Qiymət artımına qarşı mübarizə nəticəsiz qalacaq

Oliqarx-məmurlar candan keçər, gəlirlərindən keçməz

Samir Əliyev: «Korrupsiya ilə mübarizə yalnız açıq cəmiyyətdə mümkündür»

Hökumətin antikorrupsiya tədbirlərinə başlaması ilə bir çox məhsulların qiymətindəki artım eyni vaxta təsadüf etdi. Hələ korrupsiyaya qarşı kampaniya başlananda qeyd etmişdik ki, atılacaq real addımlar özünü ilk növbədə qiymətlərdə göstərəcək. Lakin hələ ki, qiymət artımı müşahidə etməkdəyik. Bu da hökumətin sözdən əmələ keçə bilmədiyini göstərir.
Bu günlərdə iqtisadi Inkişaf Nazirliyi süni qiymət artımına qarşı mübarizəyə başlayacağını bəyan edib. Yəni artıq rəsmi qurumlar qiymətlərin süni şəkildə artırıldığını etiraf edir. O da sirr deyil ki, bir çox məhsulların ölkəyə gətirilməsinə oliqarx-məmurlar nəzarət edir və qiymətlərin hansı həddə olması birbaşa onlardan asılıdır. Deməli, süni bahalaşmanın arxasında da məhz məmurlar dayanır. Hətta bəzi ekspetlər son qiymət artımını inhisarçı məmurların sabotajı kimi də qiymətləndirir. Hökumətin əhalinin narazılığının artacağından ehtiyatlandığı bir məqamda məmurların bu addımına nə ad vermək olar?
Iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, hökumətin elan etdiyi antikorrupsiya tədbirlərini xəstənin birtərəfli müalicəsi kimi qiymətləndirə bilərik. Bu da yeni problemlərin yaranmasına səbəb olur. Çünki korrupsiyaya qarşı mübarizə aparmaqla problemləri həll etmək mümkün deyil: “Rəqabət mühiti yaradılmalı, inhisarın qarşısı alınmalı, gömrükdə islahatlar həyata keçirilməli, sağlam sahibkarlıq mühiti yaradılmalıdır. Bu problemlər həllini tapmayıb. Müşahidələr göstərir ki, hökumətin addımları əks-effekt verir. Qiymətlər getdikcə artır”.
Ekspertin sözlərinə görə, qiymətləri bazar tənzimləyir və onları süni şəkildə saxlamaq mümkün deyil: “Əgər təklif tələbi ödəmirsə, tələbatın çox olması fonunda qiymətlərin artmasını müşahidə edəcəyik. Ilk növbədə əlverişli mühit yaradılmalı, müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Kreditlərdə ”şapka” aradan qalxmalıdır. Bu cür məsələlər həllini tapmayınca, Antiinhisar Xidməti qiymətlərin qarşısını ala bilməz. Heç kim sahibkara qiymət qaldırmamaq əmrini verə bilməz”.
Ekspert süni qiymət artımına hansı formada nəzarət ediləcəyinin də məlum olmadığını deyir: “Necə müəyyən edirlər ki, qiymət artımı sünidir, yoxsa reallığı əks etdirir? Bu kimi məsələlər konkret mexanizmlə işləməlidir. Bu da yoxdur. Ona görə də atılacaq addımların uzunmüddətli perspektivdə heç bir effekti yoxdur”.
Politoloq Zərdüşt Əlizadə hökumətin yalançı siyasət yürütdüyünü deyir: “El misalı var – yalan ayaq tutar, yeriməz. Onlar yalançı siyasət yürüdürlər. Elə bil tilsimli halqaya düşüblər, çıxa bilmirlər. Yuxarı tüpürürlər – bığdı, aşağı tüpürürlər – saqqal. Korrupsiyanın qarşısını almaq lazımdır. Ancaq heç vaxt razı olmazlar ki, onların gəlirləri azalsın. Ona görə sözdə bir şey deyirlər, əməldə başqa şey”.
Ekspertin fikrincə, korrupsiya ilə mübarizə yalnız açıq cəmiyyətdə mümkündür: “Onların yekə jurnalı var. Bütün məhsulların çeşidləri müəyyən adama tapşırılıb. Əldə etdikləri gəlirin əsas hissəsi yuxarı gedir. Yuxarıda oturanlar o paydan imtina edərlərmi? Inhisara, korrupsiyaya qarşı mübarizə yalnız açıq cəmiyyətdə, ictimaiyyətin fəal iştirakı ilə mümkün olur. Parlamentdə real müxalifət əyləşməlidir. Real mübarizə getməlidir. Bütün bunlar yoxdursa, qalanları hamısı görüntüdür”.

Fizzə