Dövlət qəzetləri təşviş içində

İnqilabi dəyişikliklərdən qorxan hakimiyyət müxalifətə qarşı kampaniyaya start verib

 

 

Hakimiyyət bir müddət müxalifətə qarşı dayandırdığı böhtan kampaniyasına yenidən start verib. Əvvəlkitək hakimiyyətyönlü qəzetlərdə müxalifətin ünvanına sərt ittihamlar səslənir və demokratik qüvvələr 1992-ci il AXC-Müsavat hakimiyyəti ilə müqayisə olunurlar. Maraqlıdır ki, Yaxın Şərqdə baş verən hadisələrin fonunda ictimaiyyətdə qıcıq yaradan bu mövzular bir müddət mətbuat səhifələrindən yığışdırılmışdı.

 

«İndiki hakimiyyət, başda Ilham Əliyev olmaqla, xalqın cibinə girir»

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, indiki rejimin 92-ci ildəki hakimiyyətdən danışmağa mənəvi haqqı yoxdur. Indiki hakimiyyətdən fərqli olaraq o zamankı iqtidarın ölkəni rüşvət və korrupsiya bataqlığına qərq etmədiyini deyən H.Kərimov bildirdi ki, bu üzdən hər hansı müqayisə aparmaq absurddur: “O vaxtkı hakimiyyət xalq hakimiyyəti olub və sırf xalqın gücünə arxalanıb. O zamankı hakimiyyət millət qarşısındakı şərəfli borcunu yerinə yetirirdi. Biz o dövrlə fəxr edirik. Indiki hakimiyyət isə nazirlər və başda Ilham Əliyev olmaqla xalqın cibinə girir. Bu isə yolverilməzdir. Bütün dünya Azərbaycan hakimiyyətinin və Ilham Əliyevin hansı əməllərə sahib olduğunu gözəl bilir. Eyni zamanda bütün dünya Əbülfəz Elçibəyin necə saf insan olduğunu yaxşı xatırlayır”.

«Hakimiyyət anlayır ki, xalq yenə Xalq hərəkatından çıxan, 92-ci ildə hakimiyyətdə olan qüvvələrə etimad göstərir»

Müsavat İcra Aparatının rəhbəri Arif Hacılının isə fikrincə, hakimiyyət cəmiyyətdəki siyasi aktivlikdən narahat olduğundan bu cür addımlar atır. A.Hacılının sözlərinə görə, hazırkı hakimiyyət anlayır ki, xalq yenə Xalq hərəkatından çıxan, 92-ci ildə hakimiyyətdə olan qüvvələrə etimad göstərir: “Ümumiyyətlə, Azərbaycan 87-ci ildən 93-cü ilə qədər Əliyevlərin hakimiyyətdə olmadığı müddətdə çox şeyə nail olub. Bu sırada Azərbaycanın müstəqillik qazanmasını, siyasi qüvvələrin formalaşmasını, demokratik institutların yaranmasını göstərmək olar. Məhz bu dönəmdə Azərbaycanda orta təbəqə formalaşmağa, insanlar özlərinə əmlak almağa başladılar. Normal seçki keçirilməsi də məhz 1992-ci ilə təsadüf edir”.

Xəyal