Əliyev rəsmi mətbuatda ifşa olundu

«Azərbaycan» qəzeti Hacıbala Abutalıbovla Ziya Məmmədovu da korrupsiyada ittiham etdi

 

“Azərbaycan” qəzetinin dünənki sayında dərc olunan “Dad yarımçıq əlindən” başlıqlı məqaləni aylardır müxalifət qəzetlərinin yazdıqlarının bir əksi adlandırsaq, yanılmarıq. Dövlət qəzeti müxalifət qəzetlərinin vaxtaşırı yazdığı və dövlət məmurları tərəfindən qərəzli adlandırılan mövzuya toxunub. Məqalənin bəzi hissələrində ittihamlar, hətta birbaşa irəli sürülür.

 

Yağışın yuduğu bahalı yollar

Əslində bu məqalə hakimiyyətin Bakının günü-gündən gözəlləşdiyi ilə bağlı təbliğatını alt-üst edir. Məsələn, Bakının hazırkı vəziyyətinə dair yazılan hissədə vurğulanır: “…Amma təəssüf ki, gözəlləşdirmə yalnız şəhərin mərkəzi hissəsinə aiddir. Mərkəzdən bütün istiqamətlərə 3-4 kilometr aralanan kimi elə bil, bayaqdan şəninə tərif qoşduğumuz şəhərdə deyilsən. Yasamal, mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli və adlarını çəkmədiyimiz digər ətraf əraziləri Bakıya bağlayan nə isə varsa, o da təzə yol ötürücüləri və bir də yan-yörəsi qışda dizəcən palçıq, yayda isə toz-torpaq olan yeni tikililərdir. Bu yerlərdə küçələrə düz-əməlli asfalt da döşənmir. Döşədikləri də bir yağıntılıq olur. Yüngül bir yağış, yaxud su və kanalizasiya xətlərinin artıq adət etdiyimiz partlaması bəs edir ki, asfaltla birgə ”çəkilən” xərci də yuyub aparsın!”

Od qiymətinə alınan işıq dirəkləri

Şəhərin küçələrində hər gün aparılan qazıntı işlərinə də toxunan məqalə müəllifi vurğulayıb ki, yağıntılardan sonra basdırılanlar görünməsə də, ondan sonra küçələrə vurulan yamaqlar gözə girir. Məhz məqalənin bu hissəsində Bakı meri Hacıbala Abutalıbov korrupsiyada ittiham olunur: “…Şəhərin mərkəzindəki çıraqbanlıqdan ətraf küçə və ərazilərdə əsər-əlamət belə, yoxdur. Meriyanın od qiymətinə alıb quraşdırdığı işıq dirəkləri çoxdan öz təyinatı üzrə istifadə olunmur. Onlar indi daha çox yol polisinin radar və kameralarının quraşdırılması üçün yarayır”.

Göz dağı yarımçıq tikililər

Bakının ətraf ərazilərinin əhalini ən çox narazı salan problemlərindən birinin də yarımçıq qalan, yaxud inşası illərlə uzanan tikililər olduğu da qeyd olunur. Həmin tikililərin əksəriyyətini yaşayış binaları təşkil edir. Kimi küyə (buma) düşüb götürə bilmədiyi yükün altına girib, kimi “piramida” üsulu (birinci binanı ikincidən, ikincini üçüncüdən və s. yığılan pulla) ilə işlədiyindən sonda dirənib, kimi də qoyulan “tələb”lərə “cavab” verə bilməyib. Bu səbəbdən indi Bakı həm də sayı bilinməyən qədər yarımçıq tikililər meydanına çevrilib: “…Həmin yarımçıq tikililər təkcə bu binalarda mənzil almaq istəyənlər üçün göz dağı deyil, eyni zamanda, ətraf ərazidə çirkab, zibil, palçıq, toz dağıdır. Təkcə Yeni Yasamalda bu cür ”dağ”ların sayı onlarladır. Onların hündürlüyü Yasamal təpələrini çoxdan kölgədə qoyub. Bir fikirləşən yoxdur ki, Yeni Yasamal çoxdan yeni deyil, burada 20-30 ildir əhali yaşayır və yaxın keçmişədək onlar paytaxtın ekoloji cəhətdən ən təmiz yaşayış massivinin sakinləri hesab olunurdular. Indi isə ən çirkli ərazidə ömür çürütməyə məhkumdurlar. Nə var, nə var kimlərsə ətək-ətək pul qazanacaq”.

Sonsuzluğa qədər davam edən asfaltlama və fasad qaşıma

Bakı meriyasının başqa fəaliyyətləri də məqalədə ciddi tənqid olunub: “…Avtovağzal yeni ünvana köçürüləndən sonra çoxları fikirləşirdi ki, nəhayət, ”Bombey bazarı”na oxşayan həmin ərazi səliqə-sahmana salınacaq, abadlaşdırılacaq. Deyir, sən saydığını say, gör Bakı ŞIH nə sayır. Bu gün həmin böyük ərazi tam yiyəsizdir (hər halda, belə görünür). Təkcə kiçik bir küncü avtomobillər üçün cərimə meydançasıdır. Qalanında “sahib”liyi sahibsiz itlər edir! 5-10 metr kənarda isə valideynlər uşaqlarını əyləndirmək, özləri dincəlmək üçün bir kiçik istirahət yerinə həsrətdir. Bəli, anlaşılmayan paradoksdur: bir tərəfdə on minlərlə əhalinin yaşadığı massivdə normal istirahət parkının olmaması, bir tərəfdə də uzun müddət istifadə edilməyən və bu səbəbdən zibilxanaya çevrilən böyük ərazi. Baxmayaraq ki, şəhər təsərrüfatı üçün çox vacib olan bu iki problemin həlli bir qəti qərardan asılıdır. Təbii ki, Bakı ŞIH bu istəkdə bulunsa….
Bir küçəyə nə qədər asfalt döşəyərlər, bir səkinin örtüyünü neçə dəfə dəyişərlər, bir binanın fasadı bu sayda qaşınarmı? Bəzən adama elə gəlir ki, bu işlər sonsuzluğa qədər uzanacaq. Hələ dar küçələrdə 2-3 mərtəbəli evlərin arasına pərçimlənərək tikilən binalardan qopan toz-torpağı demirik. Çox vaxt ətrafda bir yer tapmayıb mərkəzə istirahət etməyə, uşaqlarını, nəvələrini gəzdirməyə gətirənlər peşman olurlar”.
Bu hissədə nəqliyyat naziri Ziya Məmmədovun da bostanına daş atılır. Sirr deyil ki, yol çəkilişi məhz nəqliyyat nazirinin kurasiyasındadır. Yeri gəlmişkən, Azərbaycan qəzeti bundan əvvəl də nəqliyyat müfəttişlərinin qoçuluğundan yazaraq  Ziya Məmmədovu ölkədə sosial partlayışa zəmin yaratmaqda suçlamışdı.

Hikmət