«Diktator İlham Əliyevə xəbərdarlıq»

İstanbulda Əliyevlərə qarşı beynəlxalq konfrans keçirilib

«İnqilablar Mübarək və Bin Əli rejimlərinin sonunu gətirdi, Azərbaycan xalqı da oxşar hərəkatla qiyama qalxacaq gücdədir»

Azərbaycanda hicab problemi, Islam Partiyası fəallarının həbsi Istanbulda keçirilən beynəlxalq konfransda geniş müzakirəyə çıxarılıb. Islami Insan Haqları Komitəsinin (baş ofisi Londonda yerləşir) təşkil etdiyi tədbirdə Azərbaycan hakimiyyətinin, həmçinin prezident Ilham Əliyevin bu yöndəki siyasətinə etirazlar və kəskin tənqidlər səsləndirilib. 
Tədbirə qatılan yerli və beynəlxalq jurnalistlər, ziyalılar, dünyanın ən müxtəlif ölkələrində faəliyyət göstərən Islam təşkilatları təmsilçiləri Azərbaycandakı hicab dirənişi, həmçinin həbs edilən Islam Partiyası sədri Möhsün Səmədov və partiyanın həbsdə olan digər fəalları ilə həmrəy olduqlarını bəyan ediblər.
Tədbirdə qəbul edilən bəyannamədə saxlanılan islamçıların dərhal azad edilməsi və hicab qadağasının aradan qaldırılması tələb olunur. Həmçinin bildirilir ki, sözügedən şəxslər azad olunmayana qədər beynəlxalq müstəvidə daha kəskin və daha geniş tədbirlər təşkil olunacaq.
Islami Insan Haqları Komitəsinin başqanı Məsud Şəcərə bildirib ki, tədbiri Azərbaycandakı haqsızlıqlara və hicab yasağına qarşı ortaq mövqe sərgiləmək üçün təşkil ediblər: “Islama qarşı hücuma keçiblər. Çünkü hegemonluqlarına qarşı dura bilən sadəcə Islamdır. Hicab bunun sadəcə görünən tərəfidir. Zülmə uğrayan insanların tək gücü zehinləridir. Bizim də zehnimiz Islamdır. Zülmə uğrayanların birinci vəzifəsi bu zülmü bəyan etməkdir. Bu vəzifənizi reallaşdırın. Allah haqqın yanındadır. Hər zaman haqqı üstün tutar. Siz də hər zaman bunun fərqində olun”.
Azərbaycanda hicaba və həbs olunan islamçılara dəstək Komitəsinin rəhbəri Faiq Vəlizadə baş örtüyü yasağının arxasında sionist və imperialistlərin hazırladığı planların olduğunu deyib: “Bu planın başında məscidlərin qapadılması durur. Azanı susdurmaq istədilər. Lakin xalq qəhrəmanlıq edib məscidlərinə və azanına sahib çıxdı. Amma indi də hicab yasağı başladıldı”.
Malayziya Insan Haqları Dərnəyinin başqanı Muhiddin Abdulqədir isə baş örtüyü mübarizəsi üçün beynəlxalq ictimai rəy formalaşdırmağın zəruriliyini, bunun üçün də hər cür  dəstəyi verməyə hazır olduğunu bildirib. 
Fələstin və Azərbaycandakı zülmlərin kökünün eyni olduğunu bildirən Kiyev Islam Mədəniyyəti Mərkəzinin başqanı Elçin Ələkbərov isə müsəlmanları ortaq mücadiləyə, birliyə çağırıb.
Mənəvi Milli Dəyərlər Ictimai Birliyinin rəhbəri Abgül Süleymanov isə ərəb ölkələrində başlayan inqilabların Azərbaycanda da ola biləcəyini deyib: “Inqilablar Hüsnü Mübarək və Bin Əli rejimlərinin sonunu gətirdi. Azərbaycan xalqı da oxşar bir hərəkatla qiyama qalxa biləcək gücdədir”.
Qeyd edək ki, Türkiyə mediası bu beynəlxalq tədbirlə bağlı xəbəri “Diktator Ilham Əliyevə beynəlxalq xəbərdarlıq” başlığı ilə yayıb.