Kəmaləddin Heydərov genişmiqyaslı hücuma keçdi

«Fövqəlnazir»in politoloqu Bəylər Əyyubovu, Artur Rəsizadəni və Ramil Usubovu «vurdu»

“Antikorrupsiya şousu” çərçivəsində hakimiyyətdaxili qruplar arasındakı ziddiyyətlər açıq müstəviyə keçib. Xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev indiki vəziyyətdən maksimum yararlanmağa çalışır.
Bir neçə gün əvvəl Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən deputatlardan biri Nazirlər Kabinetində dəyişikliklərin vacib olduğunu bildirmişdi. Elə onunla eyni gündə Kəmaləddin Heydərovun “siyasi partiyalar qrupu”na daxil olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar səsləndirmişdi. Onun ardınca “fövqəlnazir”in politoloqu kimi tanınan Cümşüd Nuriyev Kəmaləddin Heydərovun rəqiblərini topa tutub. Bu sırada Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun, daxili işlər naziri Ramil Usubovun və baş nazir Artur Rəsizadənin adlarını çəkmək olar.
“Hürriyyət” qəzetinə müsahibəsində Ilham Əliyevin “yumurta müşavirəsi” ilə bağlı fikirlərini açıqlayan Cümşüd Nuriyev deyib ki, bu məhsulun hansı oliqarxın inhisarında olduğunu hər kəs bilir. Cümşüd Nuriyevin fikrincə, yumurtanın qiymətinin qalxması Ilham Əliyevin Soçi görüşü ilə bağlıdır: “Azərbaycan nə vaxt Qarabağla bağlı addım atmaq istəyir, tamam ayrı bir yerdən mövzu çıxararaq diqqəti yayındırırlar. Soçi görüşündən sonra bir neçə günün içərisində yumurtanın qiymətini birdən-birə niyə qaldırdılar? Bu monopolistlər kimlərdir, niyə onların adları çəkilmir?”
Cümşüd Nuriyev bilməmiş deyil ki, Azərbaycanda yumurta bazarının 70 faizi “Giləzi”broylerin nəzarətindədir. Bu quşçuluq təsərrüfatı isə Bəylər Əyyubovun himayəsi altındadır. Bununla da politoloq faktiki olaraq Ilham Əliyevin mühafizəçisini təxribatda ittiham edib.
Ramil Usubovla bağlı ittihama gəlincə, Cümşüd Nuriyev deyib ki, DIN-in arxivində ermənilərlə bağlı bütün sənədləri dəyişdiriblər. Əslində Ramil Usubova qarşı bu ittiham dolayısı ilə Kəmaləddin Heydərovun əzəli rəqibi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yönəlib. Çünki daxili işlər naziri PA rəhbərinin qruplaşmasına daxildir.
Cümşüd Nuriyev müsahibədə iddia edib ki, Artur Rəsizadə Ilham Əliyev hakimiyyəti üçün təhlükədir. Onun fikrincə, Nazirlər Kabineti bütövlükdə istefaya göndərilməlidir. “Biz Arturu yaxşı tanımırıq. Artur heç kimdirsə, nədən onun bu qədər biznesi var. Arturun kürəkəninin çıxmadığı oyunlar qalmayıb. Əvvəla, siz gedin Arturun milliyyətini müəyyənləşdirin, ondan sonra ətəyində namaz qılın”,- deyə Cümşüd Nuriyev vurğulayıb.

İnformasiya şöbəsi