Bəxtiyar Hacıyev aclığı müvəqqəti dayandırıb

“Hər halda apellyasiya məhkəməsinin qərarını gözləməyi məsləhət bildik”

Martın 4-də Nizami (Gəncə) Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilən gənc fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
Bəxtiyar Hacıyev martın 6-da müddətsiz aclıq aksiyası elan edərək tutulmasına, həmçinin zorakılığa məruz qalmasına etirazını bildirirdi.
Martın 7-də Gəncədəki 2 saylı təcridxanada Bəxtiyar Hacıyevlə görüşən vəkil Elçin Namazov onun apellyasiya məhkəməsinin qərarını gözlədiyini deyib: “Ümid etmirik ki, apellyasiya məhkəməsi fərqli qərar çıxarsın, amma hər halda qərarı gözləməyi məsləhət bildik”.

Elçin Namazovun “Media forum” saytına bildirdiyinə görə, Bəxtiyar Hacıyevin zorakılıqla bağlı şikayətindən sonra təcridxananın tibb şöbəsi rəisinin iştirakı ilə bir qrup ekspert ona baxış keçirib: “Akt tərtib ediblər, sənədi gözümüzlə görməsək də, bizə verilən məlumata görə, sənəddə xəsarətlərin olduğu qeyd edilib. Martın 6-da Ombudsman Aparatının regional şöbəsinin rəhbəri və baş məsləhətçisi təcridxanada Bəxtiyar Hacıyevlə görüşüblər və ona göstərilən zorakılığı araşdırıblar. Hazırda Bəxtiyar Hacıyevin hüquqlarının pozulması ilə bağlı sənədlər hazırlanır, aktı da sənədlərə əlavə edib Gəncə Apellyasiya Məhkəməsinə və şəhər prokurorluğuna təqdim edəcəyik. İşgəncə faktının olması cinayət məsuliyyəti yaradır və istintaqı prokurorluq aparmalıdır”.
Bəxtiyar Hacıyevin digər vəkili Əlayif Həsənov “Media forum”a açıqlamasında artıq istintaqın yekunlaşdığını bildirib: “Görünür, prokurorluq müəyyən detalların açılmaması üçün tələsik istintaqı yekunlaşdırmaq qərarına gəlib. Mən Bəxtiyarın döyülməsi ilə əlaqədar iki dəfə Gəncə prokuroru Adil Vəliyevə müraciət etmişəm. Martın 5-də Bəxtiyar Hacıyevin öz ərizəsi ilə Adil Vəliyevə müraciət etmişdim. Həmin ərizədə ona zor tətbiq edən polis əkdaşlarının, prokurorluq işçilərinin adları var idi. Ərizənin üzərinə müraciət məktubu əlavə edərək Adil Vəliyevə göndərdim. Reaksiya verilmədi. Martın 7-də növbəti müraciətimiz oldu. Hər halda Bəxtiyar Hacıyevin üzündə, gözünün altında zorakılıq əlamətləri görünəndir və bununla bağlı ayrıca istintaq işi açılmalıdır”.

***

AXCP Bəxtiyar Hacıyevə azadlıq tələb edir

***

“Ölüm aclığına başlamışam”

Bəxtiyar Hacıyev “çölə” məktub yolladı: “Məsuliyyəti şəxsən İlham Əliyev daşıyır”

Martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilən gənc fəal Bəxtiyar Hacıyev həbsxanada müddətsiz açlığa başlayıb. O tək yeməkdən deyil sudan da imtina edib.

Bu barədə yoldaşlari vasitəsilə yaydığı məktubda B.Hacıyev qeyd edir ki, saxlandığı andan hüquqları pozulur, dəfələrlə döyülüb təhqir edilib.

«Mən dünəndən ölüm aclığına başlamışam, yeməkdən və sudan imtina etmişəm. Əsəblərim gərgindir və hər an provakasiyalara radikal cavablar verib kiminləsə əlbəyaxa ola bilərəm, ya da intihar edə bilərəm».
Məktubda qeyd edilir ki,  Kəpəz RPŞ-inin təcridxanda onu zorlamaqla hədələyiblər: «Hüquqlarımın pozulduğu, vətəndaş kimi döyüldüyüm, təhqir edildiyim bütün otaqlarda Heydər və İlham Əliyevlərin portretləri asılmışdı. Mənim adımdan Azərbaycan gənclərinə bu mesajı çatdırmağı xahiş edirəm. Həbsdə baş verəcək bütün hadisələrə görə şəxsən İlham Əliyev və Ramiz Mehdiyev məsuliyyət daşıyır».

B. Hacıyevin yazdığına görə Gəncənin Nizami rayon polis şöbəsində polkovnik leytenant  rütbəli bir şəxs də onu təhqirlə təhdid edib. Məhkəmədə isə hakim onun vəsatətlərini dinləmədən, polislərin şər, yalan ifadələri əsasında sifarişli qərar verib.
Bəxtiyar Hacıyev  polis şöbəsində dəfələrlə huşunu itirdiyini, gicgahlarında və ürəyində kəskin ağrılar hiss etiyini, bununla belə ona tibbi yardım göstərilmədiyini,  mülki geyimli bir polisin çənəsini sıxdığını qeyd edir: «Orada  vəziyyətim pisləşdi, həkim gəlib bədənimdə göy olub-olmamasına baxıb dərhal getdi».

Məktubda Bəxtiyar Haciyevi dostlarına bir sıra tapşırıqları və Azərbaycan gənclərinə müraciəti də öz əksini tapıb.  Müraciətdə deyilir:

«40 İL QUL KİMİ YAŞAMAQDANSA 1 GÜN ŞƏRƏFLİ YAŞAMAQ YAXŞIDIR»

O eyni zamanda gənclərə Gürcüstan prezidenti M.Saakaşviliyə ünvanlanan məktub kampaniyasına başlamağı, demokratik ölkədə yaşamaq istədiklərini  yazmağı tövsiyyə edir.

Məktubda həmçinin Bəxtiyar Hacıyev İşgəncələr Əlehinə Komutənin rəhbəri Elçin Behbudov və ABŞ-ın Azərbaycandakı səfiri Mattew Brayza ilş görüşmək istədiyini bildirib.

Bəxtiyar Hacıyev hazırda 2 saylı təcridxanada saxlanır.

«TƏCRİDXANADA HEÇ KİMƏ İŞGƏNCƏ VERİLMİR»

Gəncə Şəhər 2 saylı təcridxanının rəisi Zahid  Hüseynov isə “Azadlıq” radiosuna Bəxtiyar Hacıyevin aclıq aksiyası keçirmədiyini bildirib.

«Təcridxanada heç kimə işgəncə verilmir. Bunu yoxlamaq üçün işgəncələr əleyhinə komitə var. Vəkilinin hər dəqiqə içəri keçib onu yoxlamaq hüququ var. Bəxtiyar Hacıyevi martın 5-də qəbu edib dinləmişik, 4 nəfərlik kamerada yerləşdirmişik. Hər cür şəriti də var. Heç bir aclıq aksiyasına da başlamayıb. Aclıq aksiyasına başlayan qanunla rəsmi qaydada təcridxana rəhbərinə mürciət edir. O, həkim nəzarətinə götürülür və aclığı davam etdirir. Mənə belə bir müraciət olmayıb».

İŞ GÜNÜ OLMADIĞINDAN…

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Bəxtiyar Hacıyevin məktubunda yazdıqlarına münasibət öyrənmək mümkün olmadı. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, iş günü olmadığından bu deyilənlərə heç bir münasibət bildirə bilməzlər. Yalnız bazat ertəsi araşdırmadan sonra suallarmıza cavab verə bilərlər.

«RƏİS AND İÇİR Kİ, BƏXTİYARA BİR ÇIRTMA DA VURULMAYIB»

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov “Azadlıq” radiosuna bildirib ki, Bəxtiyar Hacıyevlə bağlı deyilənləri aydınlaşdırmaq üçün Gəncə şəhər polis idarəsinin rəisi Rasim Musayevlə əlaqə saxlayıb.

«Bəxtiyar Hacıyev saxlanılan zaman mənə ATƏT-dən məlumat daxil olmuşdu. Dərhal Gəncə polis idarəsinin rəisi Rasim Musayevlə əlaqə saxlayıb polisin Bəxtiyar Hacıyevə qarşı qeyri insani rəftarı barədə deyilənlərin doğruluğunu soruşdum.  Rəis and içib dedi ki, Bəxtiyara burada bir çırtma da vurulmayıb. Gəlib özünüz də görə bilərsiniz. İndi Bəxtiyar vəziyyəti bir cür, qarşı tərəfsə başqa cür izah edir. Ona görə də şəxsən Bəxtiyarla görüşəndən sonra dəqiq bir şey demək olar».

Elçin Behbudov deyir ki, penitensiar sistemin əvvəlki rəhbərliyi tərəfindən onun istədiyi vaxt istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə baş çəkə bilməsinə məhduduyyət qoyulub. Həftənin birinci günü sistemin indiki rəhbərliyi ilə əlaqə saxlayıb tezliklə Bəxtiyar Hacıyevlə görüşmək üçün əlindən gələni edəcək.

***

Bəxtiyar Hacıyev istintaq zamanı döyülüb

Gənc fəalın istintaqında «Facebook» sualları

Keçmiş namizədin anası və bacısı işlədikləri məktəbə çağırıldı; görüşdə YAP-ın Gəncə təşkilatının rəhbəri də olub

Martın 4-də həbs olunan gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin vəkilləri Əlayif Həsənov və Elçin Namazov dünən altı saatlıq cəhddən sonra Gəncədəki istintaq təcridxanasında onunla görüşə biliblər. Bu barədə “Azadlıq”a Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən Intiqam Əliyev məlumat verib.
Hüquqşünas bildirib ki, əvvəlcə istintaq təcridxanasının rəhbərliyi istirahət günü olduğunu əsas gətirərək vəkilləri görüşə buraxmaqdan imtina edib. Lakin müdafiə hüququnun pozuntusuyla əlaqədar səs-küy yaranmasından narahat olaraq, görüşə icazə veriblər.

Görüş zamanı vəkillər Bəxtiyar Hacıyevin üzərində xəsarət izləri aşkarlayıblar. Əlayif Həsənovun sözlərinə görə, Bəxtiyar Hacıyevin üzündə, gözünün altında zorakılıq əlaməti var idi. Gənc fəal vəkillərinə iki nəfərin ona zor tətbiq etdiyini deyib. Bu səbəbdən də vəkillər istintaq qarşısında Bəxtiyar Hacıyevin tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldıracaqlar. Müdafiəçilər həmçinin həbs-qətimkan tədbirilə bağlı məhkəmə qərarından da apellyasiya şikayəti verəcək. Bundan başqa, Bəxtiyar Hacıyevə qarşı fiziki təzyiqlər və pis rəftarla bağlı məhkəmədə ayrıca iş də qaldırılacaq.

Bəxtiyar vəkillərinə onu da bildirib ki, həbs olunarkən ona “Facebook”dakı fəaliyyətilə bağlı suallar veriblər.
Qeyd edək ki, Bəxtiyar Hacıyev “Facebook”da 11 mart – Böyük Xalq Günü!” aksiyasını dəstəklədiyini bəyan edib. O, mətbuata açıqlamasına bildirmişdi ki, bu qrupun təşkilatçısı deyil. Sadəcə, texniki işlərini yerinə yetirir. Bəxtiyar həmçinin martın 4-də “Facebook” statusunda Azərbaycan polisinə müraciət yerləşdirmiş, onları lazım anda düzgün seçim etməyə çağırmışdı.
Bəxtiyar Hacıyevin anası da oğlunun həbsinin siyasi sifarişli olduğunu düşünür. Solidə Mövlayeva “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Bəxtiyar sənədsiz-sübutsuz heç bir iş görmürdü: “Ancaq prokurorluq, polisə gedirdi. Evdən kənara çıxmayıb, heç bacısıgilə də getməyib”.
Onun sözlərinə görə, Bəxtiyarın 2-4 mart tarixlərdə Gəncədən kənara çıxmadığına həmin günlərdə onlara Mingəçevir və Ismayıllıdan gələn qonaqlar da şahidlik edə bilər.
Qeyd edək ki, Respublika Prokurorluğunun yaydığı məlumatda Bəxtiyarın martın 2-4-də Gəncəni tərk etdiyi, bu səbəbdən də onun barəsindəki polis nəzarətinə vermə qətimkan tədbirinin həbslə əvəzləndiyi bildirilir.

Yeri gəlmişkən, dünən axşam saatlarında Bəxtiyar Hacıyevin anası və bacısı işlədikləri 14 saylı məktəbə çağırılıb. Məlumata görə, həmin vaxt məktəbdə direktorla yanaşı, YAP-ın Gəncə təşkilatının sədri də iştirak edib. Lakin görüşün hansı zərurətdən yarandığı və orada nələrin müzakirə olunduğu barədə heç bir informasiya əldə edə bilmədik. Odur ki, məsələyə növbəti sayımızda aydınlıq gətirməyə çalışacağıq.

Aytən

***

Bəxtiyar Hacıyevin həbsinə rəsmi izahat verildi

Prokurorluq onu fərarilikdə ittiham etdi

05.03.2011

«Bəxtiyar Hacıyev hərbi xidmətdən boyun qaçırdığına görə yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də isə onun barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib».

Bunu «Trend»ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

«Bəxtiyar Hacıyevə izah edilib ki, müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməz. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib. Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 – 4 mart 2011-ci il tarixlərdə cədvələ imza etdikdən sonra Gəncə şəhərini tərk edib. Polis əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək atası İlyas Hacıyevə oğlunun Nizami rayon Polis Şöbəsinə gəlməli olmasını bildiriblər. Bu barədə müvafiq sənədləşmə aparılıb, lakin Bəxtiyar Hacıyev polis şöbəsinə gəlməyib», – deyə Sultanov bildirib.

BƏXTİYAR HACIYEVİN HARADA SAXLANDIĞI MƏLUM DEYİL

B. Hacıyevin qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna bildirib ki, səhər saatlarından Gəncə şəhər Prokurorluğu onları bir neçə təcridxanaya göndərsə də, heç birində B. Hacıyev olmayıb:

«Bir balaca şəhərin içində iki obyektin arasında üç dəfə, dörd dəfə gedib-gəlmişik, heç bir nəticə yoxdur. Sadəcə, bizi yayındırmağa çalışırlar, vəkilləri də həmçinin. Görüşməyə imkan yaratmaq istəmirlər. Təqribən yarım saatdır Gəncə şəhər Prokurorluğunun müstəntiqi bizimlə oyun oynayır. Bizə dedilər ki, Kəpəz rayon Polis Şöbəsinin yanında təcridxana var, orada saxlanılır. Səhər kiçik əşyalarının bir hissəsini ordan vermişdilər. Sonradan orada olmadığını dedilər, 2 saylı istintaq təcridxanasına yönəltdilər. Müstəntiqin özü də dedi ki, bizim özümüz də ora gedirik. İndi nə müstəntiq var, nə vəkil».

B. Hacıyevin vəkili Əlayif Həsənov ehtimal edir ki, «müdafiə etdiyi şəxsə fiziki təzyiqlər göstəriblər, bunu gizlətmək istəyirlər».

BƏXTİYAR HACIYEVIN VƏKİLLƏRİ PROKUROR VƏ MÜSTƏNTİQLƏ GÖRÜŞÜBLƏR

Martın 5-də Bəxtiyar Hacıyevin vəkilləri Gəncə şəhər prokuroru Adil Vəliyev və işi aparan müstəntiqlə görüşüblər. Görüşdə vəkillərə bildirilib ki, B. Hacıyev barədə həbs qətimkan tədbiri onun martın 4-də icazəsiz olaraq Gəncə şəhərini tərk etməsi ilə bağlı olub.

Vəkilləri Elçin Namazov və Əlayif Həsənov isə deyir ki, B. Hacıyev hər gün saat 10-da polisə gedərək şəhərdə olması barədə imza atıb.

Prokurorluqdan isə bildirirlər ki, o, hər gün imza atandan sonra şəhəri tərk edib.

Vəkillər martın 4-də Nizami rayon Məhkəməsinin çıxardığı qərarı alandan sonra
Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanan B. Hacıyevlə görüşə cəhd edəcəklər.

BƏXTİYAR HACIYEV DÖYÜLDÜYÜNÜ DEYİR

Martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin vəkili Səadət Seyidli məlumat verib.

Vəkil deyir ki, B. Hacıyev məhkəmə zalında ona özünün işgəncəyə məruz qaldığını bildirib.

Bəxtiyar Hacıyev 2 saylı istintaq təcridxanasına aparılıb.

Bəxtiyar Hacıyev martın 4-də iki dəfə polis idarəsinə çağırılıb. Bunu sonuncu dəfə onunla görüşən gənc fəal Günel Yusifli deyir.

«YARIM SAATA QAYITMASAM, BİLİN Kİ, POLİS TƏRƏFİNDƏN SAXLANMIŞAM»

«Bu gün saat 4-ə işləmiş, bəlkə də 4-ün yarısı olardı, Bəxtiyar mənə zəng etdi və onu yenidən polis şöbəsinə çağırdıqlarını bildirdi. O, dedi ki, əgər yarım saatdan sonra gəlməsəm bilin ki, mən polis tərəfindən saxlanmışam. Bəxtiyar sonuncu dəfə Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə getdiyini mənə bildirdi. Biz Bəxtiyarla bağlı heç bir məlumat ala bilmirik».

Bəxtiyarın qardaşı Vüqar Hacıyev də deyir ki, dörd saatdan çox Bəxtiyar barədə Gəncə Şəhər Polis İdarəsinə və Prokurorluğuna müraciət etsələr də, heç bir məlumat əldə edə bilməyiblər.

Vüqar Hacıyev: »Özlərini elə göstərdilər ki, guya onların da məlumatı yoxdur. Hətta saat 17.30-da Bəxtiyarı izləyən iki polis evimizə gələrək onun harda olduğunu soruşdular».

POLİS İNKAR EDİR

Gəncə Şəhər Nizami Rayon Polis şöbəsinin rəisi Ağahüseyn Hüseynov deyir ki, Bəxtiyar Hacıyev adlı şəxs polis tərəfindən saxlanılmayıb.

«Qardaşı çox şey deyə bilər, o bu gün polisə çağırılmayıb».

Təxminən üç saata yaxın Bəxtiyar Hacıyevlə bağlı rəsmi münasibət almaq mümkün olmadı. Saat 19.30-da Gəncədəki hüquqşünaslardan biri Zabil Quliyev Bəxtiyar Hacıyevin ona zəng etdiyini deyir.

«O mənə vəkilinin telefonu ilə zəng vurmuşdu. Polis idarəsində döyüldüyünü və işgəncələrə məruz qaldığını bildirirdi» – deyə Z.Quliyev bilrirdi.

MƏHKƏMƏ VƏKİLDƏN İMTİNA EDƏN B.HACIYEVİN TƏLƏBİNİ QƏBUL ETMİR

Yalnız Zabil Quliyev vasitəsilə Bəxtiyar Hacıyevin vəkili ilə əlaqə saxlaya bildik. Bundan sonra vəkili Səadət Seyidlidən Gəncə Şəhər Nizami Rayon məhkəməsində Bəxtiyar Hacıyev barəsində bir aylıq həbs-qəti imkan tədbiri seçildiyi məlum olub.

«Məni Nizami Rayon Məhəməsinə çağırdılar. Bəxtiyar Hacıyev Gəncə Nizami Rayon Polis şöbəsinin əməkdaşları tərəfiindən artıq məhkəməyə gətirdilər. Bəxtiyar Hacıyev inadla mənim vəkilliyimdən imtina etdiyini bildirirdi. Lakin onun bu tələbi qəbul olunmadı».

HƏBSİN SƏBƏBİ «FACEBOOK»?

Gənc fəalın ailə üzvləri onun haqqında həbs-qəti imkan tədbirinin seçilməsi haqqında qərarı bizdən öyrəndilər. Onun qardaşı isə bu hadisələr baş verənə kimi polis idarəsində Bəxtiyar Hacıyevin harada olduğunu öyrənməyə çalışırdı.

Bəxtiyar Hacıyevin yanvarda hərbi xidmətdən yayınma ittihamıyla saxlanmışdı. Onun dilindən iltizam alınaraq Gəncədən çıxmamaq tapşırılmışdı.

Bəxtiyar Hacıyev həmçinin «Facebook»da 11 mart – Böyük Xalq günü aksiyasının dəstəklədiyini bildirib. O mətbuata açıqlamasına bildirmişdir ki, bu qrupun təşkilatçısı deyil. Sadəcə texniki işlərini yerinə yetirir. O, martın 4-də «Facebook» statusunda Azərbaycan polisinə müraciət yerləşdirib.

Onları lazım anda düzgün seçim etməyə çağırıb.

Bəxtiyar Hacıyev ötən parlament seçkilərində namizədliyini vermişdi.

***

«Onun həbsi «Facebook»dakı fəaliyyəti və hökumət əleyhinə fikirlərilə bağlıdır»

Dünən Gəncə şəhər Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilib. Bu barədə “Azadlıq” radiosuna vəkil Səadət Seyidli məlumat verib. Vəkilin sözlərinə görə, B.Hacıyev məhkəmə zalında ona özünün döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib.

Məhkəmədən sonra Bəxtiyar Hacıyev Gəncədəki 2 saylı istintaq təcridxanasına aparılıb. Bəxtiyar Hacıyevin sonuncu dəfə görüşdüyü gənclərdən Günel Yusifli bildirib ki, dünən səhər saatlarında Bəxtiyar Gəncə şəhər Nizami Rayon Polis Şöbəsində olub. Orada ona “Facebook”da paylaşdığı fikirlərlə bağlı suallar veriblər.
Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev isə bildirib ki, dünən saat 17.00 radələrində Bəxtiyarı izləyən iki nəfər polis əməkdaşı onların evinə gəlib: “Öz işçilərindən iki nəfəri göndərirlər ki, guya, bunların xəbəri yoxdur. Bəxtiyar polis nəzarətində olduğunu görə, onlar gəliblər yoxlamağa görsünlər ki, evdədir, yoxsa yox”.
Vüqar Hacıyev deyir ki, o, polisə müraciət edərək, qardaşının polis şöbəsinə gətirilməsinin səbəblərilə maraqlanıb. Ancaqÿona heç bir informasiya verilməyib.

Bəxtiyar Hacıyevin yanvarda hərbi xidmətdən yayınma ittihamıyla saxlanmışdı. Onun dilindən iltizam alınaraq, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
Bəxtiyar Hacıyevin hüquqlarını Rəşid Hacılı, Əsabəli Mustafayev Intiqam Əliyev, Ənnağı Hacıyev, Ələsgər Məmmədli və Hafiz Həsənovdan ibarət hüquqşünaslar qrupu müdafiə edirdi. Qrupun rəhbəri Intiqam Əliyev “Azadlıq”a açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsilə bağlı bir neçə istiqamətdə məhkəmələrdə iş qaldırılıb. Bura Bəxtiyarın barəsində polis nəzarətinə vermə ilə bağlı məhkəmə qərarından tutmuş, ona qarşı pis rəftara qədər müxtəlif məsələlər daxildir.

İntiqam Əliyev deyir ki, bir neçə gün əvvəl Bəxtiyar onunla əlaqə saxlayaraq, prokurorluqda dindirmə zamanı Səadət Seyidli adlı xanımın ona dövlət hesabına vəkil təyin edilməsi təklifi olduğunu bildirib. Eyni zamanda əlavə edib ki, dövlət hesabına vəkildən imtina etmək istəyir: “Belə bir hüququnun olub-olmadığını soruşdu. Izah etdik ki, ona qarşı irəli sürülmüş ittihamın maddəsi vəkilin iştirakı olmadan da dindirmə aparılmasına imkan verir. Görünür, onun imtinasına baxmayaraq, dünən həbs zamanı elə həmin vəkili ona təyin ediblər”.
Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etmək üçün vəkillər Əlayif Həsənov və Elçin Namazov dünən axşam saatlarında Gəncəyə yola düşüb.
İntiqam Əliyev Bəxtiyar Hacıyevə münasibətdə baş verənləri son zamanlar ölkədə hakimiyyətin apardığı gəncləri qorxutma kampaniyasının tərkib hissəsi hesab edir: “Bəxtiyar Hacıyevin həbsi birmənalı şəkildə onun ”Facebook” sosial şəbəkəsindəki aktiv fəaliyyəti, həmçinin keçmiş prezidentliyə namizəd kimi hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərilə bağlıdır. Adnan Hacızadə, Emin Milli, Cabbar Savalanlı və indi də Bəxtiyar Hacıyevin həbsi göstərdi ki, hakimiyyət gəncləri qorxutmaq yolunu seçib”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev “Facebook”da 11 mart “Böyük Xalq günü aksiyasının dəstəklədiyini bəyan etmişdi. O mətbuata açıqlamasına bildirmişdi ki, bu qrupun təşkilatçısı deyil. Sadəcə, texniki işlərini yerinə yetirir. O, martın 4-də “Facebook” statusunda Azərbaycan polisinə müraciət yerləşdirib. Onları lazım anda düzgün seçim etməyə çağırıb.
Informasiya şöbəsi