Respublika etika şurası…

Tayfa TV-lərdən hansı birisə muştuluq verəndə ki, www.etika.az portalı açılıb və bu portalda məmurlarımızın etik davranış qaydaları öz əksini tapacaq, etiraf edim ki, təəccübləndim.

Təəccübləndim ona görə yox ki, məmurlar üçün əxlaq kodeksi də mövcud imiş. Təəccübləndim ona görə ki, qan dövranı rüşvət vasitəsi ilə tənzimlənən rüşvətxor məmuru davranış kodeksi vasitəsi ilə tərbiyələndirməyi düşünənlər yenə də millətlə məzələnirlər.
Anlamırlar ki, etik davranış qaydalarına riayət etməsi üçün öncə məmurun gözütoxluğu gərəkdir.
Gözütox olmanın da yeganə şərti dövlətin rəva bildiyi maaşın ehtiyaclarını ödəmək iqtidarında olmasıdır.
Azərbaycanda prezidentdən, nazirlərdən və bir neçə görəv sahibindən savayı heç bir məmur aldığı maaşla adam kimi dolana bilmir.
Bunu sübut etməyə ehtiyac yoxdur.

Kimdən dolanışığının necəliyini soruşursan, gözləri yaşarır.
Maaşı minimum ehtiyaclarını ödəməyən məmurun boğazına qurğuşun əridib töksən belə fürsət tapıb rüşvət alacaq.
Necə ki, qanında gəzəyənlik geni gəzdirən qadın min nəzarət olsa da, yol tapıb azarını mütləq öldürür.
Kəsəsi, məmurun normal maaşı olmasa, etika-filan vecinə olmayacaq, bildiyini edəcək.
Yadınızda olar, Nazim Nağıyev – Səbail rayonunun əski polis şefini nəzərdə tuturam. Adam hər səhər iş başlayanda əməkdaşlarına Azərbaycanın himnini oxutdururdu.
Himni oxumaqla işə başlayan əməkdaşlar sonra düşürdülər ticarət obyektlərinin canına, başlayırdılar dilənməyə.
Müxalifətin aksiyalarında isə o polislər Azərbaycan bayrağını təpikləri altına salırdılar. Çünki oxunan o himnin polis üçün 5 qəpiklik mahiyyəti yox idi.
Uzatmayaq, o fikirdəyəm ki, bugünkü Azərbaycan məmuru etik davranışa yiyələnə bilməz. Illah ki, o məmur oturduğu kreslonu rüşvətlə alır.
Necə ola bilər, siz deyin, külli miqdarda rüşvət verib vəzifəyə keçən məmurun quru maaşa dolanması və bu durumda etik davranış qaydalarına riayət etməsi mümkündür?
Rejimin icad etdiyi yeni portal guya ki, məmurların vətəndaşlarla mədəni rəftarına rəvac verəcək.
Ay etdi ha.

Iş orasındadır ki, özləri də yaxşı bilirlər ki, bizim məmurları tərbiyələndirmək, başqa sözlə, Azərbaycanda rüşvətin kökünü kəsmək çox müşkül bir işdir.
Buna baxmayaraq, ərəb ölkələrindəki təlatümlərdən sonra guya ki, islahatlara başlayıblar.
Bir vaxtlar beynəlxalq təşkilatların təzyiqindən sonra Ramiz Mehdiyevin sədrliyi altında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komssiyası yaratdılar, yəqin xəbəriniz var.
Bu komissiya yaranandan sonra dövlətdə korrupsiya daha da çiçəkləndi, iqtisadi ekspertlər belə deyir.
Indi də Respublika Etika Şurası yaradırlar.
Şuranın tərkibi hələ müəyyən edilməyib.
Bəlkə də prezidentin sərəncamı olacaq, bilmirəm.
Ancaq yaranacaq o şuranın tərkibində bəzi zatlarımızın adının olmasını çox istərdim.
Kimlərin?
Məsələn, etika təcəssümü sayılmağa layiq və çiçəyi burnunda olan icra başçısı Əhəd Abıyevin.
Yaxud, “burcutma” kim etikalı bir anlayışı ilk dəfə TV ekranından səsləndirən metro generalı Tağı Əhmədovun.
Ikisi icra hakimiyyətindən.
Parlamentdən Mübariz Qurbanlı, Siyavuş Novruzov, Zahid Oruc. Ictimaiyyətdən də Hafiz Hacıyev.
Bunların namizədliyini mən irəli sürdüm, sizlər, dəyərli oxucular, öz namizədlərinizi yaza bilərsiniz.
Gözün aydın, millət!
Rejim Etika Şurası yaradır.
Bir Şeyx Nəsrullah da tapıb onun sədrliyi altında “Ölüdiriltmə Komissiyası” yaratsaydılar, lap pərgar olardı bu millətin işi.
Bəlkə də yaratdılar, bunlardan nə desən çıxar.