Saat 11.00. Bakı. Ölkə başçısı yumurtanın süni şəkildə bahalaşdırılmasında günahı olanların müəyyənləşdirilib cəzalandırılmasına göstəriş verdi.
Saat 13.00. Qazax. Yerli hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonda 100-dən artıq toyuq həbs edilib. Məlum olub ki, onlar son bir ayda ümumiyyətlə, yumurtlamayıblar. Bu isə yumurtanın qiymətinin artmasına birbaşa təsir edirmiş. Hazırda saxlanılan toyuqların ifadəsi alınır.
Saat 15.00. Şabran. Rayonda 50-dək xoruz yerli polis idarəsinə gətirilib. Ilkin dindirilmə zamanı onların son vaxtlar həyət-bacada toyuqlardan uzaq gəzdiyi müəyyənləşib və beləliklə, rayondakı toyuqların əksəriyyətinin yumurtlaması qeyri-mümkün olub. Nəticədə ölkədə yumurta qıtlığı yaranıb və bu, bahalaşmaya gətirib çıxarıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
Saat 16.00. Siyəzən. Rayonda 150 toyuq yerli polislər tərəfindən saxlanılıb. Polisin ilkin araşdırması zamanı saxlanılan toyuqların kürt düşdüyü, beləliklə, xeyli sayda yumurtanı satışdan yayındırdığı aşkarlanıb. Polis axtarış-əməliyyat tədbirlərini davam etdirir.
Saat 18.00. Goranboy. Yerli hüquq-mühafizə orqanları daxil olan əməliyyat məlumatları əsasında rayon ərazisində 20-dən çox siçovulu saxlayıb. Saxlanılanlar mütəşəkkil-cinayətkar dəstə yaradaraq, rayon toyuqlarının yumurtalarını ələ keçirməkdə təqsirli bilinir. Ölkədə yumurtanın bahalaşmasında həmin siçovulların xüsusi rolunun olduğu istisna edilmir. Hazırda hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinən digər siçovulların da məsuliyyətə cəlb edilməsinə çalışır.
***
Kimsə “Bu qədər də olmaz ki…” deyib ağız-gözünü əyməsin. Ölkədə “korrupsiyaya qarşı mübarizə” elan edib sonra da qatar bələdçilərini, həbsxana gözətçilərini “korrupsioner” adı ilə cəzalandıran bir zehniyyətin hakim olduğu ölkədə bu qədəri belə çox azdı.
Fəzailin tiri qoyub, tük axtarması
Dünənki “Böyük Xalq Günü” aksiyasına ən gülməli reaksiya Fəzail Ağamalıdan gəldi. Yeri gəlmişkən, Fəzail müəllimin soyadına böyük hörmətim var, bir soyad insana yalnız bu qədər gözəl yaraşa bilərdi.
Nə isə, Fəzail müəllim etirazçı gəncləri mitinq və piketləri gözdən salmaqda ittiham edib. Cənab Ağamalının bu sözlərinə verəcək iki cavab var.
BIR: Fəzail müəllim, yetər özünüzü bu qədər təkzib etdiniz. Siz deyildinizmi, dünənədək artıq mitinq-piketlərin vaxtının keçdiyini, onlarla xalqın hörmətini qazanmağın mümkün olmadığını söyləyən? Indi gün hardan doğub ki, mitinqlərin, piketlərin qeydinə qalan olmusunuz?
IKI: siz mitinqin, piketin gözdən salınmasını boş verin də, bir az da özünüzün siyasəti necə gözdən saldığınızın dərdini çəkin. Sayənizdə camaat “partiya” sözündən də iyrənib, “partiya sədri” sözlərindən də.
Bütün müxalifətçi funksionerlərə!
Dünən Bakı küçələrində polis qəddarlığı vardı. Hüquqsuzluğa etiraz vardı. Həbs edilən gənclər vardı.
Amma adını “müstəqil” qoymuş, iqtidarın qabından yemlənən saytların birində bir cümlə xəbər yox idi.
Oysa hansısa silahdaşınızla, cəbhədaşınızla sözünüz çəp gələndə ala qancıq tayadan düşməmiş telefonunuzu dəng eləyirlər. Odun üstünə benzin tökmək, sizi bir-birinizə daha da qırdırmaq üçün əldən-ayaqdan gedirlər.
Buyurun, bu da onların mərifəti. Sizin dostlarınız, sizin arxadaşlarınız, sizinlə eyni dəyərləri bölüşən insanlar həbs edilərkən, əzilərkən onlar ortada yoxdur. Indi niyə telefon açmırlar sizə? Indi niyə danışdırmırlar sizi? Çünki ağalarından qorxurlar. Çünki siz onların yadına yalnız öz firqədaşlarınızı, cəbhədaşlarınızı yerdən yerə vurmaq üçün lazımsınız.
Artıq anlayın bunu. Və bir də rejim qabından yallananların küyünə gedib öz cəbhənizə atəş açmayın, öz cəbhədaşlarınızı söyməyin.
Bunu ki, bacarmaq hakimiyyətə gəlməyi bacarmaq qədər çətin deyil.