Yumurtanı bahalaşdıranları hansı cəza gözləyir?

Bəylər Əyyubovun adamları cərimə də oluna, islah işlərinə də cəlb edilə də bilərlər

 

Baş Prokurorluq yumurtanın bahalaşması ilə bağlı aparılan araşdırmaların nəticələri haqda məlumat yayıb. Prokurorluğun araşdırmaları göstərib ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar.
Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6 faiz artım baş verib.
Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırılmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub. Toyuq yumurtası bazarında aparılan araşdırmanın nəticələri ilə bağlı müvafiq material Baş Prokurorluğa göndərilib.
Araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, hələ ötən sayımızda bildirmişdik ki, yumurta bazarını sözügedən məhsulla əsas etibarilə “Giləzi” broyler təmin edir ki, bu şirkət də dövlət başçısının mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun himayəsindədir.
Ancaq heç inandırıcı görünmür ki, dövlət başçısı ən yaxın adamlarını cəzalandırsın. Bəs prokurorluğun qaldırdığı maddələrlə qiyməti qaldıranları hansı cəza gözləyir?
Cinayət Məcəlləsinin 199.1-ci maddəsi şərti maliyyə məbləğinin 100 mislindən 500 mislinədək cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud iki il müddətə azadlığın məhdudlaşdırılmasını nəzərdə tutur.
199.2-ci maddə isə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə- iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 308.1-ci maddəsi isə şərti maliyyə vahidinin min mislindən 2 min mislinədək cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.