İlham Əliyevin etirafları

Ramiz Mehdiyev və Zakir Qaralovun «uğur»ları necə ifşa olunur?

 

İlham Əliyevin sərəncamları böyük məmurların kiçikləri əzməsinə meydan verdi. Milyardları qamarlayan nazirlər “korrupsiyaya qarşı mübarizə” adı altında “çax-çux” edən müfəttişləri qara halqalar içində televiziyalara çıxardılar. Bu “antikorrupsiya mübarizəsində” diqqəti çəkən başqa məqam isə hakimiyyətdaxili qruplaşmaların bir-birindən qisas almaq üçün çırmandıqlarıdır. Ilk fürsətdə əks qrupun sahəsinə və ya çevrəsinə yaxın olan adamları həbs etdirmək üçün əllərindn gələni edir və bir-birlərinə aman tanımırlar.
Ramiz Mehdiyev Bəylər Əyyubovun yeni vəzifələrə təyinatlarda üstün iradəyə sahib olmasını həzm edə bilmir və bu narazılıq korrupsiya ittihamı ilə həbslər zamanı diqqəti daha çox çəkir. Əlbəttə, hazırkı siyasi sistemdə çox cüzi istisnalarla, bütün məmurları, hakim siyasi elitanı korrupsiyada ittiham etmək və həbsə atmaq üçün kifayət qədər əsaslar var. Amma bizim vurğulamaq istədiyimiz ilk mesaj budur ki, baş verənlər kəskin hakimiyyətdaxili qarşıdurmadır.
Beləliklə, Ilham Əliyevin gördüyü əsas iş odur ki, o, növbəti addımı ilə məmur-oliqarxların arasında ciddi qarşıdurma yaratdı. Başlıca məsələ budur ki, bütün bu antikorrupsiya şousu həm də o deməkdir ki, rəsmi starta qədər ölkədə korrupsiyaya qarşı heç bir mübarizə olmayıb. Bu an isə göz önünə Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya gəlir.

 

Korrupsiya yaddaşından…

Azərbaycanda başlamış bu şounun köklü islahatı imitasiya edə bilməməsinin də çox ciddi əsasları var. Hətta kollektiv imitasiya üçün də mərkəzləşdirilmiş siyasi iradə olmalıdır. Bu bir daha göstərir ki, Ilham Əiyev korrupsiya sisteminə nəzarəti itirdiyi üçün indi korrupsiyaya qarşı mübarizədə də ən yaxşı halda, formal səlahiyyətli, faktiki qrup rəhbəri kimi görünür. Bu mənada Ramiz Mehdiyev də uzun illərdir ictimai rəyi formal manipulyasiya etmək üçün yaradılmış, hətta korrupsiyadan şikayət edənlərin ərizələri vasitəsilə siyahılaşdırılması məqsədilə formalaşdırılan bir quruma rəhbərlik edib. Ilham Əliyev bir sərəncamla açıq-aşkar şəkildə göstərdi ki, Ramiz Mehdiyev ya ölkənin talanmasına başçılıq edib, ya da bu talançılığa göz yumub. Bu tam rəsmi nəticədir.
Dövlətin bütün məmur təbəqəsindən rüşvət ittihamı ilə insanların həbs edilməsi, amma bu sahələr üzrə rəislərin öz işlərinə davam etmələri bu oyunun müvəqqəti olduğunu təsdiqləyir. Eyni zamanda, bizə düşünməyə əsas verir ki, növbəti mərhələdə bu hakimiyyətin davam etməsi mümkün olsa, daha böyük dalğa korrupsiyanın planlaşdırılması üçün hazırlıq gedir.
Ilham Əliyevin Ramiz Mehdiyev barədə ölçü götürməməsi də başqa bir məntiqsizlikdir. Bu günə qədər ölkədə korrupsiya olubsa, o zaman bu cinayətlərə qarşı mübarizə aparmaq üçün büdcədən külli miqdarda vəsaitlər alan bu komissiyanın rəhbəri niyə məsuliyyətə cəlb olunmur? Və yaxud Respublika Prokurorluğunun nəzdində korrupsiya ilə mübarizə təyinatlı idarənin fəaliyyəti araşdırılacaqmı? Necə olur ki, Ilham Əliyevin bir sərəncamından sonra bütün ölkə rüşvət “çax-çux”u edənlərlə dolur? Aydın məsələdir ki, bütün bu teatrallıq öz bəhrəsini verəcək. Amma əks effektlə.

Itirilənlər necə hesablanacaq?

Mübarizənin başladığı vaxtdan bəri həyata keçirilən həbslər göstərdi ki, ölkədə ancaq xırda məmurlar rüşvətlə məşğuldur. Ilham Əliyevin aparatı belə rəy yaratmaq istəyir ki, rüşvətlə məşğul olan ya xalqdır, ya da xalqa yaxın olan xırda vəzifəlilər. Amma başqa bir maraqlı sual odur ki, bu “mübarizəyə” qədər alınmış rüşvətlər necə hesablanacaq? Telekanalların verdikləri materiallardan görünür ki, rüşvət məbləği 50 qəpikdən 20 manata qədərdir. Yəni bu qədər xırda pulu necə hesablayacaqlar? Yəqin ki, xeyli vaxt aparacaq. Bir sözlə, hələ bir-iki ay bu tamaşa davam edəcək. Amma ən başlıca məqam odur ki, bu əməliyyatlar böyük hakimiyyət daxilində vurhavurun yeni dalğasını yaratdı.

Seymur Həzi