Rəsmi məlumat yalan, onları təkzib edən rəqəmlər isə çox tərs və çox gerçəkdir
Rabitə Nazirliyindən reaksiya gəldi
Bir müddət əvvəl “Azadlıq”da “Rabitəsiz bəyanatlar nazirliyi” sərlövhəli məqalə dərc olunmuşdu. Qısaca olaraq qeyd edək ki, həmin yazıda Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasovun “RBK daily” saytına müsahibəsində rəqəmləri şişirtməsinə münasibət bildirilmişdi.
Nazir müsahibəsində bildirib ki, Azərbaycanın Informasiya-Kommunikasiya Texnologiyaları (IKT) sektoru MDB ölkələri arasında dinamik inkişafına görə ardıcıl üçüncü ildir liderdir. Araşdırmalarımız nəticəsində isə məlum olmuşdu ki, nazirin dediyindən fərqli olaraq 2010-cu ildə informasiya və rabitə xidmətlərinin həcmi 3,5 faiz deyil, 2,8 faiz təşkil edib ki, bu da 300 mln. manat ətrafında fərq deməkdir.
“Lider ölkə” yalanı
Bundan başqa, nazir etiraf etmişdi ki, 1 oktyabr 2010-cu il tarixinə olan statistikaya görə, ölkədə genişzolaqlı internetə giriş imkanı cəmi 12 faiz təşkil edir. Bu bir daha təsdiq edir ki, internet istifadəçilərinin mütləq əksəriyyəti “dial-up” rejimindən istifadə edir. Bundan başqa, Qazaxıstan və Özbəkistanda artıq 4G nəsli tətbiq olunduğu halda, Azərbaycanın IKT sektoru MDB ölkələri arasında dinamik inkişafına görə necə lider ola bilər? Respublika kəndlərinin əksəriyyəti stasionar rabitədən istifadə edə bilmir. Rabitə bazarında elementar rəqabət şəraiti yoxdur.
Ölkənin fiksal rabitə çıxışı üzrə cəmi bir operator var ki, o da “Aztelekom” IB-dir. “Aztelekom”un bu sahədə hegemon olması ölkəmizi beynəlxalq stasionar, beynəlxalq rouminq və yerli operatorlararası danışıq üzrə dünyada ən bahalı tariflər sırasına salıb. Maraqlıdır ki, nazir müsahibəsində “Aztelekom”un özəlləşdirilməsindən danışsa da, fiksal çıxışın diversifikasiyasına toxunmayıb. Bu o deməkdir ki, biz “Aztelekom”un bahalı və aşağı keyfiyyətli rabitəsi ilə uzun müddət bir yerdə olacağıq.
Ölkəmizin mobil rabitə bazarında da sağlam rəqabət şəraitinin olmadığı sirr deyil. Adıçəkilən yazıda həmçinin 3G tezliklərinin ayrılması, tezliklərin kimə məxsus olması, onların qiyməti və verilmə şərtlərilə bağlı RITN-ə 17 fevral 2011-ci ildə sorğu göndərdiyimizi, ancaq hələ cavab almadığımızı bildirmişdik. Bugünlərdə qəzetimizə nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri B.Məmmədovun adından 25 fevral 2011-ci il tarixli (bu tarix məqalə dərc olunan günə təsadüf edir) cavab məktubu daxil olub. Cavabda “Telekommunikasiya haqqında” AR qanununa və onun tətbiq edilməsi barədə prezidentin 9 avqust 2005-ci il tarixli 277 saylı fərmanına istinad olunaraq, bildirilir ki, radiotezliklər istifadə üçün Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılır və müraciətlər də bu təşkilata ünvanlanır. Məktubda həmçinin tezliklərin dövlətə məxsus olduğu vurğulanır.
Kasıb gürcülər də varlı Azərbaycanı “yeyirlər”
Qeyd edək ki, ötən illərdə Nazirlik rəsmiləri tezliklərin artıq özəl əllərdə olduğu üçün operatorların ünvanı səhv saldığını deyirdilər. Əldə etdiyimiz məlumata görə, doğrudan da bu sahəyə aidiyyəti olmayan qurumlara 3G tezlikləri qeyri-müəyyən səbəblərə görə verilib. Belə tezliklərdən biri hətta hansısa televiziya şirkətinin əlinə düşüb. Bu məktubdan yalnız belə nəticə çıxarmaq olur ki, həmin tezliklərin yenidən dövlətə qaytarılması mümkün olub. Cavab məktubunda həmçinin qeyd olunur ki, Radiotezliklərin təyin olunması, onlara nəzarət və istismar haqları üzrə ödənişlər Tarif Şurasının 23 iyul 2004-cü il tarixli qərarı ilə tənzimlənir. Nazirliyin məktubunda 3G üzrə lisenziyanın hazırda qiymətinin 11.000 (on bir min) manat olduğu göstərilir.
Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Gürcüstanın operatorları 3G lisenziyasını hərracda 10-11 mln. ABŞ dollarına alıblar. Hazırda bu ölkədə 3 ədəd 3G operatoru fəaliyyət göstərir. RITN yetkililəri rüsumun az ölçüdə olmasının daha yaxşı siyasət olduğunu bildirirlər. Halbuki, nazirlik 2003-2006-cü illərdə mobil rabitə bazarına 3-cü operatorun buraxılmamasını lisenziya haqqının 3-4 min ABŞ dolları olması ilə izah edirdi. Yəni bazara daxil olan operatordan girişdə pul almaq doğru deyil. Qoy onlar həmin vəsaiti sərmayəyə yönəltsinlər. Iş yerləri açsınlar. Daha keyfiyyətli xidmət göstərsinlər, daha çox vergi versinlər və s.
Öz-özlüyündə bu yanaşma normaldır. Xatırlayırsınızsa, ötən əsrin 90-cı illərində Çexiya və digər Şərqi Avropa ölkələrində sahibkarları həvəsləndirmək üçün dövlət müəssisələrini simvolik qiymətlərə satırdılar. Hansı sahibkar daha çox sərmayə və yaxşı biznes plan təqdim edirdisə, müəssisə ona da verilirdi.
“Azercell” arayış yaza bilmir?
Bütün bunları nəzərə alsaq, haqlı bir sual yaranır: Necə oldu ki, lisenziya qiyməti 11 mln. ABŞ dolları olan kasıb Gürcüstana 3 ədəd 3G operatoru həvəs göstərdi və 4 il bundan əvvəl fəaliyyətə başladı, amma lisenziya haqqı cəmi 11 min manat olan, Cənubi Qafqazda həm əhalisinin sayına, alıcılıq qabiliyyətinə və iqtisadiyyatına görə daha üstün olan Azərbaycanın rabitə bazarına maraq göstərən olmadı? Yerli bazarda fəaliyyət göstərən şirkətə isə sənədinin səhv olmasını əsas gətirərək 3G lisenziyası verilmir.
Əvvəla,”Azercell” kimi bir şirkətin bu sənədləri tərtib edə bilməməsi inandırıcı deyil. Yeri gəlmişkən, biz bu şirkətə müraciət edərək, Nazirliyin cavab məktubunda göstərilən prosedurlara düzgün əməl edib-etmədiklərinə münasibət bildirməsini istəyirik. Lap təsəvvür edək ki, “Azercell” sənədləri düz tərtib edə bilmir, səriştəsi çatmır. Bəs sayı ondan çox olan sahibkarlıq və biznesə dəstək strukturları, Iqtisadi Inkişaf Nazirliyi, ölkə prezidenti, Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən iqtisadi qurumlar nə üçündür? Bir ərizəni yaza bilməyən operatorun əlindən tutub yazdıra bilmirlərmi? Və yaxud özləri yazıb, ona qol çəkdirə bilmirlərmi? Prosedurlar çox çətindirsə, niyə sadələşdirilmir, indi dəbdə olan vahid pəncərə sistemi tətbiq edilmir?
Bu məsələlərdə “Azercell”in də ağzına su alıb durması təəccüb doğurur. Prezidentin göstərişindən sonra da nazirlik ona lisenziya vermirsə, nəyə görə başqa tədbirlərə əl atmır, misal üçün iqtisad məhkəmələrinə müraciət etmir? Xatırlayırsınızsa, belə təcrübə əvvəllər bizdə olub. 2001 – 2003-cü illərdə ölkənin internet ictimaiyyətinin nümayəndələri Rabitə Nazirliyini məhkəməyə verərək, internetə görə stasionar telefonlardan əlavə abunə haqqının alınmasını ləğv etdirə bilmişdilər. Bundan əlavə, ölkənin ilk mobil operatoru “Bakcell” şirkəti Rabitə Nazirliyinin ədalətsiz qərarlarını ləğv etdirmək üçün uzun məhkəmə yolunu seçmişdi.
Seyid