Şevardnadzemi, Mübarəkmi,.. Qəddafimi?

Azərbaycanda nə baş verir və ya nələr baş verə bilər?

Bütün qəbildən olan radikal addımlar siyasi hakimiyyətin əsas hədəfini-mövqelərini əldə saxlamaq niyyətini heç zaman doğrultmayıb. Əgər cəmiyyətdə azadlıq istəkləri güclüdürsə, bu istək tələb şəklində bütün sosial təbəqələrin davranışlarında müşahidə olunursa, onun qarşısını almaq mümkün deyil. Azərbaycanın keçdiyi yaxın tarixdə bu cür isterik siyasi davranış bir dəfə baş verib. 1991-ci ilin avqust ayında SSRI rəhbərliyinə daxil olan bir qrup adam, hətta saray çevrilişi etmək hesabına sovet avtoritarizmini xilas etmək istəmişdilər. Bu ifrat isterika çox az – yalnız 4 gün yaşaya bildi və xalqların azadlıq istəyi zəruri siyasi tələb olaraq qələbə çaldı.

Məktəb uşaqları da görüş yeri müəyyən edə bilməzlər!

Bugünlərdə analoji siyasi isterika nümayiş etdirilir. Bakıda və ölkənin bir çox bölgələrində faktiki olaraq, fövqəladə vəziyyət rejimi tətbiq edilir. Adamların, hətta heç bir siyasi niyyəti olmayan kiçik qrupların şəhərdə bir yerdə toplanması qadağan edilir. Belə xırda qruplar dərhal polisin nəzarəti altına götürülür, polis nəfərləri bu qruplara yaxınlaşıb təcili olaraq dağılışmağı tələb edirlər.
Bugünlərdə Bakı məktəblərindən birinin 10-cu sinif uşaqları sinif yoldaşlarının ad gününə getmək üçün metronun “Nizami” stansiyasının qarşısına yığışıblar. 7-8 məktəblinin bir yerdə toplaşdığını görən polis qrupu (!) uşaqlara yaxınlaşaraq təcili “ərazi”ni tərk etməyi tələb edib.
Bakıda indi hər bir nöqtə “ərazi”dir. Şahmat qaydası üzrə bütün bu “ərazilər” fövqəladə vəziyyət rejiminin tələblərinə uyğun olaraq polis nəzarəti altındadır.

Yeni sel gəlir

Əslində, bu qədər gərgin hazırlıq tədbirlərini qeyri-rəsmi aparmaqdansa, min cür bəhanə uydurub fövqəladə vəziyyəti rəsmən elan da etmək olardı. Yaz gəlir, dağlarda qar əriməyə başlayacaq, ölkəni sel-su basacaq…bu, fövqəladə vəziyyət deyilmi? Deməli, bunu rəsmiləşdirmək lazımdır. Sel dalğası isə hökmən olacaq. Ağlınız başqa, məcazi mənalara getməsin. Mən gerçək seli nəzərdə tuturam. Bütün qış boyu Mingəçevir su anbarında suyu normadan artıq saxlayıblar ki, ilanbalığı tutanlar gətirib haqlarını verməsələr açmayacağıq. (Kürdə suyun səviyyəsi aşağı olanda ilanbalığı tutmaq olmur).

İlanbalıq ovu… adam oğurluğu

Amma bu ilanbalığı-filan da cəhənnəm olsun. Indi yəqin hamı deyər ki, keçi can hayındadır, qəssab piy axtarır. Yəni, heç, balıq ovunun yeridirmi? Bakıda adam ovuna çıxıblar. Günün-günorta çağı cavan uşaqları internet-klubdan, şadlıq evindən oğurlayıb “polisə müqavimət” adı ilə Binəqədi təcridxanasına doldururlar. Bu inzibati terror siyasi hakimiyyətin ipini möhkəmləndirmək üçün atılırsa, çox səfeh profilaktikadır. Nə qədər adamı oğurlamaq olar? Azərbaycan həbsxanalarında üst-üstə 25-26 min nəfərlik yer var. Buraya irili-xırdalı istintaq təcridxanaları da daxildir. Bu qədər adamı tutub içəri atmaq üçün gərək həbsxanaların qanuni sakinlərinin hamısını oralaradan “deportasiya” edəsən. Bu da növbəti bir narazılıq dalğası. Bakı, zatən qanunsuz deportasiyalardan əziyyət çəkən bir şəhərdir. Qış bulvarı, yay evləri, payız köşkləri kimi avara layihələrə görə əhalini qanuni evlərindən süpürüb atırlar. Indi də həbsxanaların sosial simasını dəyişmək üçün yeni bir layihəmi başlayacaq? Azərbaycanda həbsxanaları siyasiləşdirmək üçün oraya nə qədər siyasi dustaq yerləşdirmək lazım gələcək? Uzun işdir.

Kim korrupsiya ilə və kim rüşvətxorluqla məşğuldur?

“Antikorrupsiya” tədbirləri siyasi hakimiyyətin simasını nə qədər dəyişirsə, bu adam oğurluğu layihələri də cəmiyyətin sosial rəngini o qədər dəyişə bilər. “Antikorrupsiya” işləmir. Ona görə ki, bu proqramın da adı yalandan qoyulub. Əslində, bəlkə də, “antirüşvət” olmalı idi. Xırda və iri dövlət məmurlarının vətəndaşlardan rüşvət alması korrupsiya deyil axı. Korrupsiya dövlət məmurlarının dövlət xəzinəsini və dövlətin imkanlarını talaması deməkdir. Ensiklopediyaların hamısında da təqribən bu cür yazılır: “Korrupsiya ÿ- dövlətin hər hansı qurumunda çalışan adamların ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən, bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları nəzərə almadan bu və ya başqa məsələni hansısa bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir”.
Əgər müəllim tələbədən, həkim xəstədən,.. pul alırsa, bu, korrupsiya deyil, rüşvətdir. Aşağı məmur rütbəsinin və sosial xidmət sahələrində işləyənlərin vətəndaşlardan qanunsuz maddi tələblərini yığışdırmaq cəhdləri korrupsiya ilə mübarizə adlana bilməz. Korrupsiya orada, çox yuxarılardadır. Korrupsiya dövlət sifarişli iqtisadi layihələrdədir, idxal-ixrac əməliyyatlarındadır. Müstəsna qaydada oliqarxlardan ibarət olan dövlət məmurlarının şəxsi bizneslərindədir. Korrupsiya Korrupsiyaya qarşı Mübarizə Komitəsinin (ya Komissiyasının, mən bu adı hər zaman qarışdırıram) bətnindədir…
Küçələrdən cavan, yeniyetmə uşaqları polisin (hərçənd, onların mülki geyimli polismi və ya hansısa başqa bir cinayətkar dəstəmi olduqları bəlli deyil) əli ilə oğurlatdırmaqla korrupsiyanın qarşısını almaq və sosial etirazları önləmək mümkün deyil. Azərbaycan hakimiyyəti bircə gün belə, korrupsiyasız yaşaya bilməz. Həmin gün siyasi idarəetmə məhvərindən oynayar, nəhəng maliyyə əməliyyatlarının üzərində qurulan proteksionist korrupsiya layihələri çökər və bu, dövlət və hakimiyyət başçılarının mahiyyətini sökər.

Əksinqilabın resursları

Adam oğurluğu sosial fırtınanın, narazılıq selinin qarşısını ala bilməz. Bu hakimiyyət selin qarşısını almaq üçün özünün bütün fövqəladə imkanlarını işə salıb bir qazma gəmisini Şəmkirdən Neftçalaya 1 il yarıma gətirib çıxarmışdı. Bu gəmi işə düşənə qədər ikinci sel başlamışdı. Bu gəmi işə düşəndən sonra növbəti sel bu il başlayacaq və onun gətirdiyi sosial fəlakətlərin qarşısını almaq heç mümkün olmayacaq.
Adicə texniki qurğularla rəftar etməyi bacarmayan bir idarəetmədən bu boyda nəhəng insan selinin, ictimai narazılıq dalğasının qarşısını almaq kimi mürəkkəb əməliyyatı necə gözləmək olar? Gəncədən üzübəri Daxili Qoşunları səfərbər etməkləmi? Bakını hərbiləşdirilmiş zona elan etməkləmi? Azərbaycanın bütün ordusunu, hətta döyüş bölgələrindəki təmas xəttindən belə çıxarıb buraya yığmaqlamı? Bu da bir variantdır və çox böyük xərc tələb edən əməliyyatdır. Bu qədər bahalı proyektə xərc tökməyə dəyərmi? Bu xərcləri kim çəkəcək? Adətən, Azərbaycandakı sosial layihələri – parkları, “Heydər Əliyev Mərkəzləri”ni, idman komplekslərini, abadlaşdırma əməliyyatlarını oliqarxların, orta məmur korpusunun və ya çox şişmiş biznesmenlərin hesabına həll edirlər (Bu da ötəri bir qeyddir).

Azərbaycan variantı nə olan şeydir?

Inqilabi yeniliklər bütün dünyanı bürüyüb. Bu yenilikləri bütün dünya xalqları yerləşdikləri nöqtələrdən qəbul edir və irəliyə gedirlər. Dünya çox şəffaflaşır. Bu şəffaflıq insanların və millətlərin həyatının asanlaşdırılmasını tələb edir. Azərbaycanda isə dövlət hakimiyyətini təmsil edən bir qrup yalnız öz həyatını asanlaşdırmaqda və bütün millətin həyatını cəhənnəmə çevirməkdə israrlıdır. Bu, sadəcə, azərbaycanlıların demokratiya tələbinə deyil, bütün dünyanın dəyişiklik məntiqinə qarşıdır. O qazma gəmisini daha qısa vaxtda, yarım ilə də Şəmkirdən Neftçalaya gətirmək olar, ilanbalığı tutanların başını buraxmaq olar, Bakını polis və ordu hissələri ilə doldurmaq olar, Azərbaycanın bütün nöqtələrində inzibati terroru həyat normasına çevirmək olar. Amma nə vaxta qədər?! Dünya daha sürətlə dəyişir və Azərbaycandakı azadlıq istəkləri daha intensiv şəkildə artır.
Indi Azərbaycan əhalisi hansısa variantları müzakirə edir. Müzakirə variantları isə çoxdur. Tunis, Misir, Liviya, bundan daha öncəki Qırğızıstan, Gürcüstan variantları var. Bu variantların hər birini birləşdirən ortaq məqamlar var: ümummilli etiraz bu həlledici məqamlardan biridir. Bu variantlardan hər birini fərqləndirən ayrıca məqamlar da var: Ben Əlinin, Hüsnü Mübarəkin, Şevardnadzenin, Əsgər Akayevin, Bakiyevin, nəhayət, bizim günlərdə qan saçmaqda davam edən Qəddafinin variantları…
Azərbaycanda hansı variantlar mümkündür?