“Gənclər hakimiyyəti təşvişə salıb”

Gözəl Bayramlı: «Dünyada gedən proseslərin nəticəsini görüb hakimiyyətlərini itirməkdən qorxurlar»

 

Arif Hacılı: «Hakimiyyət görür ki, budəfəki proseslərdə gənclərin rolu fərqli və mühüm olacaq»
Son günlər bir-birinin ardınca fəal gənclərin həbsi həyata keçirilir. Onları müxtəlif qondarma ittihamlarla azadlıqdan məhrum edirlər. Maraqlıdır ki, hələlik gənclərin hər hansı iri etiraz aksiyası keçirilməyib. Gənclər əsasən virtual məkanda – sosial şəbəkələrdə fəallıq edir, etiraz və çağırışlar səsləndirirlər. Amma görünən odur ki, bunun özü belə, hakimiyyəti təşvişə salmağa kifayət edib.
AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, hakimiyyətin son addımları onun gənclərin etiraz dalğasından necə qorxduğunu və ehtiyat etdiyini göstərir: “Son vaxtlar gənclərin sosial şəbəkələrdə fəallığı, 11 marta hazırlıq tədbirləri hakimiyyəti təşvişə salıb. Dünyada gedən proseslərin nəticəsini görürlər və hakimiyyətlərini itirməkdən qorxurlar. Belə bir dalğanın Azərbaycanda da baş verəcəyindən ehtiyat edib bəri başdan tədbirlər görürlər. Və fəal gəncləri zərərsizləşdirmək istəyirlər”.
Lakin G.Bayramlı bütün bunların boş və mənasız cəhdlər olduğunu bildirir: “Artıq proses başlayıb. Gənclərin ayın 11-i ilə bağlı çağırışlarına minlərlə insan səs verib”.
Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, hakimiyyət öz resursları hesabına cəmiyyətdəki vəziyyəti qiymətləndirərək bu cür addımlar atır: “Hakimiyyət yaxşı bilir ki, ölkədə narazılıq pik həddə çatıb. Və onu da görür ki, budəfəki proseslərdə gənclərin rolu fərqli və mühüm olacaq. Ona görə həmyaşıdlarını səfərbər etmək gücünə, liderlik qabiliyyətinə malik olan gəncləri siyasi prosesdən təcrid etmək istəyirlər. Amma bu yanlış yoldur. Çünki bu gənclər həbsdən çıxandan sonra azadlıq uğrunda mübarizələrini daha mətanətli şəkildə davam etdirirlər”.

 

Gültəkin