“Amnesty İnternational” hüquq müdafiə təşkilatı Bakıda müxalifətin dinc aksiyasının dağıdılmasını pisləyib. Aksiya zamanı 100-dən çox adam saxlanılıb.
Təşkilatın məlumatında deyilir ki, şənbə günü Bakıda “Fəvvarələr meydanı”na Müsavat Partiyasının mitinqinə 300-ə yaxın adam toplaşıb. Bir neçə nəfər mitinqə gedərkən yolda saxlanılıb.
“Dinc nümayişçilərə qarşı bu cür amansız taktikanın tətbiqi üçün heç bir əsas yox idi”, – Aİ-nin Azərbaycan üzrə eksperti, etiraz aksiyasında iştirak etmiş Natalya Nozadze bildirib.
“Azərbaycan hakimiyyəti dinc etirazları həll etmək üçün beynəlxalq öhdəliklərə malikdir. Hakimiyyət öz vətəndaşlarının ifadə və toplaşma azadlığı hüququnu təmin etməlidir”, – o vurğulayıb.
Nümayişçilər “Azadlıq” şüarı səsləndiriblər və prezidentin istefasına, həmçinin bundan əvvəl saxlanmış fəalların azad edilməsinə çağırıblar. Meydan polis tərəfindən mühasirəyə alınıb. Polis nümayişçiləri tutaraq maşınlara basıb. Jurnalistlər də daxil olmaqla, bir neçə nəfər döyülüb.
Bundan əvvəl Müsavat Partiyası mitinqin keçirilməsi üçün icazə istəyib, lakin hakimiyyət imtina edib. Aksiya zamanı aparıcı partiya xadimləri də daxil olmaqla, 100-dən çox adam saxlanılıb.
“Biz radikal dəyişikliklərə çağırırıq. Biz əsil demokratiya istəyirik. Biz parlamentin buraxılmasını və yeni, demokratik seçkilərin keçirilməsini istəyirik”, – Müsavat Partiyasının lideri İsa Qəmbər bildirib.
* Bundan əvvəl, martın 11-də 43 nəfər gənc fəal saxlanılıb. Onlar korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının pozulmasına son qoyulması tələbilə aksiya keçiriblər.
Martın 4-dən başlayaraq ölkənin müxtəlif yerlərində polis sosial şəbəkələrin vasitəsilə gəncləri kütləvi etirazlara çağıran gənc fəalları həbs edib (“Turan”).