Buyurun, günlərdir Eynulla üçün həyəcan təbili çalınır, cəsur və vicdanlı həmkarımızın ölümlə qarşı-qarşıya olduğu deyilir, amma adına Mətbuat Şurası deyilən qurum ağzına su alıb oturur. Dünənsə bu zavallı Şura jurnalistlərlə polislərin futbol oyununu təşkil edəcəyini açıqladı.
Bir jurnalistin həyatı təhlükədəykən… Avropa Məhkəməsininin onun dərhal azad edilməsi haqqında qərarı qulaqardına vurularkən… Başqalarına da görk olsun deyə ona olmazın işgəncələr verilərkən hansı özünə hörmət edən Mətbuat Şurası belə mənasız, düşük işlə məşğul ola bilər? Hansı vicdanlı Mətbuat Şurası belə duyğusuzca, belə ürəksizcə, belə çirkincə davrana bilər?
Əflatun Amaşov heçmi özü ilə baş-başa qalmır? Heçmi özü özünə hesabat vermir? Heçmi düşünmür, ölkədə azad, tənqidçi sözün üzərində bu qədər basqı, bu qədər təhdid, bu qədər alçaltma və aşağılama varkən bir Mətbuat Şurası sədrindən “çırt” səsi çıxmamasının nə qədər çirkin olduğunu heçmi demir öz-özünə: “Madam ki, ağzımı açıb hakimiyyətə bir kəlmə dillənə bilmirəm, dirənə bilmirəm, mətbuatın haqlarını qoruya bilmirəm, heç olmasa, ayıbıma bükülüb oturum, daha gülməli, daha çirkin duruma düşməyim”.
Bir Mətbuat Şurası və onun sədri bu qədərmi mətbuatdan yox, iqtidardan yana olar?
Bir Mətbuat Şurası və onun sədri bu qədərmi başıaşağı, üzüyola olar?
Bir Mətbuat Şurası və onun sədri bu qədərmi qalınqabırğalı olar?
Haydı, ölümlə üz-üzə qaldığını bas-bas bağıran bir jurnalistin haqlarına sahib ola bilmirsən, onun yanında ola bilmirsən, bu zülmə, qəddarlığa üsyan edə bilmirsən, barı futbol-mutbol kimi düşük işlərin başını burax. Heç olmasa, bununla əzilən, çeynənən, tapdanan jurnalistikaya sayğını göstər.
Axı biz nə vaxtdan futbolçu olduq? Biz olsa-olsa futbol topu olduq indiyədək. Sənin sevimli iqtidarın bizi indiyədək ayaqlarının ucunda oynatdı. Və hələ də oynatmağa davam edirsə, nə futbolbazlıqdır?
Ən əsası, bizi indi futbolçu kimi qarşısına çıxarmaq istədiyin polislərin qarşısına bizim jurnalist kimi çıxmağa ehtiyacımız var axı. Bir Mətbuat Şurası və onun sədri bunun fərqində deyilsə, daha o nə Mətbuat Şurasıdır, o nə Mətbuat Şurası sədridir. Bizi cibimizə atdırılan nəşələrlə, üzümüzə durğuzulan qızlarla, başımıza endirilən dubinkalarla öz sevimli hakimiyyətinə uduzduran Mətbuat Şurası və onun sədri bizi polislərlə futbol oyununda uddursa nə olacaq? Bu ölkədə azad söz məğlubkən, tənqidçi jurnalistika məğlubkən biz gedib futbolda polisə-molisə qalib gəlsək nə olacaq? Bir məmləkətdə həqiqəti, doğruları yazmaq adına jurnalistin əli qələm tutmur, amma ayağı top tutursa, o jurnalist istəyir lap Messi olsun, kimə nə faydası? Kimə nə isti-soyuğu?
Əlbəttə, mən başa düşürəm, ölkədə vicdanlı, ləyaqətli media ilə bağlı repressiyalar, şərləmələr, basqılar, təhdidlər Mətbuat Şurasından, Əflatun Amaşovdan yuxarılarda həll olunur. O şura da, onun sədri də sadəcə, görüntüdür, icraçıdır. Bu ölkənin deputatı, məmuru, hakimi, ombudsmanı kimi o şura da, onun sədri də bir adamın iki dodağının arasından çıxan sözə tabedir. Etiraz edə bilməz. Tələb edə bilməz. Rejimin üzünə qayıda bilməz. Ancaq heç olmasa, bir jurnalist ölümün cəngində çabalarkən polislərlə futbol oyunu ki keçirməyə bilər. Yoxsa adında “mətbuat” sözü olan bir qurumu bu qədər müti, kölə duruma gətirmək hansı əxlaqa, hansı etikaya, hansı vicdana sığır?
Artıq yetər! Mətbuat Şurası və onun sədri yığışdırmalıdı bu oyunları.
Polislərlə futbol oyununu isə lap axırda da yığışdırsa olar.
Bu sual-cavabı çox bəyəndim
“Qafqazinfo” saytının müxbiri: Hakimiyyət müxalifəti qınayır ki, Qarabağ problemi dura-dura aksiya keçirirsiniz…
Isa Qəmbər: Deməli, ömür-billah heç kim, heç bir addım atmamalıdır ki, hakimiyyət Qarabağ məsələsini həll edə bilmir?
Kənd toyuqlarından cəsarət örnəyi
Ilham Əliyev yumurtanın qiymətini aşağı salmağı tələb etdi. Fabrik yumurtası həmən 12 qəpik oldu.
Amma kənd toyuqlarının yumurtası hələ də 27 qəpikdir.
Konstruktiv müxalifəti heç kim bu qədər utandıra bilməzdi.