Sosial şəbəkələr – diktatorların qorxulu röyası

Məşhur rus rejissoru Eldar Ryazanovun “Fleyta üçün unudulmuş melodiya” filmi maraqlı kadrlarla başlayır. Çökməkdə olan imperiyanın baş təbliğat idarələrinin birində iclas gedir. Əhalinin ucuz qiymətə satilan, marksizm-leninizm ideyalarını təbliğ edən siyasi ədəbiyyatı maklatura kimi təhvil verib, əvəzində Düma və digər Qərb yazıçılarının əsərlərini oxumalarının qarşısını necə almağın yolları aranır. Təklif olunur ki, xüsusi direktiv hazırlansın və orada dəqiq göstərilsin – əhali boş vaxtlarında nəyi oxumalı, eyni zamanda, nələri oxumamalıdır. Qərar yekdilliklə qəbul olunur. Lakin direktiv həyata keçmir, çünki rejim sürətlə dağılmağa başlayır…

***

Bir telekanalda sosial şəbəkələrə həsr olunmuş verilişi bir növ həmin filmin davamı hesab etmək olar. Fərq yalnız oxşar direktivin qəbul olunmaması idi. Çox güman ki, bu, ictimaiyyətin nəbzini yoxlamaq idi. Verilişdə iştirak edən Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri şəbəkələrdə gənclərin milli hisslərinin oyandığını söylədi. Bunun nəyi pisdir ki?..
Aydındır ki, şəbəkədəki fəallığına görə həbs edilən gənc cəbhəçi Cabbar Savalanlı nəzərdə tutulur. Sosial şəbəkədə fərqli düşündüyünə, fəallığına görə şərlənərək həbs edilən Cabbarı bütün dünya müdafiə edir və onun dərhal azadlığa buraxılmasını gözləyir. Yüz minlərlə sosial şəbəkə istifadəçisi Cabbarın müdafiəsinə qalxıb, çünki onlar da bir gün bu aqibətlə üzləşə bilərlər. Həmin verilişdə bir deputat elektron informasiya vasitələrinə senzura tətbiq edilməsinin vacibliyindən danışdı. Adam deputat olana qədər demokrat sayılırdı, amma… Deputat olana qədər o da cəmiyyətdəki ədalətsizliklərə qarşı mübarizə apardığını deyirdi və sosial şəbəkələrdə, elektron KIV-lərdə mütəmadi çıxışlar edirdi. Amma adamın cibinə qoyulan bir mandat ölkəni düzəltdi və sosial şəbəkələrdə olanlar da dərhal “xəstə təfəkkürlü” insanlara çevrildilər. Sonra da həmin deputat öz çıxışının şərhi üzərində senzura qoydu: “Ortaya qoyduğum mövqeyə kimsə şərh verməsin”. Yəni verilən şərhlər incələnməli və “könlümü oxşamalıdır”. Qəddafisayağı bir düşüncə…
Verilişdə iştirak edən sabiq bir deputat isə fərqli düşüncəyə malik olduğu üçün (?!) şəbəkələrdə qınanılmasına üsyan etdi. Yəni hamı məni qəbul etməlidir, çünki mən iqtidarı müdafiə edirəm və müxalifəti qınayıram!.. Qəribə məntiqdir, deyilmi? Əgər sən bir neçə il öncə başqa əqidənin sahibi idinsə, haqlı olaraq sənə irad tuta bilərlər. Bir də, axı kim sizə şəbəkələşməyi qadağan edir ki? Şəbəkələrin narazı istifadəçiləri arasında nə işiniz var? Bütün telekanallar, iqtidar mətbuatı qapıları üzünüzə taybatay açıb, gedin nə qədər istəyirsiniz danışın. Verilişdə səslənən “yumşaq” ittihamlar ondan xəbər verir ki, sosial şəbəkələrdə narazı insanların təşkilatlanmasını rejim sakitcə seyr etmək istəmir və şəbəkə mənşəli gənclərin son həbsləri də bu fikri təsdiq edir. Hakimiyyət bu qəbildən olan şəbəkələri zərərsizləşdirməyin yollarını arayır və eyni zamanda gözəl anlayır ki, bu, çox təhlükəli bir addımdır. 300 mindən çox insanın qəzəbinə tuş gəlmək, onların dünyasına əl uzatmaq baha başa gələ bilər. Şəbəkələrin bağlanması yüz minlərlə narazı kütlənin ayağa qalxması ilə nəticələnə bilər. Devrilmiş Misir diktatoru H.Mübarəkin analoji addımının nəticələri göz qabağındadır. Kütləvi etirazlar başlayan kimi, şəbəkələr bağlandı və yüz minlərlə istifadəçi küçəyə axışaraq, rejimin devrilməsini sürətləndirdilər. Hazırda oxşar rejim də dilemma qarşısındadır. Hər iki halda dəyişikliklər qaçılmazdı.

Xaqani Əliyev