Otunbayeva ABŞ-da mükafat alıb

Qırğızıstan prezidenti Roza Otunbayeva Vaşinqtonda “Şücaətli qadın” beynəlxalq mükafatı ilə (İnternational Women of Courage Award) təltif olunub. Mükafatı Otunbayevaya Dövlət Departamentində dövlət katibi Hillari Klinton təqdim edib. Təqdimat mərasimində ABŞ-ın birinci xanımı Mişel Obama da iştirak edib.
Bundan əvvəl isə Qırğızastan prezidenti Ağ evdə amerikalı həmkarı Barak Obama ilə də görüşüb, Konqresdə aparıcı senatorlar – respublikaçı Con Makkeyn və demokrat Con Kerri ilə müzakirələr aparıb.
Otunbayeva həmçinin, Karnegi Mərkəzində politoloqlar, jurnalistlər və rəsmi şəxslərlə görüşüb. Buradakı çıxışında Qırğızıstan prezidenti ölkəsindəki vəziyyətlə bağlı nikbin olduğunu bildirib. “Müxtəliflik həmişə inkişafın mənbəyi olub və olacaq. Mən Qırğızıntadakı bugünkü durumla bağlı olduqca nikbinəm. Yaxın Şərq və Asiyada dəyişiklik arzusu, avrotirtar rejimlər və diktatorlar əleyhinə böyük  hərəkat var. Qırğızıstanda baş verən iki inqilab, etnik münaqişələr, millətçilik əhval-ruhiyyəsinin artması sovet dövründən sonrakı demokratik inkişafların manifestidir”, – deyə Otunbayeva qeyd edib.