa sıralarda “öləri” talesizlərin arasında öz yerini tuturdu. Amma günün birində ərəblər Azərbaycandakı sahmana bənzər idarəetmə sahmanına, daha doğrusu, soyğunçuluq qaydalarına kütləvi şəkildə etiraz etməyə başladılar. Əzəmətli və möhtəşəm, sarsılmaz və əbədi görünən harın ərəb sülalələri bir-birinin ardınca gömülməyə başladı. Azərbaycanda isə internet şəbəkələrində və ictimai-siyasi təşkilatlarda birləşən insanlar ikinci nəfəs əldə etmiş kimi baş qaldırdılar: Azərbaycanın binəsib adamlarına və onların nəsibini çırpışdıranlara “ərəb variantları” vəd etdilər.

Yumurta cəhənnəmi

Yalnız bundan sonra “qımıldanma” başladı. Dövlət başçısı – bu zamana qədər Azərbaycanı dünyanın ən müasir sistemli, ən sürətli inkişafa malik, analoqsuz sahman-düzən məkanı kimi təqdim edən dövlət başçısı qalxıb yerindən durdu və gördü ki, sən demə, onun rəhbərlik (və həqiqətdə sahiblik) etdiyi ölkədə əməlli-başlı rüsvayçılıq hökm sürür; sən demə, bu ölkədə əməlli-başlı bahalıq varmış və insanlar bu bahalaşmadan əməlli-başlı əziyyət çəkirlərmiş. Dövlət başçısı şəxsən öz təşəbbüsü ilə araşdırma aparandan sonra belə qənaətə gəldi ki, Azərbaycanda toyuq yumurtasının satış qiymətləri ölkə əhalisini var-yoxdan çıxarır, onların həyat məcrasını darmadağın edir, insanlar bu yüksək yumurta qiymətləri üzündən həyatı cəhənnəm əzabı kimi qəbul edirlər. Və dövlət başçısı əmr etdi ki, bundan sonra kimsə cürət edib yumurtanın birini 12,5 qəpikdən baha sata bilməz.

Və yumurta cənnətinə keçid dövrü

Indi Azərbaycanda bu proses – yeni yumurta siyasətinə adaptasiya prosesi gedir; təbliğat-təşviqat qrupları əyani – əhalinin arasına getməklə və qiyabi – televiziya ekranlarından, xalqa izah etməklə məşğuldurlar ki, indən belə Azərbaycanda həyat iki və daha artıq dəfə gözəlləşəcək, çünki, şəxsən cənab prezidentin göstərişi və birbaşa nəzarəti altında yumurtanın qiyməti iki dəfədən daha artıq aşağı salınıb.

***

Əlbəttə, o qədər də qısa olmayan bu girişi yumor kimi də, satira kimi də, faciə kimi də qəbul etmək olar: hər bir kəsin əhval-ruhiyyəsindən asılıdır. Amma fakt budur və fakt bu cürdür.

***

Bəs, Azərbaycanda bu lənətə gəlmiş yumurtanın dışında hər hansı problem yoxdumu? Həyatı cəhənnəmə döndərən bu yumurta lənətə gəlmiş Azərbaycanda talanan milyardlarla qara kapitalın tam xəritəsi deməkdirmi? Əlbəttə, yox! Bu xəritəni tam təsvir etmək də çətindir, onu təsəvvürlərdə canlandırmaq da. Ona görə “vəhşi kapitalizm” deyirlər ki, onun fəsadlarını insan ağlı və məntiqi təsəvvür edə bilmir. Və bu dəfə sizə yumurtanın dışında qalan nəhəng mətləblərin çox cüzi hissəsi barədə məlumat verməyə çalışacağıq. Bu məlumatların əhatə etdiyi sahə hələ “yumurta islahatı”nın kursuna tabe etdirilməyib.

“SDK” – məxfi gömrük qapısından gələn pul vaqonunu kim qəbul edir?

Oxucularımızın arasında neçə faizi bilir ki, Azərbaycanda bahalaşma süni şəkildə – idxal-ixrac əməliyyatları üzərində cinayətkar monopoliya nəticəsində yaranır?! Bu cinayətkar əməliyyatlar təkcə azərbaycanlıların cibini soymur, həm də ayrı-ayrı imtiyazlı elementlərə hədsiz sərvət qazandırır, onları cəmiyyətin bütün təbəqələrinin fövqünə qaldırır. Hal-hazırda da Azərbaycanın şimal sərhədindəki “SDK” adlanan məntəqədə idxal-ixrac əməliyyatları üzərində qanunsuz nəzarət davam edir. Orada faktiki olaraq, alternativ, yarımməxfi gömrük postu yaradılıb, bu post uzun illərdir fəaliyyət göstərir. Həmin “gömrük postu” Dövlət Gömrük Komitəsinin nəzarəti və səlahiyyəti altında deyil, ona hesabat vermir. Bu “alternativ post”da qanunsuz nəzarət nəticəsində yığılan pullar paytaxta bir il əvvələ qədər xüsusi inkassator maşınında gətirilirdi. Moskvada “Çerkizov” bazarı dağılandan və Çin malları Azərbaycan üzərindən ikinci əsas yol qazanandan sonra oradakı həmin qara pullar Bakıya xüsusi vaqonla gətirilir. (Inkassator maşınına sığmır). Elə həmin “SDK”-da bu pulların hesabatını Bakıdakı lazımi ünvana təqdim olan məxfi mühasib həmin xüsusi vaqona qapadılır və pullarla birlikdə paytaxta gətirilir.
Əlbəttə, Bakıda bu pullar sahə müvəkkilinə təqdim olunmur. Bu “SDK – məxfi gömrük” əməliyyatlarına rəhbərlik M.Ə. adlı şəxsə həvalə edilib. Bu şəxs, dövlət gömrük orqanlarında qanuni olaraq heç bir səlahiyyətin sahibi deyil, amma qanunsuz olaraq bütün səlahiyyətlərin sahibidir və Gömrük Komitəsində kimsə onun sözünün üstünə söz deyə bilməz.

İranın müdafiə nazirinin ortağının burada nə ölümü var?

Bu M.Ə. adlı şəxs Iranın müdafiə naziri ilə şərik olan bir iranlıya birbaşa tabedir. Yox, elə düşünməyin ki, “SDK”-da yığılan korrupsiya pullarının Irana hansısa dəxli var. Qətiyyən. Məsələ burasındadır ki, Iranın müdafiə naziri ilə Irandakı biznesi üzrə şərik olan həmin “Ə” adlı Iran vətəndaşı Azərbaycandakı oliqarxlardan biri ilə də həm şərikdir, həm də onun menecerlərindən biridir. Bu Iran iş adamı Bakıda Tbilisi prospektindəki əzəmətli və nəhəng ərazini əhatə edən ofisində bərqərar olub. Onun burada yerləşmə tarixi isə qədimdir, hər halda 10 ildən artıqdır.
Məlumat üçün bildirək ki, “bahalaşma və rüşvətxorluqla mübarizənin” (məhz, rüşvətxorluqla, çünki zatən Azərbaycanda korrupsiya ilə xüsusi mübarizə proyektlərinə ehtiyac olmayacaq, bu “mübarizə” 10 ildir ki, həşəmətli dövlət məmuru Ramiz Mehdiyevin rəhbərliyi ilə davam edir) növbəti, yaxın mərhələlərinin birində Azərbaycan rəhbərləri yuxarıda haqqında bəhs etdiyimiz məşhur broker M.Ə.-ni vuracaq, biznesmenlərin dili ilə desək, “rasxoda verəcək”.
Indi həmin adamın yerinə, həmin işləri görə biləcək namizəd axtarılır. Bizdə olan məlumatlara görə, bu M.Ə. eyni zamanda, ümumi kassaya 140 milyon civarında kələk gəlməkdə ittiham olunur və onun “vurulmasının” əsas səbəbi də elə bu olacaq. Bir halda ki, adam vurulmalıdır, o halda, niyə bundan ictimai-siyasi dividend də əldə edilməsin? Buna görə də, “Azadlıq”ın oxucuları diqqətli olub gömrük xidmətinin hansısa dolayı mərhələsi üzrə əsas adamlardan birinin işdən çıxarılması, həbsə atılması və bahalaşmanın bu bədbəxtin üzərinə qoyulması barədə xəbərləri eşitdikləri zaman çox da kövrəlməməlidirlər: əslində, söhbət ümumi kassaya 140 milyonluq xəyanət üstündə cəzalandırılmaqdan gedəcək.
Azərbaycan xalqının güzəranı isə bütün dövlət məmurlarını bir yumurtalıq narahat edir. Yeri gəlmişkən, buna da şükür.

***

“SDK”-dan danışmışkən, onu da qeyd edək ki, buradakı daşıma əməliyyatları (karqo xidməti) hakim ailəyə birbaşa aidiyyəti olan bir “kommersant”ın nəzarəti altındadır.

Onlar körpə uşaqların vitaminini də sorurlar

Azərbaycanda alma və yerkökü kimi mühüm uşaq qidası od qiymətinədir. Normal insan hökumətləri bu məhsullar üzərində gömrük tariflərini maksimum aşağı salırlar. Axı, söhbət körpə uşaqların orqanizmi üçün zəruri olan vitaminlərə hər bir ailənin əlinin çata bilməsindən gedir. Əlbəttə, orada gömrük tariflərinə baxıb bu rüsumların bizdə də dəhşətli dərəcədə böyük olmadığını görəcəksiniz. Bəs, niyə Azərbaycan bazarında, məsələn yerkökü 1 manat 50 qəpikdən aşağı deyil? Ona görə ki, yerkökünün hər bir tonu üçün 600 dollar qara “gömrük məzənnəsi” müəyyənləşdiririb. Alma və sair meyvələr də o cür.
Insafən, bir neçə il bundan əvvələ qədər bu “qara rüsumlar” fərqli olub. Məsələn, yerkökünün tonu üçün 150 dollar, almanın tonu üçün 300 dollar və sair. Həmin zamanlarda Azərbaycandan olan iş adamları bu qanunsuz rüsumların mövcudluğuna baxmayaraq, ölkəyə mal və məhsulların ixracı ilə məşğul olmaqda davam ediblər. Sonra bu entuziazmı məhdudlaşdırmaq üçün qara rüsumlar proporsional olaraq 100 dollar məbləğində qaldırılıb. Entuziazm sönmək bilməyib. Sonra bütün meyvələr üçün bu rüsumlar birmənalı olaraq 600 dollara qaldırılıb. (Əlbəttə, bu o demək deyil ki, yerli biznesmenlər bu malları başqa ölkələrdən sərbəst şəkildə alıb, burada həmin qara rüsumu ödəyib, ölkəyə sərbəst şəkildə daxil edə bilərdilər. Bütün hallarda bu mal və məhsullar oliqarxların şirkətlərinin adı ilə gətirilməlidir, bu, toxunulmaz şərtdir). Bu əməliyyat biznes entuziazmını bir qədər səngitsə də, onu tamam söndürməyib. Nəhayət, növbəti və hələlik, sonuncu şərt təklif edilib: ölkəyə mal idxal etmək niyyətində olan hər bir şəxs bütün digər şərtləri qəbul etməklə yanaşı, 50 min dollar “depozit” qoymalıdır. Bu, yerli biznesmenlərin nəhəng bir şəbəkəsinin belini tamam qırıb. Indi hamı “ONLAR” üçün işləməlidir…

(ardı var)

Seyid