beyler-ramiz

Mehdiyev-Əyyubov qarşıdurmasını kim udacaq?

Mahal İsmayıloğlu: «Belə məsələlərdə üstünlük həmişə ailəyə yaxın adamın tərəfində olur»

 

Prezident Administrasiya-sının (PA) rəhbəri Ramiz Mehdiyevlə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında ziddiyyətlərin gərginləşdiyi barədə məlumat vermişdik.
Bildirmişdik ki, “antikorrupsiya şousu” başlayandan Bəylər Əyyubov bir neçə yaxın adamını yüksək posta təyin etdirə bilib. Bu sırada “Azərsu”nun yeni prezidenti Qorxmaz Hüseynovun, Daşkəsənin icra başçısı Əhəd Abıyevin, Tərtərin icra başçısı Ceyhun Cəfərovun adlarını çəkmək olar. Həmçinin Elmar Vəliyevin Yevlaxdan Gəncə kimi iri şəhərin rəhbərliyinə gətirilməsi də Bəylər Əyyubovun iradəsi ilə baş verib. Nəzərə alsaq ki, Tərtərdən Bərdəyə göndərilən Vidadi Isayev də generalın qruplaşmasına daxildir, bu halda Bəylər Əyyubovun Gəncəbasar zonasını tam nəzarətə götürdüyünü söyləmək olar. Ilham Əliyevin son təyinatlarda mühüm rol oynaması isə hakimiyyətin siyasi xəttini yönətən Ramiz Mehdiyevi qane etmədiyindən PA rəhbəri adekvat tədbirlər görməyə başlayıb. Şamaxının bələdiyyə sədri Mürvət Zeynalovun həbsi buna misal ola bilər. M.Zeynalov Sumqayıtın icra başçısı Akif Zeynalovun qardaşıdır. Akif Zeynalov isə Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Zakir Fərəcovun Bəylər Əyyubova yaxın şəxs olması sirr deyil. Deməli, Mürvət Zeynalovun həbsində bu amilin mühüm rol oynadığı şübhə doğurmamalıdır.
Bəs, Ramiz Mehdiyevlə Bəylər Əyyubov arasındakı qarşıdurma kimin üstünlüyü ilə nəticələnə bilər? Bu suala aydınlıq gətirmək üçün “Xalq qəzeti”nin keçmiş baş redaktoru, hakimiyyətdaxili münasibətləri kifayət qədər dərindən bilən Mahal Ismayıloğlu ilə söhbətləşdik.
M.Ismayıloğlu əvvəlcə onu bildirdi ki, adıçəkilən iki güclü fiqur arasında yaşanan ziddiyyət hazırkı hakimiyyət üçün çox sərfəlidir: “Totalitar rejimlərdə həmişə bu xətt yürüdülür. Belə hakimiyyətlər üçün iki güclü şəxsin dost olması təhlükəli, bir-birinə qarşı ziddiyyətli olması isə xeyirdir. Bu, Heydər Əliyevin dövründə də belə idi, indi də belədir.
Hakimiyyət bu adamlar arasında gedən mübarizədən hər zaman yararlanır”.
Ramiz Mehdiyevlə Bəylər Əyyubovun qarşıdurmasının kimin üstünlüyü ilə nəticələnəcəyinə gəlincə, M.Ismayıloğlu hesab edir ki, belə məsələlərdə üstünlük həmişə ailəyə yaxın adamın tərəfində olur: “Bəylər Əyyubov ailəyə yaxın adamdır. Heydər Əliyevin vaxtında da, indi də ailənin sözü daha keçərli olub”.

 

Gültəkin