Rəsmi qurumlarda ötür-ötür oyunu
Naxçıvanın Babək rayonunun bir qrup sakini redaksiyamıza müraciət edərək bildirib ki, şəxsi taksilərin fəaliyyətinə qoyulan qadağaya görə yaşadıqları rayonda nəqliyyat qıtlığı yaranıb. Sakinlər deyir ki, rayon mərkəzinə və kəndlərə Naxçıvan şəhərindən gün ərzində bir neçə mikroavtobus işləyir. Bu da onların nəqliyyat problemini həll etmir. Ümid qalır taksilərə ki, onların da sayı çox azdır. Rayon sakini Sabir Vəliyev deyir ki, ictimai nəqliyyat tələbatı ödəmədiyindən məcburiyyət qarşısında taksi xidmətindən istifadə edirlər:
“Mən çox vaxt ictimai nəqliyyatdan istifadə edirəm. Amma bu nəqliyyatın sayı və tutumu az olduğundan Babək qəsəbəsiylə birgə başqa kəndlərin sakinləri də piyada qalır. Məcbur oluruq taksidən istifadə etməyə. Qəsəbədə 4-5 göy rəngli nömrə nişanı olan taksi var ki, bu da tələbatı ödəmir”.
Əvvəllər şəxsi avtomobilindən taksi kimi istifadə etmiş digər rayon sakini Qüdrət Kazımov bildirir ki, yenidən taksi fəaliyyətinə başlamaq onun üçün əlçatmaz olub. Çünki hazırda Naxçıvanda taksi fəaliyyətiylə məşğul olmaq üçün göy rəngli xüsusi nömrə nişanı almaq tələb olunur. O deyir ki, həmin nömrələr Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi Idarəsində 4-5 min manata satılır. Qüdrət Kazımov bildirir ki, bu azmış kimi, yeni qaydalara görə, göy rəngli xüsusi dövlət nömrə nişanı yalnız Naxçıvan Avtomobil Zavodunda istehsal olunan “Lifan” avtomobillərinə verilir;
“4-5 min manat düzəltmişdim ki, göy nömrə alam. Getdim yol polisinə, orada dedilər ki, get ”Lifan” al, sonra gələrsən sənə nömrə verərik. “Lifan”ın qiyməyi 15 mindən bahadır. Bu qədər pulu haradan alım?”.
Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə müraciət etdik. Nazirlikdən dedilər ki, bir neçə gün sonra əlaqə saxlayıb bu haqda sizə məlumat verəcəyik. Bir neçə gündən sonra əlaqə saxladıqda bildirdilər ki, yalnız Ali Məclisdən icazə alındıqdan sonra nazirlik bu məsələyə aydınlıq gətirə bilər.
Naxçıvan Muxtar Respublikası nəqliyyat idarəsinin adının çəkilməsini istəməyən rəsmisi isə bildirdi ki, Babək rayonunda ictimai nəqliyyatın çatışmamasıyla bağlı deyilənlər həqiqətə uyğun deyil. Çünki rayona ayrılan ictimai nəqliyyatın sayı kifayət qədərdir.
Idarə rəsmisi həmçinin təsdiqlədi ki, şəxsi avtomobillərdən taksi kimi istifadəyə qadağa qoyulub. O bildirdi ki, yalnız yeni istehsal olunmuş və komfortlu avtomobillər taksi fəaliyyəti göstərə bilər. Naxçıvanda istehsal olunan “Lifan” markalı maşınlar da bu standartlara cavab verir.
“Lifan”la bağlı deyilənlərə aydınlıq gətirmək üçün Naxçıvan Avtomobil Zavoduna yollandıq. Qapıda duran növbətçiyə məqsədimizi anladıb rəhbərliklə görüşmək istədiyimizi bildirdik. Bir neçə dəqiqə sonra iki polis gəldi və bizi ərazidən uzaqlaşdırdı. Polislər fotoaparatımızı alıb çəkdiyimiz şəkilləri sildikdən sonra bildirdilər ki, bu zavodda heç kimə müsahibə verilmir.
Naxçıvan Avtomobil Zavodunun icraçı direktoru Polad Sadıxov isə “Trend” agentliyinə deyib ki, zavodda istehsal olunan “Lifan” markalı avtomobillər sayəsində muxtar respublikada taksi parkının dəyişdirilməsi və modernləşdirilməsi nəzərdə tutulur.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi Idarəsinə də yollandıq. Idarənin rəisi Qadir Ibrahimov suallarımızı dinlədikdən sonra bu haqda danışmaq üçün Muxtar Respublika Daxili Işlər Nazirliyindən icazə almağımızı istədi. O bildirdi ki, Nazir Əhməd Əhmədov “Azadlıq”a müsahibə verməyə qadağa qoyub.
Azərbaycan Respublikası Dövlət Yol Polisi Idarəsi mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə dedi ki, Naxçıvanda taksi fəaliyyəti üçün nəzərdə tutulan dövlət nömrə nişanlarının baha qiymətə satılmasıyla bağlı deyilənlər yalandır. Çünki rəngindən asılı olmayaraq bütün dövlət nömrə nişanlarının rüsum qiyməti 18 manatdır. Lifana gəlincə, K.Əliyevin fikrincə, Naxçıvanda tələb odur ki, sərnişin nəqliyyatında işləyən avtomobillərin markası eyni olsun: “Əslində bu, yaxşıdı. Həm insan ölümünün qarşısı alınacaq, həm də yeni avtomobillər taksi fəaliyyətində olacaq. Bu gün 20-30 il istismarda olan avtomobillərdən taksi kimi istifadə edilir. Bu, hərəkətə təhlükədən başqa bir şey deyil”.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı isə deyir ki, hansı markalı avtomobildən taksi fəaliyyətində istifadə etməsi həmin şəxslərin özlərinə aid olan məsələdir və bunu dövlətin administrativ orqanları müəyyənləşdirə bilməz.
Məhəmməd Talıblının fikrincə, “Lifan” avtomobiliylə bağlı yaranmış mübahisələrin arxasında Naxçıvandakı bəzi məmurların iqtisadi maraqları dayanır.
Yafəz Əkrəmoğlu