“Böyük Xalq Günü” hakimiyyəti titrətdi

Bakının polisə təslim edilməsi gənclərin qarşısını ala bilmədi (VIDEO və FOTOLAR)

 

Hakimiyyət var gücü ilə aksiyanın qarşısını almağa çalışsa da, gənclər şəhərin müxtəlif yerlərində Əliyev rejiminə etiraz etdilər

Bir müddət əvvəl təbliğatı “Facebook”da başlanan və dünənə təyin olunan “11 Mart – Böyük Xalq Günü” etiraz aksiyası baş tutdu. Aksiyanın zamanı və məkanı əvvəlcədən bəlli olmadığından jurnalistlər də şəhərin müxtəlif yerlərindəki meydanlara toplaşmışdı. Səhər saat 9 radələrindən “Azadlıq”ın reportyor qrupu da şəhərdə idi.

Ilk qurban YAP-dan oldu

Aksiya daha çox metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında gözlənilirdi. Amma metronun “Içərişəhər”, “Sahil”, “Nizami” stansiyaları, “Tarqovı” adlanan məkan, Füzuli meydanı, Sahil bağı da həm polislərin, həm də jurnalistlərin nəzarətində idi.
Yeri gəlmişkən, əvvəlki aksiyalarda olduğu kimi, bu dəfə də hökumət etirazçıları zərərsizləşdirmək üçün polislərlə yanaşı, mülki geyimliləri də prosesə cəlb etmişdi.
Günorta saatlarına qədər “28 May”dan başqa heç bir yerdən səs-soraq yox idi. “28 May”da da aksiya iştirakçılarını üç-üç, dörd-dörd həbs edirdilər.
Polislərin ilk “ovu” YAP-ın üzvü oldu. Metronun qarşısında dayanan və adını söyləməyən YAP üzvünü polislər ərazidən uzaqlaşdırmaq istəyəndə o, etiraz etdi. Bu da polislərə “əsas” verdi ki, onu həbs eləsinlər. Dəfələrlə “Mən YAP-çıyam” deyə qışqırsa da, xeyri olmadı. Ardınca daha iki gənc zorla polis maşınına mindirilərək aparıldı.
Bundan sonra ərazidə bir neçə dəqiqə sakitlik yaransa da, “sükutu” yazarlar pozdu. “11 Mart”ı ehtiva edən qırmızı köynək geyinmiş yazar Əli Əkbər, Zaur Qurbanlı, Turqut Qəmbər və Təbriz Önər Səməd Vurğun bağının yaxınlığında həbs olundu.

“Azadlıq!”, “Istefa!”…

Metronun “Elmlər Akademiyası”nın ətrafında da vəziyyət gərgin idi. Günorta saatlarında bir qrup gənc fəal – Elturan Rüstəmli, Bəyim Həsənli, Aygün Pəncəliyeva, Elçin Şükürlü və Məmməd Ibrahim Bakı Dövlət Universitetinin qarşısında etirazlarını bildirdilər. AXCP-nin Gənclər Komitəsinin üzvü olan fəallar “Diktaturaya son!” və “Azadlıq!” şüarları səsləndirdilər. Həbs olunanlar tutularaq, BDU-nun mühafizəçiləri üçün nəzərdə tutulan köşkə aparıldılar.
Etirazlar yavaş-yavaş sürətləndiyindən hökumət bunun qarşısını almaq üçün maraqlı bir yol seçdi – metronun “28 may” və “Sahil” stansiyalarında qatarlar dayanmadı. Məqsəd də etiraz aksiyasına gedənlərin qarşısını bu yolla almaq idi. Düzdür, metropoliten rəhbərliyi sonradan bunu texniki problemlə izah etməyə çalışsa da, təbii ki, bu barədə deyilənlərə heç kim inanmadı.

Cəbhəçinin həbsi

AXCP-nin fəal üzvlərindən olan Mikayıl Bəybala kənarda dayanıb hadisələri izləyərkən polis ona “Burada dayanma!” əmrini verdi. Qanunsuz əmrə tabe olmaq istəməyən gəncə polisin növbəti əmri belə oldu: “Yaxşı, istədiyin yerdə dayan”. Bu gənc ərazidəki jurnalistlərin diqqətini çəkdi. Mikayıl Bəybala jurnalistlərlə söhbətində özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi təqdim edəndə, polis bu kəlməni eşitdi və dərhal “Tez onu aparın!” əmri verildi.
Polisin amansız davrandığı aksiya iştirakçılarından biri ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev oldu. C.Hacıyev və onunla birlikdə daha 3 nəfər Neft Akademiyasının qarşısında “Azadlıq!”, “Istefa!” şüarları səsləndirirdilər. Polislər bu qrupdan 3 nəfəri dərhal “zərərsizləşdirsə” də, ADP-çi gənclə bacara bilmirdi. C.Hacıyev 10-a yaxın polisin əhatəsində belə şüarları səsləndirməkdə davam edirdi. Gödəkçəsinin əynindən çıxarılması, cırılması, telefonunun itməsi bahasına da olsa, gənc yenə geri çəkilmədi. Bu gənci durdurmaq üçün əraziyə əlavə dəstələr göndərildi. Buna baxmayaraq, Cəmil Hacıyev təxminən 500 metr irəliləyib şüarları səsləndirə bildi.

“Azadlıq” radiosunun əməkdaşı polis zorakılığına məruz qaldı

Cəmil Hacıyevin şəkillərini çəkmək istəyən “Azadlıq” radiosunun fotoreportyoru Abbas Atilay da polis zorakılığına məruz qaldı. Polisin vəhşiliyi nəticəsində fotoreportyorun sifətində çapıqlar yarandı. Ərazidəki digər jurnalistlərin etirazından sonra bu vəhşiliyi törədən polislər Atilaydan əl çəkərək, oradan uzaqlaşdılar.
Bu hadisə ilə əlaqədar jurnalistlər ərazidəki polislərə rəhbərlik edən, Nəsimi Rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətova müraciət edəndə isə “Çakır” ləqəbli bu polis zabitinin cavabı belə oldu: “Özü bizə müraciət edər, bunu diqqətdə saxlayarıq”.
Neft Akademiyasının yaxınlığında “11 Mart”ın təşkilatçılarından Fuad Hacıyev də həbs olundu. Hacıyev jurnalistlərə açıqlamasında bildirdi ki, bu, sadəcə, nəbz yoxlamasıdır. Gerçək aksiya isə bir neçə gündən sonra keçirilə bilər. Bu zaman polislər yaxınlaşaraq onu həbs edib, bölməyə apardılar.
Onunla yanaşı Azər Aydın adlı gənc fəal da tutularaq, aparıldı. Bir neçə dəqiqəlik sakitlikdən sonra isə Rüfət Abbasov, Emin Əlisoy, Vüsal Rzasoy, Ləman və Məmməd Mehdi adlı gənclər də 37-ci polis bölməsinə aparıldı.
“28 May”da bu proseslər yaşandığı vaxtda digər metrostansiyaların ətrafında da gərginlik hökm sürürdü. Məsələn, “Neftçilər”in çıxışında ev alverçilərinin yığışdığı parka toplaşan insanları polislər qovublar. Onlara deyilib ki, bu gün həmin ərazidə dayanmaq olmaz.
Ərazidə daha bir YAP-çı gənc – Camal Mirzəməmmədov saxlanılıb. O, YAP-ın üzvü olduğunu, Səbail rayon Icra Hakimiyyətində işlədiyini, metrostansiyanın qarşısında görüş təyin etdiyini diqqətə çatdırsa da, xeyri olmayıb. Polislər onu 21-ci polis bölməsinə aparıblar.
Dünən həbs olunanların arasında yaşı 40-ı adlamış, keçmiş prezidentliyə namizəd, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də vardı.
Günorta saatlarında “28 May” metrosunun qarşısındakı Cəfər Cabbarlı meydanında 4 gənci, “Torqovı”da da daha 9 nəfəri həbs ediblər. ADP gənclər təşkiltından Emin Fərhadi, cəbhəçi gənclərdən Vüsal Abbasov və Ağası Ibrahimov, həmçinin gənc fəallar Mirislam Məmmədov və Üzeyir Məmmədzadə də həbs olunanlar sırasında olub.

Dərslər başa çatsa da, tələbələri buraxmırlar

Günorta saatlarında Neft Akademiyasında dərslər başa çatsa da, tələbələri auditoriyalardan buraxmırdılar. Onları sanki əsir kimi saxlamışdılar ki, aksiya iştirakçılarına qoşulmasınlar.
Günorta saat 2 radələrində bir qrup gənc “Torqovı”da “Istefa!”, “Azadlıq!”, “Əliyevlərə yox!”, “Yumurta!”, “Gənclərə azadlıq!” şüarları ilə aksiya keçirirdilər. Hadisə yerinə gələn “Azadlıq” qəzetinin yazarları Şahvələd Çobanoğlu, Seymur Həziyev, SMDT-nin rəhbəri Anar Məmmədli “Eynullaya, Cabbara, Bəxtiyara, Dəyanətə, Rəşadətə, Səxavətə azadlıq!” şüarları səsləndirdilər. Aksiyanı işıqlandıran bir qrup jurnalist də onlara qoşuldu. Bu anda polis Ş.Çobanoğlunu, S.Həziyevi, A.Məmmədlini və Əfqan Muxtarlını həbs etdi. Bir neçə dəqiqədən sonra polis onların jurnalist olduğunu anlayıb sərbəst buraxdı.
Polisin o ərazidəki sonuncu “ovu” Nərmin Həsənli, Ülvi Həsənli və Mahir Nəbiyev oldu.
Dünən o da məlum oldu ki, hələ səhər saatlarında aksiya başlamazdan əvvəl cəbhəçi gənc Emin Axundov kirayə qaldığı mənzildən aparılıb.

***

Daxili Işlər Nazirliyinin mətbuat xidməti aksiya ilə əlaqədar yaydığı məlumatda 43 nəfərin saxlanıldığını bildirib. Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının tələblərinə tabe olmayan 20 nəfərin işi məhkəməyə göndərilib. Yerdə qalan 23 nəfərsə, xəbərdarlıqdan sonra buraxılıb.
Dünən axşam saatlarında isə məhkəmə qarşısına çıxarılan gənclərlə bağlı xəbər gəldi. Məlum oldu ki, onların bir qisminə bir neçə sutkalıq inzibati həbs cəzası, qalanlarına da pul cəriməsi kəsilib. Məsələn, AXCP üzvləri Elçin Şükürlü, Azad Gənclik təşkilatının sədri Ülvi Həsənli, Rüfət Abbasov, Kamal Hüseynov, Təbriz Önər və Orxan Hüseynov 7 sutka həbslə cəzalandırılıb. Rövşən Nəsirlinin cəzası isə bir sutka az olub – 6 sutka. Elturan Rüstəmli, Məmməd Ibrahim, Zaur Qurbanlı və digər gənclər isə 20-25 manat arası cərimələnib.

Avropa Məhkəməsinə doğru…

Qeyd edək ki, son vaxtlarda bir-birinin ardınca baş verən həbslərlə əlaqədar hüquqşünaslardan ibarət Operativ Reaksiya Qrupu yaradılıb. Qrupun üzvlərindən olan vəkil Elçin Namazov “Azadlıq”a açıqlamasında bildirib ki, o, Məmməd Ibrahim, Elçin Şükürov və Elturan Rüstəmlinin hüquqlarını məhkəmədə müdafiə edib. Məhkəmə prosesində gənclərin heç bir günahının olmadığı üzə çıxıb və onların guya, polisin qanuni tələbinə tabe olmadıqları barədə iddialar da sübuta yetirilməyib. Ona görə də vəkil məhkəmənin qərarından apelyasiya şikayəti veriləcəyini bildirir: “Əgər apelyasiya şikayətimiz təmin olunmasa, artıq işi Avropa Məhkəməsi müstəvisinə çıxaracağıq. Çünki Avropa Məhkəməsi gələcəkdə bu işlər üzrə qərar çıxarıb baş verənləri pozuntu kimi qiymətləndirərsə, bu cür halların da sayı azala bilər. Bundan başqa, bizdə inzibati həbslərlə bağlı məsələyə bir qədər barmaqarası yanaşılır. Düşünürlər ki, buna bir o qədər diqqət yetirmirlər, ona görə də istədiklərini eləyirlər. Lakin biz bu qəbildən olan işləri Avropa Məhkəməsinə çıxarmaqla, ”polisin ürəyi istədiyi adamı özbaşına şəkildə harada gəldi tutub aparması” praktikasında dönüş yarada bilərik”.

Ramin DEKO

***

10.03.2011 məlumatları

Bu gün «Böyük Xalq Günüdür»; ölkə boyu polis hazır vəziyyətə gətirilib

Facebook sosial şəbəkəsində 11 mart aksiyasında iştirak edəcəklərini göstərənlərin sayı 4 mini keçib. Gənc fəalların həbsindən sonra, həm də 11 martın yetişməsi ilə sosial şəbəkədə canlanma pik həddə çatıb. 11 mart səhifəsində saxta profillərlə provokasiyaya çəkən şüarlar da yazılıb. Təşkilatçılar bildirirlər ki, onlar bu şüarların yazılmasına görə məsuliyyət daşımırlar.

Həbslər davam edir

Ötən gün də 11 martla bağlı gənclərin saxlanılması və dindirilməsi davam edib. “NIDA” Vətəndaş Hərəkatının üzvü Orxan Bayramov polisdə dindiriləndən sonra buraxılıb. O.Bayramov bildirib ki, ona polisdən “ağrıllı olmaq” barədə xəbərdalıq edilib.

11 mart yazılmış köynəklər cırılıb

Başqa bir gənc fəal Fuad Hacıyev isə dostu ilə birlikdə üzərində 11 martla bağlı şüarlar yazılmış köynəkləri mətbəədən götürüb aparanda, tanımadıqları adamlar onları saxlayıb. Onları ağ rəngli “Niva” markalı maşına mindirib Binəqədiyə, böyük bir həyət evinə aparıblar:
“Bizi bir həyətə apardılar. Sinəsinə ”Tələbə, fəhlə, polis, zabit, siyasətçi, jurnalist, nə olursan ol, azad ol – 11 Mart Böyük Xalq günü” yazılmış 120 köynəyin hamısını cırdılar. Özləri də bizi söyürdülər. Yanımdakı Famil adlı oğlana yumruq vururdular. Bizdən boş kağıza qol çəkməyimizi istəyirdilər. Polis icazəsiz aksiyaların qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcəyini bildirir. Onlar hamısı mülki geyimdə idilər”.
Gənclər kağıza qol çəkməkdən imtina ediblər və bir neçə saatdan sonra buraxılıblar.

Ali məktəblərin rəhbərləri qorxu içində

Bütün universitetlərdə tələbələrə ciddi şəkildə xəbərdarlıq edilib ki, martın 11-i dərslərə gəlməyənlər ali məktəblərdən xaric olunacaqlar. Universitetlərdə dərs bitənə qədər qapılar bağlanacaq və heç kim çölə buraxılmayacaq.
Aldığımız məlumata görə, Azərbaycan Pedaqoji Universitetinin tələbələrindən ibarət qrup yaradılıb. Bu qrup hakimiyyət tərəfdarları kimi 28 may metrosunun qabağında “aksiya” keçirəcəklər.

Paytaxt küçələri polislə doludur

11 martla bağlı hakimiyyətin panikada olması paytaxt küçələrinin bir gün qabaqdan polislə doldurulmasından da bəlli olur. Martın 10-da şəhərin əsas küçələrində polislərin sayı 4-5 dəfə artırılıb. Mərkəzi Bankın binası ilə üzbəüz yerləşən Heydər Əliyevin heykəlini isə polis mühasirəyə alıb. Sumqayıt şəhərində də Heydər parkı polisin qoruduğu əsas obyektlərdən biridir.
Regionlardan aldığımız xəbərə görə isə, rayonlardakı polis heyətinin yarıdan çoxu Bakıya gətirilib. Polislərə mitinqləri dağıtmaq üçün təlimlər keçirilib.

DIN: “Bütün imkanlardan istifadə edəcəyik”

Daxili Işlər Nazirliyi 11 martla bağlı qəribə bəyanat yayıb. Nazirlik etiraz aksiyalarına çağıranları xarici mərkəzlərə işləməkdə ittiham edib.
“Indi Şimali Afrikada baş verən proseslərdən yararlanmağa çalışan belə avantüristlər ətraflarında dolanan bir qrup gəncimizi şəxsi ambisiyalarının aləti kimi istifadə etməyə səy göstərirlər. Amma unudurlar ki, əsl Azərbaycan gəncliyi belə avantüralara uyan deyil”. Polis icazəsiz aksiyaların qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcəyini də bildirib: “Bunu heç kim, həmçinin Azərbaycan polisinə ünvanlanmış ”şanlı” müraciətin müəllifləri də unutmasınlar”.
DIN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə  deyib ki, martın 11-də polis gücləndirilmiş rejimdə işləməyəcək: “Polisin icazəsiz aksiyaların qarşısını almağa yetərincə gücü var”.
Politoloq Hikmət Hacızadə isə DIN-in bəyanatına münasibət bildirərkən deyib ki, bu, qorxu yaratmaq üçün yayılıb: “Məqsəd qorxu yaymaqdır. Qorxu yaymağın da axırı olmadı. Bizə oxşayan ölkələrdə bunu gördük. Oradakı polislər bizimkilərdən yumşaq deyildi. Hadisə baş verməmiş, heç bir cinayət törətməmiş gəncləri tuturlar. Gənclərin mitinq eləməyə də, öz sözlərini deməyə də haqları var. Bu haqlar inkar edilir. Gənclər heç bu hərəkətləri etməmiş onları tuturlar. Xalqla dil tapmaq, gənclərə qulaq asmaq, ölkədə ədalət yaratmaq lazımdır. Yoxsa bu cür çıxışlarla, camaatı tutub içəri salmaqla alınmır”.

“Biz heç kimlə toqquşmayacağıq”

“11 mart” qrupunun yaradıcısı Elnur Məcidli “Media forum” saytına açıqlamasında gəncləri təxribata uymamağa çağırıb. Bir neçə gənc fəalın həbsindən sonra Elnur Məcidli hesab edir ki, hakimiyyət özü gəncləri təxribata çəkərək fövqəladə vəziyyət yaradacaq. 
Elnur Məcidlinin sözlərinə görə, dövlət rəsmilərinin “11 Mart – Böyük Xalq Günü” qrupu ilə bağlı açıqlamaları hökumətin ciddi narahatlığının ifadəsidir: “Hakimiyyət özü od çıxmayan yerdən tüstü çıxarır. Biz dəfələrlə açıqladıq ki, camaatı meydanlarda mitinq keçirməyə çağırmırıq. Aksiyanın formasına xalq özü qərar verəcək, kim necə istəyir, elə də edəcək. Bizi dəstəkləyən bütün gəncləri diqqətli olmağa, təxribata uymamağa çağırıram. Hökumət mülki geyimli adamlarını ölkədə təxribat yaratmaq üçün işə sala bilər. Hakimiyyət özünə alternativ müstəqil gəncliyin yetişdiyini görür, ehtiyat edir. Çalışır ki, azacıq gücü varkən şər-böhtandan istifadə edib müstəqil gənclərlə qarşı-qarşıya gəlsin və daha 10 il insanları ümidsizliyə düçar etsin. Amma hakimiyyət anlasın ki, biz heç kimlə toqquşmayacağıq”.

Qəzəb günü

Dünya mətbuatı da Azərbaycandakı “11 mart” hadisəsini gözdən qaçırmayıb. BBC-nin yaydığı məlumatda bildirir ki, Azərbaycan hakimiyyəti 11 marta görə qorxu içindədir. Türkiyə mediası isə xəbəri “11 mart Azərbayanda qəzəb günü kimi” işıqlandırıb.

Müsavat polisə müraciət etdi

Martın 12-də Təbriz kinoteatrının qabağında mitinq keçirməkdə israrlı olan Müsavat Partiyasına meriya Bibiheybəti təklif edib.
Müsavat partiyası isə mitinqi məhz istədikləri ünvanda keçirəcəyini bildirir. Partiya polis əməkdaşlarına müraciət edib. Müsavat rəhbərliyi Azərbaycanda əhalinin böyük əksəriyyətinin, o cümlədən polislərin ağır həyat şəraitində yaşadığını vurğulayıb: “Bütün əhali ilə birlikdə siz də bu hakimiyyətin yaratdığı çətinlikləri çiyinlərinizdə gəzdirir, başqaları kimi az əmək haqqı almaqla istismar olunursunuz. Yüksək ranqlı məmurlar özlərinin çirkin əməllərini sizləri xalqa qarşı qoymaqla, sizə arxalanmaqla həyata keçirirlər”.
Partiya “Polis haqqında” qanunu xatırladaraq bildirir ki, polisin əsas vəzifələrindən biri də şəxsiyyəti, insan hüquq və azadlıqlarını hüquqa zidd əməllərdən qorumaq, əhalinin təhlükəsizliyini təmin etməkdir. Partiya polisləri qanunsuz sərəncamlara əməl etməməyə, xalqa qarşı durmamağa, onların yanında olmağa çağırıb.

Gənclərin həbsini pisləyən bəyanatlar

Gənc fəlların həbsi ilə bağlı xeyli sayda təşkilat bəyanat yayıb.
Yeddi beynəlxalq təşkilat (Artikl 19, Freedom House, Insan Hüquqları Evi Fondu, Senzura Indeksi, KIV Müxtəlifliyi Institutu, Norveç Helsinki Komitəsi, “Sərhədsiz reportyorlar”) Azərbaycanda gənc fəallar və blogerlərin həbsi dalğasını pisləyib, onları qeyd-şərtsiz azad etməyə, ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırır. Onlar Cabbar Savalanın, Bəxtiyar Hacıyevin, Dəyanət Babayevin, Rəşadət Axundovun və Səxavət Soltanlının azad edilməsini tələb edirlər: “Bu həbslər Azərbaycan hakimiyyətinin ünvanına tənqid səsləndirən şəxslərin qorxudulması, təqibi, onlara qarşı zorakılıq və azadlıqdan məhrum edilmələri məqsədilə həyata keçirilib. Bundan başqa, polis Gəncədə üç QHT-ni bağlayıb, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun əməkdaşlarını saxlayaraq, Facebook-dakı fəaliyyətlərilə bağlı dindirib”,- deyə bəyanatda qeyd edilir.
Mərkəzi Avropa Universitetinin bir qrup məzunu isə həmin universitetin məzunu Rəşadət Axundovun həbsi ilə bağlı bəyanat yayıb.
“Turan”a daxil olan bəyanatda müəlliflər Rəşadəti Azərbaycanda açıq cəmiyyətin qurulması istiqamətində çalışan gənc fəal kimi tanıdıqlarını qeyd ediblər. “Onun həbsi 11 mart tarixinə planlaşdırılmış dinc etiraz aksiyalarının təşkil olunmasının qarşısının alınmasına yönəlib”.
Azad Gənclik Təşkilatı da həbs olunan gənclərlə bağlı bəyanat yayıb. Bəyanatda həbslər pislənilir və hakimiyyətdən tələb olunur ki, qoşulduğu beynəlxalq konvensiyalara, müqavilələrə əməl etsin.

Elmin,
Aqşin