sulheddin

Sülhəddin Əkbər ATV-ni ittiham etdi

«Mən müsahibəmdə Müsavat partiyasındakı demokratizmi nümunə göstərmişəm»

 

Azad Azərbaycan Televiziyasında (ATV) Bazar günü yayımlanan proqramların birində ərəb ölkələrində hadisələr barədə sujet təqdim olunub. Sujet hazırlanarkən ərəb ölkələrindəki inqilablar barədə  ekspert Sülhəddin Əkbərdən də münasibət öyrənilib. Sujet efirə veriləndən sonra Sülhəddin Əkbərin çıxışı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Lakin bəlli olub ki, sujet efirə gedərkən onun çıxışı təhriflərə məruz qalıb. Bu barədə S.Əkbərin özü  “Azadlıq” qəzetinə məlumat verib.
O deyib ki, indiyə kimi televiziyalardan ona bir ekspert kimi müraciət olunmurdu. ATV-dən müraciət olunanda isə S.Əkbər düşünüb ki, bu kanal dünyada gedən proseslərdən dərs çıxarıb və alternativ fikrə yer vermək üçün Azərbaycan müxalifəti ilə təmas qurmaq istəyib: “Mənə müraciət edən ATV-nin əməkdaşı bir neçə sual ünvanlayıb. Bunlar ərəb dünyasındakı üsyanlar, onların ümumi cəhətləri, yayılma ehtimalı, o cümlədən Azərbaycanda demokratiya, avtoritarizm məsələləri barədə suallar olub.  Sonuncu sual isə Azərbaycandakı siyasi partiyalardakı vəziyyət, demokratiya və avtoritarizm məsələlərinə olan münasibət haqda olub. Bu konteksdə suallara ümumi nəzəri cavablar vermişəm. Muxbir sual verərkən nə Müsavat Partiyasının nə də AXCP-nin adını çəkib. Mən Müsavat partiyasından demokratizm nümunələri göstərmişəm ki, başqanın 2 dəfədən artıq seçilməsinə məhdudiyyət qoyulub. Sujet efirə verilərkən mənim əvvəlki suallara cavablarım verilmədi. Sonuncu suala cavabım isə tamamilə fərqli konteksdə təqdim olundu. Təbii ki, buna etiraz olaraq mən ATV-yə bir daha açıqlama verməyəcəyimi bəyan edirəm”.
Məsələyə qarşı tərəfdən münasibət öyrənmək isə mümkün olmadı.

 

Elmin