Paytaxtda aparılan təmir-tikinti işlərinə, “abadlıq siyasəti”nə möhtərəmimizin verdiyi reaksiya niyə diqqətdən yayınır, anlaya bilmirəm.
“Yumurta müşavirəsi”ndəki çıxışı nəzərdə tuturam. Möhtərəm çıxışının bir hissəsində bildirdi: “O yerlərdə ki, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş ya sənaye müəssisələri, ya yaşayış binaları yerləşir, oradan köçürülmə işləri aparılacaqdır. Əgər yaşayış binalarıdırsa, kompensasiya ödəniləcəkdir”.
Adamın ağzından “dürrrr” tökülməsi buna deyirlər: “Əgər yaşayış binalarıdırsa…”.
Əgər yaşayış binaları deyilsə, deməli, noolmalıdır? Məsələn, Heydər Əliyev prospektində “yararsız vəziyyətə düşmüş” xeyli sayda müəssisə vardı ki, səhmdar cəmiyyət kimi fəaliyyət göstərirdi. Həmin səhmdar cəmiyyətlərin sədrləri 2007-ci ildən başlayaraq bir-bir həbs olundu və onları naməlum sənədi imzaladıqdan sonra buraxdılar. Səhmdarlar azadlığa çıxdıqda gördülər ki, sən deməyəsən, müəssisələrini “Gilan holdinq”ə satıblarmış: notarial qaydada, rəsmi alqı-satqı müqaviləsi ilə!
Onlara kompensasiyanın verilməmə səbəbinə cənabımız müdrikcəsinə indi aydınlıq gətirdi. Axı səhmdar cəmiyyətlər yaşayış binaları deyil, onlara niyə kompensasiya verilməlidir? Nə olsun ki, özəlləşmiş xüsusi mülkiyyətlərdir. O şəhərimizin gözəlliyini pozan yararsız xüsusi mülkiyyətlərin ələ keçirilməsi üçün kompensasiyasız “xüsusi” üsul var.
Keçək, prezidentin “əgər” şərtinə cavab verən yaşayış binalarına.
Heydər Əliyev adına Lenin sarayından Füzuli meydanına qədər olan “yararsız”, “yaramaz”, “tərbiyəsiz” binalar söküldü. Hələ irəlidə keçmiş Sovet küçəsi, Xutor, Quba meydanı və başqa ərazilərdə söküntü işlərinin aparılması gözlənilir. Onlara kompensasiya necə verilib və ya veriləcək?
Möhtərəm buna da aydınlıq gətirdi. Dedi ki, kompensasiyalar “bazar qiyməti ilə ödəniləcəkdir, necə ki, bu vaxta qədər bütün kompensasiyalar bazar qiyməti ilə ödənilib”.
Yəni ay “Qış bulvarı”nın güdazına gedən binəvalar, heç tullanıb-düşməyin ki, sizə kompensasiya əvəzinə qəpik-quruş verilir: cənabımız şəxsən bilir ki, sizə verilənlər “bazar qiymətinə uyğundur”.
Sonra da durub mətbuata açıqlama verirlər ki, ay Hacıbala Abutalıbov hansısa fırıldaqçının əliylə sakinlərə çatacaq kompensasiyanın böyük hissəsini mənimsəyir, ay möhtərəmimizin bu işlərdən xəbəri yoxdur, ay bilsə Baksoveti dağıdıb yerində turp əkəcək…
Özünüzü aldatmayın: cənabımızın hər zaddan xəbəri var – Qız Qalasının yanındakı “yararsızlaşdırılmış” tarixi binanın sökülməsindən də, kompensasiyaların verilməsindən də.
300 kilo qızıl hara getdi?
Heydər Əliyev siyasətinin layiqli davamçılarının sayəsində ömrümüzdən oğurlanmış növbəti, 2010-cu ilin sonuna yaxın Gəncədə çox maraqlı hadisə baş verdi: Sökülən Məhkəmə binasının özülündən 300 kiloqram qızıl-zinət əşyası çıxdı.
Tarixçilərin dediyinə görə, bu qədim binanı Gəncəni işğal edəndən sonra rus generalı Sisianov tikdiribmiş. Ehtimal olundu ki, həmin qızıllar Gəncə xanlığının xəzinəsindən ələ keçirilən var-dövlətin bir hissəsidir – Bakı yaxınlığında başı kəsilən Sisianovun onu aparmağa fürsəti olmayıb.
Eşidib-bildiyimiz bura qədər oldu. Azərbaycan tarixinin bir parçası olası bu zinət əşyalarının taleyi barədə rəsmilər daha heç bir açıqlama vermədilər.
Niyə? Onudamı basıb yedilər? Yoxsa Bin Əli kimi Səudiyyə Ərəbistanına daşınacaq qızıl yükünü tutmağa başlayıblar?