Gənclər repressiyaya qarşı ayağa qalxdı

“Bu repressiyalara görə, şəxsən İlham Əliyev məsuliyyət daşıyır”

Azərbaycan gəncliyi repressiyalardan qorxmadığını bəyan etdi

Narkotiklə şərlənərək həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsi ötən gün 300-ə yaxın gənc fəalın iştirakıyla forum keçirib. Tədbirlə bağlı xəbər əvvəlcə “Azərbaycan gəncliyinin Cabbar Savalanlı Forumu” adıyla elan edilsə də, martın 4-də gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin həbs olunması, AXCP Gənclər Komitəsinin daha bir üzvü Dəyanət Babayevin oğurlanması forumun mövzusunun ümumi gəncliyin probleminə çevrilməsinə səbəb oldu.

Hamı potensial Cabbardır!

Forum ADP-nin qərargahında keçirildi. Tədbir keçirilən salonun divarları “Cabbar Savalanlıya azadlıq!”, “Azadlıq – bu nəşəni bir ömür boyu dadmağa hazırıq!”, “Tunisli bir gənc – bizim üçün o, Cabbardır!”, “Gələcəyimizi düşünək!” kimi şüarlar, həmçinin Cabbarın, Bəxtiyarın və Dəyanətin fotoları asılmışdı. Zalda üzərində “Növbədə mənəm…” şüarı yazılan xüsusi geyimli gənclər də vardı.
Foruma AXCP, Müsavat, ADIP, VHP kimi siyasi partiyaların gənclərilə yanaşı, partiya mənsubiyyəti olmayan, “Dalğa”, “Azad gənclik”, “10 dekabr”, “Bütöv Azərbaycan” kimi gənclər təşkilatlarının fəalları, yazarlar, hüquq müdafiəçiləri də qatılmışdı.

“Biz yox, İlham Əliyev qorxu içindədir”

Dövlət himninin səslənməsi ilə başlanan forumda Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsi və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ilk çıxışçı oldu. O bildirdi ki, forumun məqsədi Azərbaycan hakimiyyətinin yürütdüyü repressiya siyasətinə və həbslərə nəzər yetirmək, həmçinin gəncliyin qiymətini verməkdir.
Cabbarın, Bəxtiyarın və onlardan əvvəl digər gənc fəalların həbs olunmasını Əbülfəz Qurbanlı Əliyevçi rejimin məqsədyönlü siyasətinin nəticəsi kimi qiymətləndirdi: “Bu həbslər gənclərin güclənməsilə birbaşa bağlıdır. Ilham Əliyev bu həbslərlə gənclərdə qorxu yaratmaq istəyir. Lakin unudur ki, bu həbslər onun gənclik qarşısında nə qədər qorxaq və təlaşlı olması haqda fikirləri gücləndirir”.
Azərbaycanda dəyişiklik istəyən demokratik ruhlu gəncliyin potensialından danışan komitə sədri sivil dünyaya səslənərək, diktator Ben Əliyə, Hüsnü Mübarəkə bəslənən münasibətin Azərbaycan hakimiyyətinə də tətbiq edilməsinin vacibliyini vurğuladı.
O, həmçinin qeyd etdi ki, ölkədə köklü dəyişikliklərin baş verməsi, eləcə də yeni həbslərin qarşısının alınması üçün gənclərin birinci işi təşkilatlanmadır. Əbülfəz Qurbanlı gəncliyi internetdən də səmərəli istifadəyə səslədi.

“Qurtuluşu gənclik edəcək”

“Bu gün Azərbaycandakı qaranlığa işıq saçan sizin gözlərinizdir. Azərbaycanı xilas edəcək adamlar sizlərsiniz” deyərək zaldan bol alqışlar alan publisist Şahvələd Çobanoğlu çıxışında həbs olunanların tək buraxılmamasının vacibliyindən danışdı: “Azadlıq uğrunda mübarizə aparan bircə nəfər belə tək buraxılmamalıdır. Belə insanların mütəşəkkil müdafiə olunması haqda mesajlar, vaxtaşırı cəmiyyətə də ötürülməlidir, müxalifətə də”.
Ş.Çobanoğlu bildirdi ki, panikaya qapılmadan mübarizə ovqatını, təşkilatlanmanı gücləndirmək lazımdır.

Bəxtiyar Hacıyevə SMS-lə dəstək

Bəxtiyar Hacıyevin nümayəndəsi Rail Abbasov forumdakılara onun həbs prosesi, saxlanılarkən məruz qaldığı təzyiq və zorakılıq barədə məlumat verdi. Həmçinin bildirdi ki, B.Hacıyev həbs olunsa da, onun telefonu açıq formada polisdə saxlanılır. Məqsəd də Bəxtiyarın çevrəsini müəyyən edib onlara təzyiq göstərməkdir. Forumda Bəxtiyarın telefon nömrəsi (050ÿ644 11 31) elan edildi və dərhal qərara alındı ki, hər kəs həmin nömrəyə SMS göndərərək, Bəxtiyarla həmrəyliyini nümayiş etdirsin, bununla da repressiyaların əhəmiyyətsizliyi hakimiyyətə çatdırılsın.

Aksiyaların zamanı yetişib

Müsavat partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı da həbslərin gənclikdə heç bir qorxu yarada bilməyəcəyini vurğuladı. O dedi ki, bloqçular Adnan Hacızadə və Emin Milli həbs olunanda eyni zalda keçirilən tədbirə qatılanlar bu gün də buradadır. Hələ üstəlik, yeni qoşulanlar da var: “Bu onu göstərir ki, həbslər heç bir səmərə verməyəcək. Biz tezliklə daha geniş tərkibdə toplaşıb Prezident Administrasiyası qarşısında gəncliyin aksiyasını keçirməliyik. Bizə nə edəcəklər? Güllələsələr belə, hamımıza güllələri çatmaz”.
ADP Gənclər Təşkilatın rəhbəri Cəmil Hacıyev çıxışında Azərbaycanda əvvəlki illərdən fərqli olaraq müti gəncliyin olmadığını vurğuladı. Bildirdi ki, bugünkü gənclik ölkədə dəyişiklik etmək gücündədir, hakimiyyətin istefasına da onlar nail olacaqlar.

“Günahkar İlham Əliyevdir!”

ADIP Gənclər Departamentinin rəhbəri Ramin Hacılı isə forumdakılara təklif etdi ki, dəyişiklik üçün əsas ideya kimi sevgi seçilsin. Onun fikrincə, radikal və nifrətdən qaynaqlanan şüarlarla mübarizə səmərə verməyəcək.
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi də gəncliyə qarşı repressiyalara görə dövlət başçısı Ilham Əliyevi günahlandıraraq, faktiki oğurlanan Dəyanət Babayevin başına gətirilənlərə görə də məhz onun məsuliyyət daşıdığını vurğuladı. S.Həzi avtoritarizmlə mübarizədə nifrətin də özünəməxsus yer tutduğunu qeyd edərək, Ramin Hacılının təklifilə razılaşmadı: “Biz xalqımızı talayan, istismar edən, işgəncə verənləri necə sevə bilərik? Bizi bu halda insanlarımız necə başa düşər?”

Cabbar Savalanlının anasından siyasi məhbuslara dəstək

Daha sonra VHP-dən Emil Bağırov, “Dalğa”dan Orxan Nəbiyev, Azər Aydın, “Bütöv Azərbaycan”dan Ruslan Izzətli, “Azad Gənclik”dən Ülvi Həsənli, “10 dekabr”dan Nahid Ismayılov, “Müsavat”dan Əhəd Məmmədli gənclərə qarşı yönələn zorakı siyasəti tənqid edən çıxışlar etdilər. Çıxışlarda birgə fəaliyyət üçün istiqamətlər göstərildi.
Forumda satirik şair Mirzə Sakit də çıxış etdi. O, gəncləri mübarizəyə səsləyərək, diktatura əleyhinə yazdığı şeiri oxudu.
Tədbirdə son çıxışçı isə Cabbar Savalanlının anası Təravət xanım oldu: “Nahaqdan həbs edilən gənclərin hamısı mənim balamdır, onları sona qədər müdafiə edin, mən də sonadək sizinləyəm”.
Sonda repressiyalar əleyhinə forumun ümumi bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycan hakimiyyətindən tələb olunur ki, hüquq və azadlıqlara hörmət olunsun, repressiyalar dayandırılsın, Ruslan Bəşirli, Eynulla Fətullayev, Cabbar Savalanlı və Bəxtiyar Hacıyev azadlığa buraxılsın.

Natiq