Elmar Məmmədyarov: «Azərbaycan və Iran dost olaraq qalacaq»
“Azərbaycan və Iran xalqları din, dil və mədəniyyət cəhətindən müştərək tarixə malikdir”. “Mehr” agentliyinin məlumatına görə, bu sözləri Iranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Iranda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səkkizinci iclasında iştirak edən nazir iclasda çıxışından əvvəl Iranın xarici işlər naziri Əli Əkbər Salehini bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib(APA).
O bildirib ki, iclasda 2 ölkə arasında mədəni, iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlıq müzakirə ediləcək: “Son illər enerji və qaz sahəsində yeni sənədlər imzalanıb. Azərbaycan və Iran arasında olan sərhəd keçid məntəqələrinin sayını artırmaq lazımdır və bu məntəqələr gündə 24 saat fəaliyyət göstərməlidir”. XIN başçısı bildirib ki, Rəşt-Astara dəmir yol xəttinin çəkilişi 2 ölkənin ticarət dövriyyəsinin artmasına güclü təkan verəcək: “Ölkə rəhbərlərimizin səyi nəticəsində dost olaraq qalacağıq. Ölkələrimiz arasında əlaqələr gündən günə inkişaf edəcək”.
Qeyd edək ki, bir neçə gün əvvələdək Azərbaycanın rəsmi şəxsləri və hakim partiyanın nümayəndələri Iranın ünvanına sərt tənqidlər, hətta təhqirlər səsləndirirdilər.