Avropadan Qəzzafiyə ultimatum

«Polkovnik Qəzzafi dərhal istefa verməlidir»

Liviyada gərginlik davam edir. Müəmmər Qəzzafi ona bağlı hərbçilər və Afrika ölkələrindən gətirilmiş muzdlu əsgərlərin hesabına hakimiyyətdə qalmağa çalışır. Liviya diktatoru demək olar ki, hər gün müxalifət üzərinə öz əsgərlərini göndərir, onların məskunlaşdığı əraziləri bombalatdırır.
Qəzzafinin ağır texnika ilə silahlanmış 5 minlik ordusu müxalifətin nəzarətində olan Breqa şəhərinə girib. Müxalifət təmsilçiləri ilə Qəzzafi gücləri arasında silahlı qarşıdurma olub. Tərəflər arasında ölən və yaralananların olduğu söylənilir.
Etirazları yatırmaq üçün əhaliyə nağd pul paylayan Liviya hökuməti üsyançıları sakitləşdirmək məqsədilə növbəti addım atıb. Hökumət təslim olan üsyançılar üçün amnistiya elan edib. Qəzzafi rejimi silahı yerə qoyacaq üsyançıların cəzalandırılmayacağını bildirib.
Fransanın Benqazidə müxalifətin qurduğu müvəqqəti keçid hökuməti tanıması Müəmmər Qəzzafi rejimini qəzəbləndirib. Liviya qeyri-müəyyən müddətə Fransa ilə diplomatik münasibətləri kəsib. Səbəb kimi isə Fransanın Liviya müxalifətini legitim hakimiyyət kimi tanımasıdır.
“Bu gün Fransa ilə diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edilib. Fransız hökumətinin Liviyanın bölünməsinə dəstək verməsi göz qabağındadır”,- deyə Liviya xarici işlər nazirinin müavini Xalid Kaim söyləyib.
Brüsseldə fövqəladə toplantı keçirən Avropa Birliyinə üzv ölkələrin liderləri Qəzzafi rejiminə qarşı silahlı müdaxilə məsələsində razılıq əldə edə bilməyiblər. Fransa prezidenti Nikola Sarkozi və Ingiltərənin baş naziri Devid Kameronun Benqazidə müxalifətin təşkil etdiyi müvəqqəti hökumətin Avropa Birliyi tərəfindən tanınması təklifi qəbul olunmayıb. Lakin liderlər 42 il ölkəni dəmir yumruqla idarə edən Müəmmər Qəzzafini dərhal istefa verməyə çağırıb.
Sarkozi və Kameron Avropa Birliyinin prezidenti Herman van Rompuyeyə məktub ünvanlayaraq Qəzzafinin kimyəvi silah işlətmə və xalqın bombalanmasını davam etdirəcəyi təqdirdə Fransa və Ingiltərənin Liviyaya hərbi müdaxilə etməyə hazır olduğunu vurğulayıb.
Hollandiyanın baş naziri Mark Rutt Fransanın Liviyada müvəqqəti hökumətin tanınmasına yönəlik təklifin uğurlu olmadığını və problemin həlli üçün başqa variantların müzakirəsini təklif edib. Almaniya və Italiya liderləri də Sarkozi və Kameronun təkliflərini dəstəkləməyib.

İnformasiya şöbəsi