İnhisarçılara gücü çatmayan Iqtisadi Inkişaf Nazirliyi mağazalardan qiymət endirməyi tələb edir
Nemət Əliyev: «Hakimiyyətin ölkədəki bahalaşmaya qarşı apardığı siyasət bazar qanunlarına ziddir»
Hakimiyyət ölkədəki bahalaşma ilə mübarizədə maraqlı taktika seçib. Ölkədəki qiymət artımının əsas səbəblərindən biri olan inhisarçılıqla mübarizə aparmaq əvəzinə hakimiyyət Iqtisadi Inkişaf Nazirliyinin əli ilə mağaza sahiblərinə təzyiq edərək satılan mallara konkret qiymətlər müəyyənləşdirir.
Məsələn, qəzetimizə daxil olan məlumata görə, iri mağazalara bir yumurta topdan satış qiyməti ilə 11.5 qəpiyə daxil olsa da Iqtisadi Inkişaf Nazirliyinin göstərişi ilə yumurtanın bir ədədi 12 qəpikdən baha satıla bilməz. Eyni yanaşma iri mağazalarda satılan toyuq məhsullarına da şamil edilib. “Səba” firmasının toyuqları 3.10 manatdan, Ankor yağı 7 manatdan baha satıla bilməz. Halbuki həmin malların mağazalara daxil olma qiyməti ilə satış qiyməti arasında cəmi 10 qəpik fərq var. Bu isə mağazaların həmin məhsulların saxlanması üçün sərf etdikləri elektrik enerjisini ödəmir. Digər tərəfdən, mağaza sahiblərinin məhz məhsulların üzərinə qoyduqları əlavə vəsaitdən maliyyə götürərək vergi, sığorta və işçilərə maaş verdiklərini nəzərə alsaq, bu qadağalardan sonra bir çox sahibkarın müflis olması istisna deyil. Bundan başqa, əldə etdiyimiz məlumatlara görə, Iqtisadi Inkişaf Nazirliyinin nümayəndələri bir sıra şirkətlərin istehsal etdiyi malların qiymətlərinin tam minimuma salınmasını mağaza sahiblərinə dönə-dönə tapşırıblar. Söhbət “Dəvəçi”, “Qaraqışlı” broylerlərin, “Şurabad” quşçuluq, “Ləzət” Qida Sənaye MMC-nin, “Azərsun”un istehsal etdiyi məhsullardan gedir.
Bəs görəsən, inhisarçılıqla mübarizə aparmadan sahibkarlara qarşı bu cür səlib yürüşü elan olunması nə dərəcədə düzgündür?
AXCP Iqtisadiyyat Komissiyasının rəhbəri Nemət Əliyevin fikrincə, hakimiyyətin ölkədəki bahalaşmaya qarşı apardığı siyasət bazar qanunlarına ziddir. Azərbaycan hakimiyyətinin ənənəvi olaraq iqtisadiyyatdakı problemləri də inzibati yolla həll etməyə çalışdığını deyən N.Əliyev bildirdi ki, bu metodun ömrü uzunmüddətli ola bilməz. Digər tərəfdən, yürüdülən siyasətin ciddi fəsadları ola bilər: “Hakimiyyət bazara kobud müdaxilə edərək buradakı qiymətləri aşağı salmağa çalışır. Amma bir məqam unudulur ki, ölkədə qiymət artımı bu səviyyəyə çatıbsa, bunun əsas günahkarlarından biri də inhisarçılardır. Bu gün bütün sahələr inhisardadır. Ölkəyə idxal olunan mallar, ölkədə istehsal olunan mallar da müxtəlif şəxslərin əlində cəmləşib. Bu halda hakimiyyət ilk növbədə məhz həmin şəxslərə qarşı mübarizə aparmalı idi. Amma hakimiyyət tam başqa taktika seçərək xırda sahibkarları hədəfə alıb ki, bu da uzun müddət davam edə bilməz”.
Azərbaycandakı kimi bazara müdaxilənin dünyanın heç bir ölkəsində reallaşdırılmadığını deyən N.Əliyev bildirdi ki, qiymətlərin endirilməsi üçün bütün dünyanın müraciət etdiyi praktikadan yararlanmaq lazım idi. Bu isə çox sadədir. Bazarda təklifi artırmaqla hökumət qiymətlərin ucazlaşmasına nail ola bilərdi.
Hikmət